Məhkəmə qərarları › İş №e-2(021)-1569/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1569/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1569/2025 17.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi ilə, İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı MM QBKT Cavabdeh əsas borc üzrə 963 manat, faiz borcuna görə 114.5 manat, cərimə borcuna görə 199.31 manat, cəmi 1276.81 manat məbləğində borcun və 32.77 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********0121 saylı kredit müqaviləsinə əsasən, borcluya, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 30 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 2400 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən, borclunun hər ay 135 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə, kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən, Cavabdeh müqavilə üzrə borcu əsas borc üzrə 963 manat, faiz borcuna görə 114.5 manat, cərimə borcuna görə 199.31 manat, cəmi 1276.81 manat təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərələr arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələbinə müvafiq olaraq, tələbin əsası kimi istinad edilən fakt və hallar və onları təsdiq edən sübutların siyahısı: 1) Kredit müqaviləsi; 2) Kassa məxaric orderi; 3) Maliyyə arayışı; 4) Kredit ərizə forması; 5) Hesabdan çıxarış təşkil edir. Cavabdehin etirazı: Cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2023-cü il tarixli Kredit Ərizə Formasından (asan kredit) görünür ki, Cavabdeh tərəfindən ona ev şəraitinin yaxşılaşdırılması məqsədilə 24 ay müddətinə 30 faiz dərəcəsi ilə 2400 manat məbləğində kreditinin verilməsi üçün İddiaçı MM QBKT-na müraciət edilmişdir. xx.xx.2023-cü il tarixli **********0121 nömrəli kredit müqaviləsinin 1.1-ci, 1.2-ci bəndlərindən və müqavilənin 8-ci hissəsində olan Kreditin ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MM QBKT tərəfindən 24 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə aylıq 135 manat ödəmək şərtilə 2400 manat məbləğində kredit vəsaiti ayrılmışdır. İddiaçı MM QBKT-nın xx.xx.2023-cü il tarixli Kredit kartının mədaxil (qəbul) aktından və **********262002 nömrəli Fincard kreditvermə qəbzindən görünür ki, Cavabdeh İddiaçı MM QBKT tərəfindən kredit kartı verilib və hesabına 91.20 manat komission haqq tutulmaqla 2308.8 manat ödənilmişdir. xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh “Finca Azerbaijan" MM QBKT-na kredit müqaviləsi üzrə 1437 manat əsas, 723.5 manat faiz, 57.5 manat cərimə, cəmi 1276.81 manat kredit borcu vardır. xx.xx.2025-ci il tarixli **********12 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MM QBKT məhkəmədə iddia qaldırmaq üçün 32.77 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. Borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının 223-İİQ nömrəli 04 dekabr 2001-ci il tarixli Qanunu: 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği “30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi”nə bərabərdir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etmişdir ki, İddiaçı MM QBKT ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli **********0121 nömrəli kredit müqaviləsi bağlanmışdır. İş üzrə İddiaçı MM QBKT krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh nəzərdə tutulmuş müddətdə ödənişi həyata keçirməmiş, yəni öhdəliyi lazımınca icra etməmişdir, nəticədə iddiaçının tam borc məbləğini tələb etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 467-cı maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, işin hallarını qiymətləndirərək, hesab edir ki, cərimə borcu azaldılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 963 manat əsas, 114.5 manat faiz, 96 manat cərimə borcu olmaqla, cəmi 1173.5 manat borc məbləği İddiaçı MM QBKT-nın xeyrinə tutulmalıdır. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 31.74 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı MM QBKT-nın xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 1.03 manat hissəsi İddiaçı MM QBKT-nın özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 963 manat əsas borc, 114.5 manat faiz borcu, 96 manat cərimə borcu olmaqla, ümumilikdə 1173.5 (min yüz yetmiş üç manat əlli qəpik) manat borc məbləği tutularaq İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 31.74 (otuz bir manat yetmiş dörd qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 1.03 (bir manat üç qəpik) manat hissəsi İddiaçı X1-Bank Kredit Təşkilatına aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar