Məhkəmə qərarları › İş №e-2(021)-1733/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1733/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1733/2024 02.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, iddiaçı «X4 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «X4 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra iddiaçı və ya "xxxx" MMC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Borcun tutulması” tələbinə dair mülki işə 02 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 dekabr 2021-ci il tarixli 1054/SM-21 saylı kredit müqaviləsinə əsasən yaranmış, əsas borc 6265.20 (altı min iki yüz altmış beş manat 20 qəpik) manat, faiz borcu 8.35 (səkkiz manat 35 qəpik) manat olmaqla ümumilikdə 6273.55 (altı min iki yüz yetmiş üç manat 55 qəpik) manat məbləğində kredit borcu həmçinin, ödənilmiş 83 manat (səksən üç) manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 6356.55 (altı min üç yüz əlli altı manat 55 qəpik) manat məbləğin Cavabdeh tutularaq “X4 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 dekabr 2021-ci il tarixli 1054/SM-21 saylı kredit və eyni tarixli girov müqaviləsinə əsasən, borcluya 36 ay müddətinə 18830 (on səkkiz min səkkiz yüz otuz) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit öhdəliyini vaxtında və lazımi şəkildə icra etməmiş, nəticədə "xxxx" MMC-yə əsas borc 6265.20 (altı min iki yüz altmış beş manat 20 qəpik) manat, faiz borcu 8.35 (səkkiz manat 35 qəpik) manat olmaqla ümumilikdə 6273.55 (altı min iki yüz yetmiş üç manat 55 qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair Pretenziya (Bildiriş) göndərilməsinə baxmayaraq cavabdeh buna məhəl qoymamış, "xxxx" MMC qarşısında öhdəliklərini icra etməməyə davam etmişdir. "xxxx" MMC ilə Cavabdeh oğlaurasında bağlanmış 02 dekabr 2021-ci il tarixli 1054/SM-21 saylı kredit müqaviləsi üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 48 %-lə hesablanır. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Cavabdeh xx.xx.1962-ci ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri Bahadur Hacıyev küçəsi döngə 9, ev 2-də qeydiyyatdadır. 02 dekabr 2021-ci il tarixli 1054/SM-21 nömrəli kredit müqaviləsindən görünür ki, bu Müqavilənin predmeti Azərbaycan manatı ilə ifadə edilən pul öhdəliyidir. -“Borc verən” “Borc alan”a şəxsi məqsəd ilə 18830 (on səkkiz min səkkiz yüz otuz) manat məbləğində kredit verməyi öhdəsinə götürür. -“Borc alan”dan ona verilmiş kredit məbləğinin 1,50%- miqdarında kredit müqaviləsi ilə bağlı aparılmış sənədləşmə xidmətinə görə və 10 (on) manat Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üçün xidmət haqqı tutulur. -“Borc alan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri “Borc verən”ə qaytarmağı öhdəsinə götürür. -Borc alana verilən kredit vəsaitindən istifadə müddəti 36 aydır. -Kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 48 faiz hesablanır. 02 dekabr 2021-ci il tarixli 1054/SM-21 nömrəli Girov müqaviləsindən görünür ki, Cavabdeh məxsus olan 2 ədəd 750 əyarlı 44 qram çəkidə 2200 manat dəyərində qarnitur, 2 ədəd 750 əyarlı 33 qram çəkidə 1650 manat dəyərində komplekt, 2 ədəd 750 əyarlı 27,6 qram çəkidə 1380 manat dəyərində qolbağ, 2 ədəd 750 əyarlı 11,1 qram çəkidə 555 manat dəyərində klon, 1 ədəd 750 əyarlı 10,5 qram çəkidə 525 manat dəyərində sırğa, 2 ədəd 750 əyarlı 11 qram çəkidə 550 manat dəyərində üzük, 1 ədəd 583 əyarlı 16,3 qram çəkidə 652 manat dəyərində qolbağ, 1 ədəd 583 əyarlı 5,2 qram çəkidə 208 manat dəyərində sep klon, 1 ədəd 583 əyarlı 39,6 qram çəkidə 1584 manat dəyərində sep, 1 ədəd 583 əyarlı 6,6 qram çəkidə 264 manat dəyərində qolbağ, 1 ədəd 583 əyarlı 17,1 qram çəkidə 684 manat dəyərində klon, 1 ədəd 583 əyarlı 9 qram çəkidə 360 manat dəyərində komplekt, 1 ədəd 750 əyarlı 16,1 qram çəkidə 805 manat dəyərində komplekt girov qoyulmuşdur. -Girov predmetinin ümumi dəyəri və məhkəmədən kənar ilkin satış qiyməti tərəflər arasında 11417 manat məbləğində qiymətləndirilməsi razılaşdırılmışdır. -Bu Müqavilə əsasında girov qoyulan qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixində Bərdə şəhərində bağlanmış 1054/SM-21 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" MMCnin “Borc alan” a verdiyi 18830 manat məbləğində kreditin 02 dekabr 2024-cü il tarixinədək qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli ssuda faizlərinin və dəbbə pulunun, həmçinin icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. 03 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 03 aprel 2024cü il tarixə "xxxx" MMC-nə 6265,20 manat əsas, 8,35 manat faiz, cəmi 6273,55 manat borcu vardır. xx.xx.2023-cü il tarixli BC-BOKT 300/2023 saylı “Girovun satılacağı və hərracın yeri haqqında” bildirişdən görünür ki, Cavabdeha "xxxx" MMC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyi üçün girov qoyduğu qızıl-zinət əşyaları Daşınar Əmlakın Yüklülüyü Haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən satışa çıxarılaraq satışdan əldə edilən pul vəsaiti kredit borcuna yönələcəyi, məbləğ artıq qalacağı halda bank hesabına yatırılacağı, kredit borcuna kifayət etməyəcəyi halda isə, qanunvericiliyə uyğun qaydada ondan tutulması üçün məhkəməyə müraciət ediləcəyi, xx.xx.2023-cü il tarixdə saat 15:00-da "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən Bərdə filialında hərrac keçiriləcəyi, göstərilən tarixədək kredit borcunu ödəmək və ya həmin tarixdə keçiriləcək hərracda iştirak edərək qızıl-zinət əşyalarını satın almaq hüququ olması barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 83 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 dekabr 2021-ci il tarixli 1054/SM-21 saylı kredit və eyni tarixli girov müqaviləsinə əsasən, borcluya 36 ay müddətinə 18830 (on səkkiz min səkkiz yüz otuz) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit öhdəliyini vaxtında və lazımi şəkildə icra etməmiş, nəticədə "xxxx" MMC-yə əsas borc 6265.20 (altı min iki yüz altmış beş manat 20 qəpik) manat, faiz borcu 8.35 (səkkiz manat 35 qəpik) manat olmaqla ümumilikdə 6273.55 (altı min iki yüz yetmiş üç manat 55 qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair Pretenziya (Bildiriş) göndərilməsinə baxmayaraq cavabdeh buna məhəl qoymamış, "xxxx" MMC qarşısında öhdəliklərini icra etməməyə davam etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 dekabr 2021-ci il tarixli 1054/SM-21 saylı kredit müqaviləsi üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 48 %-lə hesablanır. Beləliklə, "xxxx" MMC kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdan 6265,20 manat məbləğində kredit borcu, 8,35 manat faiz borcu olmaqla ümumilikdə 6273,55 manat borcun və dövlət büdcəsinə köçürülmüş 83 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 02 dekabr 2021-ci il tarixli 1054/SM-21 saylı kredit müqaviləsi və 02 dekabr 2021-ci il tarixli 1054/SM-21 saylı girov müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə kreditin borcluya verilməsi öhdəliyini, borclu isə bu kredit borcunu hissə-hissə qaytarılması öhdəliyini öz üzərinə götürür. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Azərbaycan Respublikasının MM-nin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi əsas və faiz borcuna münasibətdə qanuni və əsaslı olduğundan iddia təmin edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçı "xxxx" MMC öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 83 (səksən üç) manat dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən iddia verilməsi üçün ödənilmiş 83 (səksən üç) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 214, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı «X4 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Borcun tutulması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 6265,20 (altı min iki yüz altmış beş manat 20 qəpik) manat əsas, 8,35 (səkkiz manat 35 qəpik) manat faiz və 83 (səksən üç) manat dövlət rüsumu olmaqla, cəmi 6356,55 (altı min üç yüz əlli altı manat 55 qəpik) manat borc tutularaq iddiaçı “X4 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar