Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-172/2023 09.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı «Bank Respublika” ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı «Bank Respublika” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Bank Respublika” ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 28020***-*******2 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh «Bank Respublika” ASC-nin xeyrinə 11731.24 manat əsas, 769.71 manat faiz borcu, 51.90 manat cərimə bocu olmaqla, cəmi 12552.85 manat və 127.66 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «Bank Respublika” ASC ilə Cavabdeh arasında 28020***-*******2 saylı xx.xx.2021-ci il tarixli güzəştli kredit müqaviləsinə əsasən cavabdehə 42 ay müddətinə illik 17 faiz olmaq şərtilə 14000 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə 11731.24 manat əsas, 769.71 manat faiz borcu, 51.90 manat cərimə bocu olmaqla, cəmi 12552.85 manat kredit borcu yaranmışdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş №28020***-*******2 saylı xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixədək illik 17 faiz olmaq şərtilə 14000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə sonuncunun 11731.24 manat əsas, 769.71 manat faiz borcu, kredit müqaviləsinə əsasən əsas borc üzrə hesablanmış cərimə məbləği 11 manat, kredit müqaviləsinə əsasən faiz borc üzrə hesablanmış cərimə məbləği 40.90 manat olmaqla, cəmi 12552.85 manat kredit borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 127.66 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 9\7726 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh №28020***-*******2 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə olan borcu əsas borc üzrə 11691.25 manat, faiz borcu üzrə 931.89 manat təşkil etdiyi göstərilmişdir. (Aparılmış tədqiqatın dəyəri 100 manat) Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, №28020***-*******2 saylı xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 42 ay müddətinə illik 17 faiz olmaq şərtilə 14000 manat məbəğində kredit verilmişdir. Həmin məbləği annuited ödəniş cədvəli üzrə ödənilməsi müəyyən edilmişdir. İş üzrə İddiaçı ASC həmin krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Göründüyü kimi, borclu Cavabdeh bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmiş və İddiaçı ASC-nin Cavabdeh qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas borcunun tutulması hissəsində ekspert rəyini nəzərə alaraq iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi əsas borc 11731.24 manat olmuş, lakin ekspert rəyində əsas borc məbləğ 11691.25 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Ekspert rəyi əsasında Cavabdeh banka olan kredit müqaviləsi üzrə əsas borc məbləğinin tələb olunan məbləğdən az olması müəyyən edildiyindən iddia tələbi əsas borc məbləğinə münasibətdə ekspert rəyi əsas götürülməlidir. Ekspert rəyi əsasında Cavabdeh banka olan faiz borcunun məbləğinin tələb olunan məbləğdən yüksək həddə olması müəyyən edilsə də, iddiaçı bank tərəfindən iddia tələbinin həcmi artırılmadığından məhkəmə hesab edir ki, iddiaçının verdiyi tələb üzrə iddia tələbinin həmin kredit müqaviləsi üzrə faiz borc məbləğinə münasibətdə tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və İddiaçı ASC-nin iddiasının 51.90 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 8 manat məbləğində pulun tutulması ədalətlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış №28020***-*******2 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh 11691.25 manat əsas borc, 769.71 manat faiz borcu, 8 manat cərimə olmaqla cəmi 12468.96 (on iki min dörd yüz altmış səkkiz manat doxsan altı qəpik) manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 127.66 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış №28020***-*******2 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 11691.25 manat əsas borc, 769.71 manat faiz borcu, 8 manat cərimə borcu olmaqla cəmi 12468.96 (on iki min dörd yüz altmış səkkiz manat doxsan altı qəpik) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 127.66 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh 100 manat ekspertiza xərci tutulub aşağıdakı hesaba köçürülsün: Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, adı –dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Espertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(021)-172/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-172/2023
09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver