Məhkəmə qərarları › İş №e-2(021)-1613/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1613/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1613/2023 27.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin (bundan sonra iddiaçı və ya İddiaçı BOKT ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2014-cü il tarixli, 0xx/xx/344717 saylı kredit müqaviləsinə əsasən yaranmış kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı BOKT ASC məhkəmədə iddia qaldıraraq, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 0xx/xx/344717 saylı kredit müqaviləsinə əsasən 4989.70 manat əsas borc, 2349 manat hesablanmış faiz, 3041.60 manat hesablanmış dəbbə olmaqla, cəmi 10 380.30 (on min üç yüz səksən manat 30 qəpik) manat və 121.15 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə əvvəlki "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) arasında xx.xx.2014-cü il tarixli, 0xx/xx/344717 saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2014-cü il tarixli, 0xx/xx/344717 saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə, 36 faizlə, 5000 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, 0xx/xx/344717 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə 17.112014-cü il tarixli, 0xx/xx/344716 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən zaminfaizlərin, cərimələrin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə, əmlakı və bütün gəlirləri ilə birgə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir, 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. xx.xx.2014-cü il tarixli, 0xx/xx/344717 saylı kredit müqaviləsinə əsasən cavabdehlərin BOKT-a 4989.70 manat əsas borc, 2349 manat hesablanmış faiz, 3041.60 manat hesablanmış dəbbə pulu olmaqla, cəmi 10380.30 (on min üç yüz səksən manat 30 qəpik) manat borcu vardır. Cavabdehlər xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırırlar. Məhkəmə iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək göstərdi ki, İddiaçı BOKT ASC xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, 36 faizlə 5000 manat kredit götürmüş, ilkin güzəşt dövründə olan müddətdə hər ay 150 manat olmaqla 9 ay pul ödəmişdir. Sonradan aylıq ödəniş 420 manat olduqda maddi imkanı olmadığından ödəniş etməmişdir. Hal-hazırda onkoloji xəstədir, maddi imkanı çətindir. Bu səbəbdən ödəniş edə bilməmişdir. 2021-ci ilin avqust ayında olan 50 manat ödənişi ilə bağlı bildirir ki, İddiaçı BOKT ASC-nin Bərdə filialının nəzdində olan Lombarddan qızıl əşyalarını girov qoyaraq pul götürmək istəmiş, sənədləşmə zamanı ona bildirmişlər ki, 50 manat ödəniş etməlidir, əks halda qızıl girovu əsasında götürüləcək məbləği ona verməyəcəklər. O da inanaraq İddiaçı BOKT ASC-nin Bərdə filialının ödəniş kassasına 50 manat ödəniş etmişdir. Həmin ödənişi qızıl əşyalarını girov qoyub kredit götürmək üçün etmiş, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə görə etməmişdir. İddiaçı BOKT ASC ona qarşı cəmi 10380,30 manat bağlı pul tələbinə dair iddiasının iddia müddətinin ötürülməsi ilə əlaqədar əsassız olduğu üçün, iş üzrə iddia müddəti tətbiq edilməklə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-nin 185.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh2 xx.xx.1968-ci ildə Bərdə rayonu Kətəlparaq kəndində anadan olmuşdur, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatdadır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsidən görünür ki, Cavabdeh1 xx.xx.1993-cü ildə Bərdə rayonu Kətəlparaq kəndində anadan olmuşdur, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatdadır. 17 noyabr 2014-cü il tarixli PB/0xx/xx/344717 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC bu müqaviləyə əsasən Cavabdeh2 24 ay müddətinə, illik 36 faiz ödəmək şərti ilə, yem ehtiyatının alınması məqsədi ilə 5000 manat məbləğində kredit vermişdir. Kreditin güzəştli dövrü 270 gün müəyyən edilmişdir. 17 noyabr 2014-cü il tarixli PB/0xx/xx/344716 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti borclu Cavabdeh2 ilə ipoteka saxlayan "xxxx" ASC-nin arasında bağlanmış 17 noyabr 2014-cü il tarixli PB/0xx/xx/344717 nömrəli kredit müqaviləsi üzrə: illik 36 faizlə 24 ay müddətinə, 9 ay güzəşt dövrü olmaqla 5000 manat kredit borcu öhdəliklərinin icrasının təmin edilməsidir. Borclunun kreditoru qarşısında öhdəliyini icra etməməsi məsuliyyətini zamin Cavabdeh1 öz üzərinə götürür. 01 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli PB/0xx/xx/344716 nömrəli kredit müqaviləsi üzrə 4989,70 manat əsas, 2349 manat faiz, 3041,6 manat dəbbə pulu olmaqla, cəmi 10380,30 manat məbləğində kredit borcu vardır. 01 mart 2023-cü il tarixli 683 saylı bildirişdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 bildirişi aldıqları gündən etibarən 7(yeddi) gün ərzində göstərilən borc öhdəliklərini icra etmədikləri halda qanunla müəyyən edilmiş qaydada borcun onlardan geri alınması ilə bağlı tədbirlərin görülməsi üçün qanunvericiliyə uyğun addım atılacağı barədə xəbərdarlıq edilmişdir. 01 mart 2023-cü il tarixli 684 saylı bildirişdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 bildirişi aldıqları gündən etibarən 7(yeddi) gün ərzində göstərilən borc öhdəliklərini icra etmədikləri halda qanunla müəyyən edilmiş qaydada borcun onlardan geri alınması ilə bağlı tədbirlərin görülməsi üçün qanunvericiliyə uyğun addım atılacağı barədə xəbərdarlıq edilmişdir. 18 avqust 2021-ci il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh2 PB/0xx/xx/344716 nömrəli müqavilə üzrə 50 manat ödəniş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(006)- 406/2023 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı BOKT ASC-nin arasında xx.xx.2014-cü il tarixdə bağlanmış PB/0xx/xx/344717 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi qət edilmişdir. 21 oktyabr 2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 122 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarından müəyyən edilir ki, iddia ərizəsi 02 mart 2023-cü il tarixdə Bərdə Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə” dair 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki:

1. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir;

2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır;

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında 17 noyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, Cavabdeh2 yem ehtiyatının alınması məqəsdi ilə 24 ay müddətinə, illik 36 faiz dərəcəsi ilə, 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə görə, müqavilənin icra müddəti 17 noyabr 2016-cı ildə bitmişdir. AR MM-nin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddətinin axımı həmin dövrdən başlandığından iddia müddəti də 17 noyabr 2019-cu ildə bitmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə 02 mart 2023-cü ildə müraciət etmişdir. Belə olan halda, iddiaçı məhkəmədə iddia qaldırdığı zaman MM-nin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddətini təqribən üç il dörd ay müddətinə üzrsüz səbəbdən buraxmışdır. İddiaçı təşkilat iddia müddətinin ötürülmədiyini sübut etmək üçün iddia ərizəsinə Cavabdeh2 PB/0xx/xx/344716 nömrəli müqavilə üzrə 50 manat ödəniş etməsi haqqında 18 avqust 2021-ci il tarixli mədaxil orderi əlavə etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 kredit öhdəliyi PB/0xx/xx/344717 nömrəli kredit müqaviləsi əsasında yaranmış və iddiaçı da məhkəmədə hazırkı iddianı məhz həmin kredit müqaviləsinə əsaslanaraq qaldırmışdır. Lakin iddiaçının təqdim etdiyi 18 avqust 2021-ci il tarixli mədaxil orderindən görünür ki, həmin orderlə ödənilən 50 manat PB/0xx/xx/344717 nömrəli kredit müqaviləsi üzrə deyil, PB/0xx/xx/344716 nömrəli kredit müqaviləsi, yəni tamamilə digər müqavilə üzrə yaranmış öhdəlik əsasında ödənilmişdir. İddiaçının nümayəndəsinə həmin ziddiyyətli məqama aydınlıq gətirilməsi, o cümlədən 50 manat pul məbləğinin PB/0xx/xx/344717 nömrəli kredit müqaviləsi üzrə ödənilməsini təsdiq edən sübutlarını təqdim etməsi təklif edilərək, həmin sübutların təqdim edilməsi məqsədi ilə məhkəmə iclasının təxirə salınmasına baxmayaraq iddiaçı tərəf qeyd edilənlərlə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilmədi. Göründüyü kimi, iddia müddəti hər hansı üzrlü səbəb olmadan ötürülmüşdür. Bundan başqa iş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(006)-406/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı BOKT ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış PB/0xx/xx/344717 nömrəli zaminlik müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, Cavabdeh1 17 noyabr 2014-cü il tarixli PB/0xx/xx/344717 saylı kredit müqaviləsi üzrə heç bir öhdəliyi qalmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı BOKT ASC tərəfindən Azərbaycan Respublikasının MM-nin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, 122 manat məbləğində dövlət rüsumu İddiaçı BOKT ASC-nə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

Qətetdi:

İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2014-cü il tarixli, 0xx/xx/344717 saylı kredit müqaviləsinə əsasən yaranmış kredit borcunun tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar