Məhkəmə qərarları › İş №e-2(021)-1168/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1168/2024

27.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1168/2024 27.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi,Abbasova Afət Ağarza qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «ziyan» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh son iki il ərzində onun mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə maneçiliklər törətməsi nəticəsində əldən çıxmış fayda (zərər) 5400 manat, ödənilmiş 74 manat dövlət rüsumu, ümumilikdə 5474 manat pulun tutuluraq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair JN- 376A, KOD 61000078 saylı şəhadətnamə əsasında Bərdə rayonu, Mustafağalı kəndində yerləşən 0.50 ha həyətysanı torpaq sahəsi onun mülkiyyətindədir. Cavabdehin özbaşına hərəkətləri nəticəsində onun Konstitusiyasının 13-cü və 29-cu maddələri ilə təsbit olunan hüuquqları artıq iki ildir ki, pozulur. Belə ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsi ilə yanaşı yerləşir və torpaq sahəsinə gediş-gəliş yolunun 3 metr enində 267 metr uzunluğunda olan hissəsi cavabdeh tərəfindən özbaşınalıqla zəbt edilməsi nəticəsində, onun özünə məxsus torpaq sahəsindən sahiblik etmək, bəhər götürmək hüquqları pozulmuşdur. Cavabdehin özbaşınalıq hərəkətlərindən əvvəl ki dönəmlərdə ona məxsus 0.50 ha torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olurdu. Məhkəmənin diqqətinə çatdırır ki, qeyd olunan torpaq sahəsində buğda, yonca və tərəvəz məhsulları əkirdi. İl ərzində təsərrüfatından 2700-3000 min manat civarında gəlir əldə edirdi. Cavabdehin öxzbaşınalıq hərəkətləri nəticəsində onun iqtisadi fəaliyyətinə xeyli zərər dəymiş, hazırda da kənd təsərrüfatından məherum olmuşdur. Bildirmişdir ki, cavabdehin özbaşınalıq hərəkətləri nəticəsində 2021-ci ilin sonundan cari günədək onba orta bazar qiymətlərinə və fəaliyyəti ilə ələdar gəlirlər hesablamalarına əsasən 5400 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirdi. Belə ki o, yolu zəbt etmədiyini və ziyan vurmadığını bildirirək, buna görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-139/2024 saylı qətnaməsinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-376A, KOD 61000078 saylı şəhadətnamə əsasında İddiaçı və üçüncü şəxslər X3, X2 və X1 birgə mülkiyyətində olan Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən 0.50 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu açılsın, Cavabdeh həmin mübahisəli yolun tutulması qadağan edilsin. xx.xx.2024 tarixli ASAN ödəniş sistemi AsanPayın Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddianın qaldırılması üçün 74 manat məbləğində ödəniş etmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli vəsatətdən görünür ki, İddiaçı məhkəməyə vəsatət verərək, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə təsbit olunmuş əməlin araşdırılması məqsədi ilə xüsusi qərardad çıxararq, prokurora xəbər verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı «ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh son iki il ərzində onun mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə maneçiliklər törətməsi nəticəsində əldən çıxmış fayda (zərər) 5400 manat, ödənilmiş 74 manat dövlət rüsumu, ümumilikdə 5474 manat pulun tutuluraq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bundan başqa mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki, məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. İş materiallarından görünür ki, iddiaçı iddia tələbində cavabdehdən 5400 manat maddi ziyan ödənilməsini tələb etsə də həmin rəqəmi heç nə ilə əsaslandırmamış, yəni hansı təhlil nəticəsində həmin nəticəyə gəlindiyi və rəqəmin alındığı məhkəməyə bəlli olmur. Bundan başqa iddiaçı iddiasında torpağın zəbt edilməmişdən əvvəl orada kənd təsərrüfatı məhsulların istehsalı və emalı ilə məşğul olduğu, torpaq sahəsində buğda, yonca və tərəvəz məhsulları əkdiyini və il ərzində kənd təsərrüfatı fəaliyyətindən 2700-3000 manat civarında gəlir əldə etdiyini qeyd etsə də bu hallarla bağlı da məhkəməyə heç bir təsdiqedici sübut (şahid ifadəsi, ekspert və ya mütəxəssis rəyi, qiymətləndirmə rəyi və s.) təqdim etməmişdir. Belə olduğu təqdirdə məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı oğuna 5400 manat maddi ziyan vurması sübut olunmur. Ona görə də iddia tələbi təmin oluna bilməz. Məhkəmə qeyd edir ki, hazırkı iddianın təmin olunması sübutetmə yükü ilə əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia təmin edilmədiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 74 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri və MPM-nin 213, 214, 216-220, 227, 233.1-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 74 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar