Məhkəmə qərarları › İş №e-2(021)-205/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-205/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-205/2023 20.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 ilə bağlanmış 23 dekabr 2013-cü il tarixli 025R********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 025R********** saylı kredit razılaşması üzrə 10153.68 manat məbləğində kredit borcu, 1935.66 manat məbləğində faiz borcu, 3287.36 manat məbləğində cərimə borcu olmaqla, cəmi 15376.70 manat borcun və iddia qaldırmaq üçün ödənilmiş 136.13 manat dövlət rüsumunun alınaraq İddiaçı QSC-in xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 23 dekabr 2013-cü il tarixli 25L000000929 saylı kredit xətt müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və mddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 15 yanvar 2019-cu il tarixli 025R********** saylı kredit kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 15 aprel 2020-ci il tarixli 025R**********S saylı, 31 avqust 2020-ci il tarixli 025R**********SA saylı, 06 avqust 2021-ci il tarixli 025R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödəməli olduğu kredit borcu və faiz borcundan ibarət vəsaiti 17 sentyabr 2021-ci il tarixdən qaytarmamışdır. O, götürdüyü kredit borcundan 4846.32 manat ödəniş etmiş və onun iddiaçıya 10153.68 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 1.1-ci bəndi ilə faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır, bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 20 iyul 2022-ci il tarixə 306 gün hesablanmış faiz borcu 1935.66 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.01 %məbləğində cərimə ödəməlidir. 20 iyul 2022-ci il tarixə 306 gün üçün hesablanmış cərimə 3287.36 manat təşkil edir. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Aidə Osmanlı məhkəməyə ərizə göndərərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23 dekabr 2013-cü il tarixli 25L000000929 saylı kredit xətt müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və mddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 15 yanvar 2019-cu il tarixli 025R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 15 aprel 2020-ci il taricxli 025R**********S saylı, 31 avqust 2020-ci il tarixli 025R**********SA saylı, 06 avqust 2021-ci il tarixli 025R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan zaminlik müqaviləsindən müəyyən olunur ki, zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə İddiaçı QSC arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin, bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 25 iyul 2022-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh1 025R********** saylı kredit razılaşması üzrə 10153.68 manat məbləğində kredit borcu, 1935.66 manat məbləğində faiz borcu, 3287.36 manat məbləğində cərimə borcu olmaqla, cəmi 15376.70 manat məbləğində borcu yaranmışdır. İş materiallarında xəbərdarlıq məktubunun surətindən müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 banka olan bütün borcunu gecikdirilmiş ödəniş məbləğini banka qaytarmasa, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcək və banka borclu olduğu məbləği, hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması, əks təqdirdə bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş üzrə Bərdə Rayon Məhkəməsinin 24 avqust 2022-ci tarixli, 2(021)-2700/2022 saylı qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/7439 nömrəli, 22 noyabr 2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh1 İddiaçı QSC-yə 15 yanvar 2019-cu il tarixli 025R********** saylı kredit razılaşmasının və həmin razılaşmaya əlavə edilmmiş sazişin şərtlərinə müvafiq olaraq 20 iyul 2022-ci il tarixə olan borcu əsas borc üzrə 10106.86 manat, faiz borcu üzrə 2066.29 manat, ümumilikdə 12173.15 manat müəyyən edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı QSC məhkəmədə iddia qaldırmaq üçün 136.13 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borc və faiz borcuna münasibətdə əsaslı olduğundan iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 3287,36 manat məbləğində cərimə borcunun ödənilməsi hissəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1. maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Məhkəmə əsas borcu və ona hesablanmış faizləri cavabdehlərdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsi üçün cavabdehlərin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalı və cavabdehlərdən iddiaçının xeyrinə 287.36 manat cərimə tutulmalıdır. Məhkəmə son olaraq iddiaçının Cavabdeh1 ilə aralarında bağlanmış kredit müqaviləsinin və əlavə sazişlərin ləğvi tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi kredit razılaşmasının və əlavə sazişlərinin ləğvi hissəsində də təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 15 yanvar 2019-cu il tarixli 025R********** saylı kredit razılaşmasına əsasən 10106.86 manat məbləğində kredit borcu, 1935.66 manat məbləğində faiz borcu və 287.36 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 12329.88 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 136.13 manat dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, qalan hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarından görünür ki, təyin edilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 100 manat təşkil edir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə müvafiq olaraq, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 15 yanvar 2019-cu il tarixli 025R********** saylı kredit razılaşması üzrə 10106.86 manat məbləğində kredit borcu, 1935.66 manat məbləğində faiz borcu və 287.36 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 12329.88 (on iki min üç yüz iyirmi doqquz manat səksən səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 136.13 (yüz otuz altı manat 13 qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 15 yanvar 2019-cu il tarixli 025R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatı kodu 141319, büdcə səviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar