Məhkəmə qərarları › İş №e-2(021)-1826/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1826/2025

24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1826/2025 24.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı X3-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia tələbi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı MM QBKT sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1043 manat, faiz borcuna görə 106 manat, cərimə borcuna görə 222.01 manat, cəmi 1371.01 manat məbləğində borcun və 33.72 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********3148 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün illik 26.00% faiz dərəcəsi olmaqla 12 ay müddətinə 1500 (min beş yüz manat) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 144 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Kredit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Tərəflərin iştirakı və izahatları: Bərdə Rayon Məhkəməsinin qərardadı ilə iddiаçı İddiaçı MM QBKT-nın Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı MM QBKT-nın nümayəndəsi məhkəməyə ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı MM QBKT-dan 12 ay müddətinə illik 26% dərəcəsi ilə yaşadığı evə avadanlıq almaq məqsədilə 1500 manat kredit götürmüşdür. Sonradan maddi imkanı olmadığından ödəniş edə bilməmişdir. İddia tələbinin təmin edilməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2024-cü il tarixli, **********3148 nömrəli Kredit müqaviləsindən görünür ki, İddiaçı MM QBKT tərəfindən Cavabdeh 12 ay müddətinə illik 26 faiz dərəcəsi ilə, hər ay 144 manat, sonuncu ay isə 141 manat ödəniş etmək şərtilə 1500 manat məbləğdə kredit verilmişdir. xx.xx.2024-cü il tarixli Fincard kreditvermə qəbzindən görünür ki, İddiaçı MM QBKT tərəfindən X2 oğluna 1500 manat məbləğində ödəniş edilmiş, ödənişin təyinatı kreditin verilməsi olmuşdur. xx.xx.2024-cü il tarixli Kredit kartının mədaxil (qəbul) aktından görünür ki, İddiaçı MM QBKT tərəfindən X2 oğluna kredit kartı verilmişdir. xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 1043 manat əsas, 106 manat faiz, 222.01 manat cərimə borcu olmaqla, cəmi 1371.01 manat qalıq borcu vardır. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MM QBKT tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 33,72 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (Mülki Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, cavabdehin izahatını dinləyib, müəyyən etmişdir ki, İddiaçı MM QBKT ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli **********3148 nömrəli kredit müqaviləsi bağlanmışdır. İş üzrə İddiaçı MM QBKT krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh nəzərdə tutulmuş müddətdə ödənişi həyata keçirməmiş, yəni öhdəliyi lazımınca icra etməmişdir, nəticədə iddiaçının tam borc məbləğini tələb etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 467-cı maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, işin hallarını qiymətləndirərək, hesab edir ki, cərimə borcu azaldılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1043 manat əsas borc, 106 manat faiz borcu, 52 manat cərimə borcu olmaqla, cəmi 1201 manat məbləğində borc məbləği İddiaçı MM QBKT-nın xeyrinə tutulmalıdır. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 32.01 manat dövlət rüsumu əvəzi Cavabdeh İddiaçı MM QBKT-nın xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 1.71 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1043 manat əsas borc, 106 manat faiz borcu, 52 manat cərimə borcu olmaqla, cəmi 1201 (bir min iki yüz bir manat) manat borc məbləği tutularaq İddiaçı X3- Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 32.01 (otuz iki manat bir qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı X3-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 1.71 (bir manat yetmiş bir qəpik) manat hissəsi İddiaçı X3-Bank Kredit Təşkilatının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar