Məhkəmə qərarları › İş №e-2(021)-2099/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2099/2022

03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2099/2022 03.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 14677.21 manat əsas kredit borcu, 862.49 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 15540.20 manat kredit borcu və 137.10 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 17% ödəmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borclan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 29 aprel 2022-ci il tarixinə kredit müqaviləsi üzrə İddiaçı ASCyə 14677.21 manat əsas kredit borcu, 862.49 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 15540.20 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (piritenziya qaydasında həll oluna) heç bir fayda verməmişdir və kreditor İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 sentyabr 2021-ci il tarixli, ******* nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 36 ay müddətinə, illik 17% dərəcəsi ilə, 15000 manat məbləğdə kredit vermişdir. Müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 14677.21 manat əsas kredit borcu, 862.49 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 15540.20 manat borcu yaranmışdır. İş materiallarında olan 13 yanvar 2022-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh banka olan borcunu 5 bank iş günü müddətində tam ödəməsi, borc məbləğinin könüllü şəkildə ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 19 may 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırmaq üçün 137.10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh 09 sentyabr 2021-ci il tarixli, ******* nömrəli güzəştli kredit müqaviləsinə əsasən ona verilmiş kreditə görə 14677.21 manat əsas kredit borcu, 862.49 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 15540.20 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 14677.21 manat əsas kredit borcu, 862.49 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 15540.20 manat borcu yaranması sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh 14677.21 manat əsas kredit borcu, 862,49 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 15540.20 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 137,10 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun alınması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 14677.21 manat əsas kredit borcu, 862,49 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 15540.20 (on beş min beş yüz qırx manat iyirmi qəpik) kredit borcu və ödənilmiş 137.10 manat dövlət rüsumu tutulаrаq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar