Məhkəmə qərarları › İş №e-2(021)-205/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-205/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-205/2025 08.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Ləğv prosesində Olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığrotalanması fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı “Ləğv prosesində Olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığrotalanması fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 iyul 2019-cu il tarixli ***-*******MK030719-01nömrəli kredit müqaviləsi üzrə cəmi 5367 (beş min üç yüz altmış yeddi) manat məbləğində borcun - 3303.27 (üç min üç yüz üç manat 27 qəpik) manat əsas, 1630.41 (bir min altı yüz otuz manat 41 qəpik) faiz borcu və 433.32 (dörd yüz otuz üç manat 32 qəpik) kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 73.67 (yetmiş üç manat 67 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarasınız. qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə Nəsirov Murad Qubad oğlu arasında bağlanmış 03 iyul 2019-cu il tarixli ***-*******MK030719-01 nömrəli kredit müqaviləsinə əsasən A.Cəfərova 24 (iyirmi dörd) ay müddətinə, illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Nəsirov Murad Qubad oğluna kredit verilərkən bank ilə Cavabdeh1 arasında 03 iyul 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1 və 3.3.4-cü bəndlərinə əsasən Nəsirov Murad Qubad oğlu kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Nəsirov Murad Qubad oğlunun 03 iyul 2019-cu il tarixli ***-*******MK030719- 01 nömrəli kredit müqaviləsi üzrə 15 fevral 2024-cü il tarixə banka ödənilməmiş cəmi 5367 (beş min üç yüz altmış yeddi) manat məbləğində borcu vardır. Bundan 3303.27 (üç min üç yüz üç manat 27 qəpik) manat əsas, 1630.41 (bir min altı yüz otuz manat 41 qəpik) faiz borcu və 433.32 (dörd yüz otuz üç manat 32 qəpik) kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə borc alan və zaminə bir neçə dəfə şifahi və bildirişlə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. xx.xx.2020-cü il tarixdə isə kredit üzrə banka 272 (iki yüz yetmiş iki) manat məbləğində ödəniş edildikdən sonra kredit üzrə ödənişlər tam dayandırılmışdır. Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli arayışa əsasən məlum olur ki, borcalan Nəsirov Murad Qubad oğlu vəfat etmişdir. Ədliyyə Nazirliyinin “vərəsəlik işlərinin açılıb açılmamasına dair” elektron portalının məlumatlarına əsasən məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə ölmüş Nəsirov Murad Qubad oğlunun vərəsələrinin müəyyən edilməsi ilə əlaqədar Bərdə regional “Asan Xidmət” mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmışdır. Mərhum borclu Nəsirov Murad Qubad oğlunun vərəsələri həyat yoldaşı Cavabdeh2 və oğlu Cavabdeh1 borcalanın ölümündən sonra miras qalmış bütün əsaslar üzrə müvafiq ərizələr yazaraq onlara çatası miras əmlaklarını qəbul etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarına əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zamin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Tərəflərin iştirakı və izahatları: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığrotalanması fondunun nümayəndəsi məhkəməyə ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəydə göstərilən məbləğlə razı olduğunu göstərək iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəydə göstərilən məbləğlə razı olsa da həmin məbləği bir dəfəyə ödəməyə imkanı yoxdur. Tələb olunan məbləği hissə-hissə ödəyə bilər. İş materiallarına əlavə edilmiş sənədlər: 03 iyul 2019-cu il tarixli ***-******* MK030719-01 nömrəli bank hesabı və kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Nəsirov Murad Qubad oğluna 24 ay müddətinə illik 27 faiz ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. 03 iyul 2019-cu il tarixli, ***-*******MK030719-01/ZM/2 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Nəsirov Murad Qubad oğlunun İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı kredit müqaviləsi üzrə öhdəliklərini təmin etmək məqsədi ilə Nəsirov Murad Qubad oğluna zamin olmuşdur. 03 iyul 2019-cu il tarixli məxaric orderindən görünür ki, 4925 manat Nəsirov Murad Qubad oğlu tərəfindən qəbul edilmişdir. 03 iyul 2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, tərəflər kredit müqaviləsi üzrə aylıq 271.9 manat sonuncu ay isə 274.32 manat ödənilməsinə dair razılaşmışlar. 21 fevral 2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehlərin 15 fevral 2025-ci il tarixə 3303.27 manat əsas, 1630.41 manat faiz borcu, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 433,32 manat olmaqla ümumilikdə 5367.00 manat borcu yaranmışdır. Cavabdehə banka olan borc məbləğinin 3 iş günü müddətində tam olaraq ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 320056 nömrəli, 13 mart 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Nəsirov Murad Qubad oğlu 21 fevral 2023-cü ildə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 mart 2023-cü ildə 240 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ_nin MAPS Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Nəsirov Murad Qubad oğlu 10 may 1958-ci ildə anadan olmuş, ölümü 27 aprel 2023-cü ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN-in BPQMİ_nin MAPS Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 xx xxxxxx 1995-ci ildə Bərdə rayonu Qaradəmirçi kəndində anadan olmuş, Bərdə rayonu Qaradəmirçi kəndində qeydiyyatdadır. Cavabdeh2 tərəfindən yazılmış Bərdə Regional “ASAN-Xidmət” Mərkəzininin Xüsusi X1 tərəfindən təsdiq edilmiş 8İ-8083 reyestr nömrəsi ilə qeydə alınmış ərizədən görünür ki, Cavabdeh2 21 fevral 2023-cü ildə vəfat etmiş əri Nəsirov Murad Qubad oğlunun vəfatından sonra miras qalmış bütün əmlak üzrə ona çatası əmlakı qəbul etmişdir. Cavabdeh1 tərəfindən yazılmış Bərdə Regional “ASAN-Xidmət” Mərkəzininin Xüsusi X1 tərəfindən təsdiq edilmiş 8İ-8083 reyestr nömrəsi ilə qeydə alınmış ərizədən görünür ki, Cavabdeh1 21 fevral 2023-cü ildə vəfat etmiş əri Nəsirov Murad Qubad oğlunun vəfatından sonra miras qalmış bütün əmlak üzrə ona çatası əmlakı qəbul etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 noyabr 2024-cü il tarixli, 9/8385 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənklərə əsasən İddiaçı ASC ilə Nəsirov Murad Qubad oğlu arasında bağlanmış 03 iyul 2019-cu il tarixli ***-*******MH030719-01 saylı kredit müqaviləsi üzrə Nəsirov Murad Qubad oğlunun 15 fevral 2024-cü il tarixə(sualda soruşulan tarixə) banka olan borcu 4850,29 manat məbləğində müəyyən olunur. O cümlədən əsas borc üzrə 3.303.26 manat faiz borcu üzrə 1.114.85 manat, əldən çıxmış fayda borcu üzrə (illik 5 % dərəcəsi ilə) 432, 18 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (Mülki Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarına əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zamin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli digər Qərarına əsasən isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respubikasının Mülki Məcəlləsinin (bundan sonra “Mülki Məcəllə” adlanacaq) 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etmişdir ki, Nəsirov Murad Qubad oğlu 03 iyul 2019-cu il tarixdə kredit vəsaitini almış, ayrılmış kredit məbləğinin qaytarılmasını təmin edilməsinə dair öhdəlik götürmüş, Nəsirov Murad Qubad oğlunun öhdəliklərini təmin etmək məqsədiilə bankla Cavabdeh1 ilə zaminlik müqaviləsi imzalanmışdır. Lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdeh nəzərdə tutulmuş müddətdə ödənişi həyata keçirməmiş, yəni öhdəliyi lazımınca icra etməmişdir, nəticədə iddiaçının tam borc məbləğini tələb etmək hüququ yaranmışdır. Bildirişdən görünür ki, mübahisənin məhkəməyə qədər nizamlama (pretenziya) qaydasına riayət edilmişdir. Nəsirov Murad Qubad oğlu 21 fevral 2023-cü ildə vəfat etmiş, vəfat etdikdən sonra vərəsələrinin Cavabdeh1 və Cavabdeh2 olduğu müəyyən edilmişdir. Əsas borclu vəfat etdiyindən bankın vəsələrə qarşı borc məbləğini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilə üzrə faiz borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanır. Belə ki, cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli Bildirişdə cavabdehin həmin tarixə 15 fevral 2025-ci il tarixə 3303.27 manat əsas, 1630.41 manat faiz borcu, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 433,32 manat olmaqla ümumilikdə 5367.00 manat borcunun yaranması qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 noyabr 2024-cü il tarixli, 9/8385 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənklərə əsasən İddiaçı ASC ilə Nəsirov Murad Qubad oğlu arasında bağlanmış 03 iyul 2019-cu il tarixli ***-*******MH030719-01 saylı kredit müqaviləsi üzrə Nəsirov Murad Qubad oğlunun 15 fevral 2024-cü il tarixə(sualda soruşulan tarixə) banka olan borcu 4850,29 manat məbləğində müəyyən olunur. O cümlədən əsas borc üzrə 3.303.26 manat faiz borcu üzrə 1.114.85 manat, əldən çıxmış fayda borcu üzrə (illik 5 % dərəcəsi ilə) 432, 18 manat təşkil edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3.303.26 manat faiz borcu üzrə 1.114.85 manat, əldən çıxmış fayda borcu üzrə (illik 5 % dərəcəsi ilə) 432, 18 manat borcu olmaqla, cəmi 4850.29 manat borc məbləği iddiaçı Ləğv Prosesində olan “Amrahbank ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmalıdır. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 68.5 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Ləğv Prosesində olan “Amrahbank ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 4.77 manat hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3.303.26 manat əsas borc, 1.114.85 manat faiz borcu, 432,18 manat əldən çıxmış fayda borcu (illik 5 % dərəcəsi ilə) olmaqla, cəmi 4850.29 ( dörd min səkkiz yüz əlli manat iyirmi doqquz qəpik) manat borc məbləği və iş üzrə ödənilmiş 68.5 (altmış səkkiz manat əlli qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının əvəzi əvəzi tutularaq iddiaçı Ləğv Prosesində olan “Amrahbank ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar