Məhkəmə qərarları › İş №e-2(021)-1194/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1194/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1194/2025 30.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Cavabdeh iştirakları ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Unibank KB ASC-nin xeyrinə 6885.16 AZN əsas, 1092.66 AZN faiz, 41.57 AZN cərimə borcu olmaqla, cəmi 8019.39 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 100.66 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırılmışdır ki, Unibnank KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı Unibank KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2024-cü il tarixində illik 29% ödəmək şərtiylə 7000 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixində ərizə (aksept) imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə Unibank KB ASC-yə 6885.16 AZN əsas, 1092.66 AZN faiz, 41.57 AZN cərimə borcu olmaqla, cəmi 8019.39 AZN məbləğində borcu yaranmışdır. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə göndərərək iş üzrə baxış iclasını iştirakları olmadan keçirib qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, Unibank ASC-dən kredit götürmüşdür. Sonra səhətində problemlər yarandığından ödəyə bilməmişdir. Maddi imkanı yaxşı deyildir. Bu səbəbdən borc pul məbləğini ödəyə bilməmişdir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1980-ci il tarixdə Bərdə rayonu Türkmən kəndində anadan olmuşdur. Bərdə rayonu Türkmən kəndində yaşayır. xx.xx.2023-cü il tarixli Ərizə-anket və imza nümunəsi ərizəsindən görünür ki, borc alan Cavabdeh ərizəni imzalayaraq xx.xx.2021-ci il tarixli ümumi ofertası müqaviləsinin şərtləri ilə tanış olduğunu və şərtlərlə razılaşdığını təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, ona Unibank KB ASC ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli,466nkBRDb/23 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün onun Banka xx.xx.2024-cü il tarixinə 6385.16 AZN əsas, 597.82 AZN faiz,6.95 AZN cərimə olmaqla, cəmi 7489.93 AZN borc yarandığı bildirilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, Unibank KB ASC tərəfindən iddia ərizəsinin verilməsi üçün 100.26 AZN ödənilmişdir. İddiaçı tərəfindən cavadehə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyi bildirilərək bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsini yazılı şəkildə cavabdehə bildirmiş və bununla da müqavilə artıq bildirişdə qeyd olunan tarixdə ləğv olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, faiz və cərimə borclarının məbləği məhz həmin bildirişdə qeyd olunan məbləğlərə uyğun olaraq nəzərə alınmalıdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 6385.16 AZN əsas, 597.82 AZN faiz,6.95 AZN cərimə olmaqla, cəmi 7489.93 AZN "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. 745.5-ci maddəsinə əsasən kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Azərbaycan Respublikasının MM-nin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən ödənilmiş 94,89 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmaldır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 214, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 6385.16 AZN əsas, 597.82 AZN faiz, 6.95 AZN cərimə olmaqla, cəmi 7489.93 AZN pul və 94.89 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin.

3. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar