Məhkəmə qərarları › İş №e-2(021)-1321/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1321/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1321/2025 05.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Məhərrəmov Bayram Yusif оğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iclas katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" ASC məhkəməyə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 1631.40 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 36.72 manat dövlət rüsumu, ümumilikdə 1668.12 manat məbləğin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “Volkswagen Polo” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə MİC230067 saylı müqavilə ilə "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Daewoo BS090” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtobus Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Volkswagen Polo” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul olunmuş Qərarla “Daewoo BS090” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Polo” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə 5591.40 manat məbləğində maddi zərər dəymişdir. MİC230067 saylı sığorta şəhadətnaməsinə və AKS230249 saylı, xx.xx.2023-cü il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 5491.40 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 56-cı maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə üçüncü şəxslərin əmlakına dəyən zərərə görə ödəniş 5000 manata qədər ola bilər. Cavabdehin hadisə zamanı idarə etdiyi “Daewoo BS090” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. Buna görə sığorta ödənişi məbləğinin 3860 manatı "xxxx" ASC tərəfindən ödənmişdir. İddiaçı sığorta ödənişi məbləğinin qalan hissəsini, yəni 1631.40 manat məbləğini Cavabdeh tələb edir. Tərəflərin iştirakı və izahatları: Bərdə Rayon Məhkəməsinin qərardadı ilə iddiаçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" ASC-yə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 izahatında göstərmişdir ki, cavabdeh onun oğludur, iddia tələbini qəbul edir. Oğlu tələb olunan məbləğin ödənilməsi üçün sığorta şirkətinə getmiş, orada tələb olunan məbləğin tərəfindən hissəhissə ödənilməsi mümkün olduğunu bildirmişlər. Məhkəmədən borc məbləğinin hissə-hissə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş edir. İş materiallarına istinad: xx.xx.2023-cü il tarixli MlC230067 nömrəli Avtonəqliyyat vasitələrinin könüllü sığortası şəhadətnaməsindən görünür ki, “Volkswagen Polo” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər sığortalanmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, yol nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə saat 12:00-da baş vermiş, hadisənin növü toqquşma olub, təqsirli olan şəxs “Daewoo BS090” markalı ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh olmuşdur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2023-cü il tarixli 299000 nömrəli Arayışa 1 nömrəli əlaqə olan Yol-Nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumatdan görünür ki, baş vermiş hadisə nəticəsində X4 minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən İnzibani xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:00-da “DAEWOO BS090 Avtobus” markalı ** XJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2023-cü il tarixli TP ******* nömrəli Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Qərardan görünür ki, Cavabdeh 29 oktyabr 2023-cü il tarixdə saat 12:00da idarə etdiyi “DAEWOO BS090 Avtobus” markalı ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 manat məbləğində cərimə tətbiq edilməsi qərara alınmışdır. "xxxx" QSC tərəfindən tərtib edilmiş Qüsur aktlarından, AA23-009931 nömrəli İş kartından, xx.xx.2023-cü il tarixli EBDT seriyalı 977819 nömrəli Elektron Qaimədən, xx.xx.2023-cü il tarixli hesab-fakturadan görünür ki, “Volkswagen Polo” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobililin təmiri 5591.40 manat (4738.47 manat yekun məbləğ və 852.93 manat ƏDV) məbləğində qiymətləndirilmişdir. xx.xx.2023-cü il tarixli AKS230249 nömrəli Sığorta ödənişi aktından görünür ki, “Volkswagen Polo” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə 5591.40 manat zərər dəymiş, dəymiş zərərin 5491.40 manat hissəsi sığorta ödənişi olaraq "xxxx" ASC tərəfindən təmir müəssisəsi olan "xxxx" QSC-yə köçürülmüşdür. xx.xx.2023-cü il tarixli Ödəniş tapşırığından görünür ki, "xxxx"xxxx"xxxx" QSC-yə xx.xx.2023-cü il tarixli AKS230249 saylı akt təyinatı üzrə 4738.47 manat ödənilmişdir. xx.xx.2023-cü il tarixli Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “Azərbaycan Automobiles QSC-yə xx.xx.2023-cü il tarixli AKS230249 saylı akt, ƏDV ödənişi təyinatı üzrə 852.93 manat ödənilmişdir. “İcbari sığorta bürosu” elektron sistemində edilmiş “İcbari sığorta müqavilələrin mövcudluğunun yoxlanılması” sorğusundan görünür ki, “Daewoo BS090” markalı ** XJ *** qeydiyyat nömrəli nəqliyyat vasitəsi hadisənin baş verdiyi xx.xx.2023-cü il tarixdə saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmış olmuşdur. xx.xx.2024-cü il tarixli HD/SŞ-1498 nömrəli bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 1631.40 manat məbləğinin 10 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan (ödəniş qəbzin nömrəsi – **********) görünür ki, xx.xx.2025-ci il tarixdə "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 36.32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəyə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib müəyyən etmişdir ki, “Volkswagen Polo” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə MİC230067 saylı müqavilə ilə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdeh idarə etdiyi “DAEWOO BS090 Avtobus” markalı ** XJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Volkswagen Polo” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə ilə əlaqədar Cavabdeh barəsində inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmiş və cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hadisə nəticəsində “Volkswagen Polo” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər qiymətləndirilmiş və 5491.40 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən ödənilmişdir. İddia ərizəsinə əsasən, Cavabdeh idarə etdiyi “DAEWOO BS090 Avtobus” markalı ** XJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hadisə zamanı sığorta olunduğu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 3860 manat "xxxx" ASC-yə geri qaytarılmış, qalıq 1631.40 manat məbləği hazırkı iş üzrə iddiaçı "xxxx" ASC Cavabdeh tələb edir. Hadisə zamanı dəymiş ziyan cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyindən iddiaçı, cavabdehin sığorta olunduğu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən edilmiş ödənişdən sonra qalıq 1634.40 manat məbləği cavabdehdən geri tələb etməyə haqlıdır, yəni sığortaçının subroqasiya hüququ yaranmışdır. İddiaçı cavabdehə bildirişi göndərməklə pretenziya qaydalarına riayət etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 1631.40 manat Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 36.32 manat məbləğində dövlət rüsumunun və 0.4 manat xidmət haqqının əvəzi Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 1631.40 (min altı yüz otuz bir manat qırx qəpik) manat tutulаrаq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 36.32 (otuz altı manat otuz iki qəpik) manat dövlət rüsumunun və 0.4 (qırx qəpik) manat xidmət haqqının əvəzi Cavabdeh tutulаrаq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar