Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1178/2023 24.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3220 manat sığorta ödənişinin məbləğinin və 52.6 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunamsını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 20 noyabr 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "QAZ 3110" minik markalı 02 BV- 931 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 20 mart 2022-ci il tarixdə Bərdə rayonu Soğanverdilər kəndində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 tərəfindən idarə olunan OPEL ASTRA markalı 02BS396 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Hadisə zamanı X7 xəsarət almışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh sürücülük hüququ olmamışdır. Zərərçəkənin avtomobilinin zədələnməsi və zərərçəkənin xəsarət alması ilə əlaqədar 3220 manat sığorta ödənişi verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdeh iddia ərizəsinin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə məlumatlandırılmışlar. Lakin Cavabdeh iddia tələbinə etirazının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, "xxxx" ASC ilə X6 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02BV931 dövlət qeydiyyat nişanlı QAZ3110 markalı avtomobili əmlaka vurulan zərərə görə 5000 AZN , sağlamlığa vurulan zərərə görə isə bir şəxs üçün 5000 AZN, bir hadisə üçün 50.000 AZN məbləğində sığorta müqaviləsi bağlanmışdır. Mülki işə əlavə edilmiş ƏN-Vİİİ №169034 nömrəli Etibarnamənin surətindən görünür ki, 2BV931 dövlət qeydiyyat nişanlı QAZ3110 markalı avtomobil sahibi X6 tərəfindən 24.02.222-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh Mikayəl oğluna etibar edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 aprel 2022-ci il tarixli 8/766 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən müəyyən edilir ki, "QAZ-3110" minik markalı 02 BV931 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrnin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Sürücü Cavabdeh "QAZ-3110" minik markalı avtomobili sürücülük vəsiqəsi olmadan və yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 1(021)130/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 1530 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ yəni, sürücülük vəsiqəsi olmadan idarə etdiyi "QAZ 3110" minik markalı 02 BV-931 dövlət qeydiyyat nişanlı avtomobillə Borsunlu-Tərtər-Hindarx yolunun Bərdə rayonu Soğanverdilər kəndi ərazisindən keçən 68-ci kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vuramamlı olduğu halda bunu etməyərək, yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə hərəkətdə olarkən idarə etməni düzgün aparmayaraq 1.1 bütöv ağ nişanlanma xəttini kəsərək əks hərəkət zolağına daxil olub avtomobilin qabaq sol hissəsi ilə Ağdam rayonu istiqamətində hərəkətdə olan sürücü X1 60 km/saat sürətlə idarə etdiyi "Opel Vectra" minik markalı 02 BS-396 dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə Ağdam rayon istiqamətində olan zolaqda ağ düz xətdən sağa doğru 1,15 metr məsafədə toqquşması, nəticədə "Opel Vectra" minik markalı avtomobildə olmuş sərnişin X2 açıq kəllə beyin travması, baş beyinin sol alın payının ağır dərəcəli əzilməsi, subaraxnoidal qanaxma, sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, sol almacıq, əng və burun sümüklərinin açıq qəlpəli sınıqları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmiş, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № PGU- 223029 nömrəli Sığorta Aktından görünür ki, xx.xx.2022-ci il tarixdə Bərdə rayon Soğanverdilər kəndində baş vermiş yol -nəqliyyat hadisəsi zamanı zərərçəkənlərə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən X3 ödənilən sığorta məbləği 1500 AZN təşkil etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2022-cii il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 1500 manat vəsait köçürülmüşdür. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Dəymiş zərərin hesablanmasına dair Aktdan görünür ki, OPEL ASTRA markalı 02BS396 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərər 1720 məbləğində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № PGU- 222079 nömrəli Sığorta Aktından görünür ki, xx.xx.2022-ci il tarixdə Bərdə rayon Soğanverdilər kəndində baş vermiş yol -nəqliyyat hadisəsi zamanı OPEL ASTRA markalı 02BS396 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən X8 ödənilən sığorta məbləği 1720 AZN təşkil etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2022-cii il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X4 1720 manat vəsait köçürülmüşdür. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 52.20 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, "xxxx" ASC-də 20 noyabr 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "QAZ 3110" minik markalı 02 BV-931 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 20 mart 2022-ci il tarixdə Bərdə rayonu Soğanverdilər kəndində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 tərəfindən idarə olunan OPEL ASTRA markalı 02BS396 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Hadisə zamanı X7 xəsarət almışdır. Bərdə Rayon Məhkəməsinin 1(021)130/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh qeyd olunan yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hadisə baş verərkən Cavabdeh sürücülük hüququ olmamışdır. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı 1720 manat məbləğində və zərərçəkənin xəsarət alması ilə əlaqədar 1500 manat sığorta ödənişi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci madəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6- cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən «icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəsini iddia tələbi üzrə tətbiq edərək hesab edir ki, iddiaçı zərərçəkənə dəymiş zərərin əvəzini ödədiyindən onun cavabdehlərdən tələb etmək hüququ yaranmışdır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı "xxxx" ASC öz üzərinə düşən öhdəliyi yerinə yetirdiyindən iddia təmin olunmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 52.60 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3220 (üç min iki yüz iyirmi) manat sığorta hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 52.60 (əlli iki manat altmış qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(021)-1178/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1178/2023
24.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver