Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-169/2025 14.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh ona ödəməli olan 6000 (altı min) manat məbləğində pulun və məhkəmə üçün ödənilmiş 80 manat dövlət rüsumunun və hüquqi xidmət üçün ödənilmiş 320 manat pulun - cəmi 6400 məbləğində pulun onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, Cavabdeh onun atasıgillə qonşudur. Cavabdehi həmin qonşuluq münasibətindən tanımışdır. Atasıgillə qonşu olduğundan haq-salamları olmuşdur. Qonşu olduğundan ondan qızıl zinət əşyaları istəmiş və sonra ödəniş edəcəyini bildirmişdir. O da, cavabdehə qonşuluq münasibətlərindən irəli gələn etimad və inam nümayiş etdirərək qızıl-zinət əşyasını verməyi qərara almışdır. Cavabdeh əvvəllər aldığı qızıl-zinət əşyalarının pulunu vaxtında ödəsə də, sonradan ödəməkdən boyun qaçırmışdır. Belə ki, cavabdeh 2022-ci il dekabr ayının 12-də pulunu 1(bir aya) yəni 2023-cü ilin yanvar ayının 12-də ödəmək şərti ilə razılaşmaya əsasən ümumi dəyəri 7000 manat olan, 13 ədəd 5-lik qızıl almışdır. Cavabdehə həmin qızılları onun evində həyat yoldaşı Elxan bəyin yanında vermişdir. Lakin cavabdeh aldığı qızılların dəyərindən cəmi 1000 ( bir min) manat ödəniş etmişdir. Dəfələrlə evlərinə , iş yerlərinə gedib pulu tələb etsə də, hər dəfə ödəməkdən yayınmışdır. Cavabdehlə əlaqə saxlanılaraq, vatsap sosial şəbəkəsi vasitəsi ilə borcun qaytarılması bildirilmişdir. Cavabdeh borc pulu ödəmədiyindən məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh ona ödəməli olan 6000 (altı min) manat məbləğində pulun və məhkəmə üçün ödənilmiş 80 manat dövlət rüsumunun və hüquqi xidmət üçün ödənilmiş 320 manat pulun cəmi 6400 məbləğində pulun onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizə təqdim edərək mülki işə qiyabi icraat qaydasında baxılmasını və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikasının MPM-nin 238.4. maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikasının MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri Bahadur Hacıyev küçəsi döngə 9, ev 1-də qeydiyyatda olmaqla yaşayır. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 1905 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri, B.Hacıyev küçəsi ev 9/1-də yaşayır. Mülki iş materiallarına əlavə olunmuş mədaxil qəbzdən görünür ki, Bazilə Məcidova tərəfindən 85 manat dövlət rüsumu ödənilmişdir. Mülki iş materiallarına əlavə olunmuş AR-İİİ 347941 nömrəli etibarnamədən görünür ki, İddiaçı etibarnamə əsasında nümayöəndə səlahiyyətlərini Nümayəndə etibar etmişdir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Bərdə rayon Məhkəməsinin 2(021)-2136/2024 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “ mülki hüququ pozuntularından irəli gələn öhdəliklər üzrə” tələbinə dair mülki iş üzrə məhkəmə fonoskopik ekspertizası təyin edilməsi qərara alınmışdır. Mülki iş materiallarına əlavə olunmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan görünür ki, məktub və xx.xx.2024-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat xx.xx.2025-ci il tarixdə Bərdə rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 739.4. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 241.3-cü maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə qeyd edir ki, fonoskopik ekspertizanın keçirilməsinə dair cavabdehin eksperimental səs və nitq nümunələrinin ekspertizaya təqdim olunması barədə vəsatət məhkəməyə daxil olmuş, lakin cavabdehin iştirakının təmin olunmaması səbəbindən bu mümkün olmamışdır. Göstərilən hal cavabdehin ziyanına şərh edilir. İş materiallarına əlavə olunmuş vatsapp yazışmaları və səs yazılarına əsasən iddia təmin olunmalı, lakin qiyabi adlanan qətnamə çıxarılaraq cavabdehə onun ləğvinə dair ərizə vermək imkanı yaradılmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 6000 (altı min) manat məbləğində pul və məhkəmə üçün ödənilmiş 80 manat dövlət rüsumu və hüquqi xidmət üçün ödənilmiş 320 manat pul olmaqla, cəmi 6400 məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdeh 6000 (altı min) manat məbləğində pul, 80 manat dövlət rüsumu və hüquqi xidmət üçün ödənilmiş 320 manat pul olmaqla, cəmi 6400 məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin.
3. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qiyabi qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır.
4. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər.
5. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev