Məhkəmə qərarları › İş №e-2(021)-1905/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1905/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1905/2023 23.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X3 Qasım oğlunun sədrliyi, Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra iddiaçı və ya İddiaçı QSC) cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “Müqavilənin ləğvi və kredit müqaviləsi üzrə borc” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı QSC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 5972.26 manat məbləğində kredit bоrcu, 76.17 manat məbləğində faiz bоrcu və 2824.07 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 8872,50 (səkkiz min səkkiz yüz yetmiş iki manat 50 qəpik) manat məbləğində bоrcun və ödənilmiş 108.73 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 025A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6969.38 (altı min doqquz yüz altmış doqquz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 997.12 manat ödəniş etmiş və оnun iddiaçıya 5972.26 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh4 kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 585 gün üçün hesablanmış faiz borcu 76.17 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 585 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 2824.07 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddianı qismən qəbul edərək göstərdi ki, 30 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı QSC-dən 6969,38 manat məbləğində kredit götürmüşdür. Kredit borcunun bir hissəsini ödəsə də, sonradan pandemiyya ilə əlaqədar olaraq işləyə bilməmiş, ona görə də kredit borcunu ödəyə bilməmişdir. Hazırda onun banka 5972,26 manat əsas və 76,17 manat faiz borcu vardır. Əsas və faiz borcunu ödəyə bilmədiyi halda ona yüksək məbləğdə cərimə borcu hesablanmışdır. Cərimə borcunun silinməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək göstərdi ki, 30 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh4 İddiaçı QSC-dən 6969,38 manat məbləğində kredit götürmüş, özü də Cavabdeh4 zamin olmuşdur. Cavabdeh4 kredit borcunun bir hissəsini ödəsə də sonradan pandemiyya ilə əlaqədar olaraq kredit borcunu ödəyə bilməmişdir. Cavabdeh4 banka 5972,26 manat əsas və 76,17 manat faiz borcu vardır. Cərimə borcunun silinməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 İnqilar oğlu və Cavabdeh3 Cavabdeh2 göstərdiklərini təsdiq edərək iddianın əsas və faiz borcu tələbinə dair hissədə təmin, qalan hissədə rədd edilməsini xahiş etdilər. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh4 xx.xx.1977-ci ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə rayonu Otuzikilər kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 İnqilab oğlu xx.xx.1972-ci ildə Bərdə rayonunda anadan olmuşdur, Abşeron rayonu Pirəkəşkül kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1985-ci ildə Bərdə rayonu İmirli kəndində anadan olmuşdur, Bərdə rayonu Əmirli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh3 xx.xx.1970-ci ildə Bərdə rayonu Qazaxlar kəndində anadan olmuşdur, Bərdə şəhəri Nizami küçəsi ev 2, mənzil 12-də qeydiyyatdadır. xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsindən görünür ki, Bank ümumi məbləği 6969,38 manat olan borc pulu illik faiz dərəcəsi 1 % olmaqla 60 ay müddətinə (1 il güzəşt müddəti ilə) kredit alana-Cavabdeh4 verir. -Kredit alan krediti və faizi bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən ödəniş planına uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli 025G**********03 saylı zaminlik müqaviləsindən görünür ki, borclu-Cavabdeh4 kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin-Cavabdeh3 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2019-cu il tarixli 025G**********02 saylı zaminlik müqaviləsindən görünür ki, borclu-Cavabdeh4 kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin-Cavabdeh2 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2019-cu il tarixli 025G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, borclu-Cavabdeh4 kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin-Cavabdeh1 İnqilab oğlu bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 025A********** saylı kredit müqaviləsi üzrə 5972,26 manat əsas, 76,17 manat faiz, 2824,07 manat cərimə olmaqla, cəmi 8872,50 manat borcu vardır. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh4 xx.xx.2023-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarması, əks halda xx.xx.2023-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarması, əks halda xx.xx.2023-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh1 İnqilab oğluna xx.xx.2023-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarması, əks halda xx.xx.2023-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarması, əks halda xx.xx.2023-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC məhkəmədə iddia qaldırmaq üçün 108,73 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Cavabdeh4 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 025A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6969.38 (altı min doqquz yüz altmış doqquz manat 38 qəpik) manat məbləğində kredit verilmişdir. O, götürdüyü kredit bоrcundan 997.12 manat ödəniş etmiş və оnun iddiaçıya 5972.26 manat məbləğində kredit bоrcu qalmışdır. Cavabdeh4 kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 585 gün üçün hesablanmış faiz borcu 76.17 manat təşkil edir. xx.xx.2023-cü il tarixə 585 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 2824.07 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Beləliklə, İddiaçı QSC müqavilənin ləğvi və müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 5972.26 manat məbləğində kredit bоrcu, 76.17 manat məbləğində faiz bоrcu və 2824.07 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 8872,50 (səkkiz min səkkiz yüz yetmiş iki manat 50 qəpik) manat məbləğində bоrcun və ödənilmiş 108.73 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 30 oktyabr 2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə kreditin borcluya verilməsi öhdəliyini, borclu isə bu kredit borcunu hissə-hissə qaytarılması öhdəliyini öz üzərinə götürür. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Azərbaycan Respublikasının MM-nin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zaminlər Cavabdeh2, Cavabdeh1 İnqilab oğlu və Cavabdeh3 kreditor İddiaçı QSC qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 462.1-ci mаddəsinə görə, dəbbə pulu (cərimə, penyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi və yа lаzımıncа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrclunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. 463.2-ci mаddəsinə görə, dəbbə pulu hаqqındа rаzılаşmа əsаs öhdəliyin fоrmаsındаn аsılı оlmаyаrаq yаzılı fоrmаdа bаğlаnmаlıdır. 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə kollegiyası belə hesab edir ki, İddiaçı QSC tərəfindən müəyyən edilmiş 2824,07 manat məbləğdə cərimə (dəbbə pulu) tənasübsüz surətdə yüksək məbləğdir. Ona görə də cərimənin (dəbbə pulu) azaldılaraq 50 manat məbləğində saxlanılması daha məqsədə uyğun olmaqla, bunun kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqları da qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehlərə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, əsas, faiz və cərimə borcunun tutulmasına münasibətdə qanuni və əsaslı olduğundan həmin hissələrdə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı QSC öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 108,73 (bir yüz yetmiş səkkiz manat 73 qəpik) manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tam təmin edildiyindən iddia verilməsi üçün ödənilmiş 108,73 (bir yüz səkkiz manat 73 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 214, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “Müqavilənin ləğvi və kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025A********** saylı müqavilə ləğv edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsi üzrə 5972,26 manat məbləğində kredit borcu, 76,17 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu, 108,73 manat dövlət rüsumu olmaqla, cəmi 6207,16 (altı min iki yüz yeddi manat 16 qəpik) manat məbləğində borc tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar