Məhkəmə qərarları › İş №e-2(021)-2106/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2106/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2106/2025 03.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı ASC sadələşdirilmiş iddia icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1386.51 manat məbləğində əsas kredit borcunun, 68.11 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 7.93 manat cərimə olmaqla cəmi 1462.55 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 36.63 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı ASC tərəfindən Cavabdeh aralarında bağlanmış xx.xx.2021-ci il tarixli 28120***-*******02L saylı kredit limiti müqaviləsinə əsasən 120 ay müddətinə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 16% dərəcəsi ilə (aylıq ödəniş 116.04 manat olmaqla hər ayın 15-dək ödənilmək şərti ilə) 3300 manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onun tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdehnın xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 1386.51 manat məbləğində əsas kredit borcu, 68.11 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 7.93 manat cərimə olmaqla, cəmi 1462.55 manat məbləğində borcu qalmaqdadır. Cavabdehin etirazı: Cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2021-ci il tarixli 28120***-*******02L nömrəli Kreditverən İddiaçı ASC ilə X1 arasında bağlanmış Kredit limiti müqaviləsinin 2.1-ci bəndindən görünür ki, Kreditverən Borcalana 50000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2031 il tarixinədək kredit limiti ayırır və kredit limiti çərçivəsində kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində Borcalan ona kredit verilməsi barədə Kreditverənə müraciət (Kreditverənin 9144 qısa nömrəsinə "Kredit" yazaraq göndərmək) etmək hüququna malikdir. SMS mesajlarını əks etdirən cədvəldən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh məxsus telefon nömrəsi ilə aşağıdakı SMS-lər qeydə alınıb: - “Hormetli PARVİZ MAMMADZADA, Bank Respublika Size 36 ay muddetine illik 16 faiz derecesi, 33 AZN komissiya ile 3300 AZN kredit teklif edir. Ayliq odenish 116.04 AZN olmaqla her ayin 16-dek odenilmelidir. Kredite raziliq vermek uchun 1, kreditden imtina uchun 2 yazib 9144 qisa nomresine ve ya +**********44 mobil nomresine gonderin. Bank Respublika, Size faydali.” Göndərən – bank, qərar – kredit verilib. - “1” Göndərən – müştəri, qərar – kredit verilib. xx.xx.2025-ci il tarixli Pretenziyadan görünür ki, cavabdehin həmin tarixə 1386.51 manat əsas, 54.96 manat faiz, 4.97 manat cərimə borcu olmaqla, cəmi 1446.44 manat məbləğində borcu yaranmışdır. Cavabdehdən banka olan borc məbləğinin 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə 1386.51 manat əsas, 68.11 manat faiz, 7.93 manat cərimə, 1462.55 manat ümumi borcu vardır. xx.xx.2025-ci il tarixli **********96 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 34.63 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (Mülki Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının 223-İİQ nömrəli 04 dekabr 2001-ci il tarixli Qanunu: 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği “30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi”nə bərabərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etdi ki, Cavabdeh İddiaçı ASC ilə xx.xx.2021-ci il tarixdə Kredit limiti müqaviləsini bağlamış, müqaviləyə uyğun olaraq xx.xx.2022-ci il tarixdə SMS vasitəsilə 3300 manat kredit vəsaitini almışdır. Arayışa əsasən, cavabdeh müqavilə üzrə ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməmişdir, nəticədə iddiaçının tam borc məbləğini tələb etmək hüququ yaranmışdır. İddiaçının göndərdiyi pretenziyadan görünür ki, mübahisənin məhkəməyə qədər nizamlama qaydasına riayət edilmişdir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanır. Belə ki, cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziyada cavabdehin həmin tarixə 1386.51 manat əsas, 54.96 manat faiz, 4.97 manat cərimə borcu olmaqla, cəmi 1446.44 manat məbləğində borcunun yaranması qeyd edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1386.51 manat əsas, 54.96 manat faiz, 4.97 manat cərimə borcu olmaqla, cəmi 1446.44 manat borc məbləği İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 34.46 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 0.17 manat hissəsi İddiaçı ASC-nin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1386.51 manat əsas, 54.96 manat faiz, 4.97 manat cərimə borcu olmaqla, cəmi 1446.44 (min dörd yüz qırx altı manat qırx dörd qəpik) manat borc məbləği tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 34.46 (otuz dörd manat qırx altı qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 0.17 (on yeddi qəpik) manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar