Məhkəmə qərarları › İş №e-2(021)-2108/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2108/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2108/2025 10.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X2 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi ilə, cavabdehlər Cavabdeh2 və Cavabdeh3, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, İddiaçı Ləğv proseində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra iddiaçı və ya LPO İddiaçı ASC) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 (bundan sonra cavabdehlər və ya Cavabdeh2, Cavabdeh1, Cavabdeh3) qarşı “Kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC məhkəmədə iddia qaldıraraq cəmi borcu 2.868,27 (iki min səkkiz yüz altmış səkkiz ABŞ dolları 27 sent) ABŞ dolları - bundan 877,52 (səkkiz yüz yetmiş yeddi ABŞ dolları 52 sent) ABŞ dolları əsas, 289,68 (iki yüz səksən doqquz ABŞ dolları 68 sent) ABŞ dolları faiz, 1.575,79 (bir min beş yüz yetmiş beş ABŞ dolları 79 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 125,28 (bir yüz iyirmi beş ABŞ dolları 28 sent) ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 68,77 (altmış səkkiz manat 77 qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Bərdə filialı ilə Cavabdeh2 arasında bağlanmış 328/34-XB nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “Əsas vəsaitin artırılması” məqsədi ilə 24 ay müddətinə illik 33 faiz dərəcəsi ilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən cavabdehə kredit “Əsas vəsaitin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh2” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə Bank arasında ZM-328/34-XB nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4.423,83 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 2.868,27 (iki min səkkiz yüz altmış səkkiz ABŞ dolları 27 sent) ABŞ dolları təşkil edir. Bundan 877,52 (səkkiz yüz yetmiş yeddi ABŞ dolları 52 sent) ABŞ dolları əsas, 289,68 (iki yüz səksən doqquz ABŞ dolları 68 sent) ABŞ dolları faiz, 1.575,79 (bir min beş yüz yetmiş beş ABŞ dolları 79 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 125,28 (bir yüz iyirmi beş ABŞ dolları 28 sent) ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Rəşad Tağızadə məhkəməyə ərizə göndərərək məhkəmə baxışı iclasını iştirakları olmadan keçirib iddia tələblərinin tam təmin edilməsinə dair yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, xx.xx.2014-cü ildə LPO İddiaçı ASC-dən 24 ay müddətinə illik 33 faiz ödəmək şərtilə 4000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Onların banka heç bir borcları qalmamışdır.Hətta onlara restruktruzasiya zamanı bank tərəfindən əlavə pul da qaytarılmışdır. Lakin indi onlardan pul tələb edirlər. Bundan başqa iddiaçı iddia müddətini də ötürmüşdür. Odur ki, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək göstərdi ki, Cavabdeh2 xx.xx.2014-cü ildə LPO İddiaçı ASC-dən 24 ay müddətinə illik 33 faiz ödəmək şərtilə 4000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Özü də Cavabdeh2 zamin olmuşdur. Onların banka heç bir borcları qalmamışdır. Hətta onlara restrukturizasiya zamanı bank tərəfindən əlavə pul da qaytarılmışdır. Lakin hazırda iddiaçı onlardan pul tələb edir. Bundan başqa iddiaçı iddia müddətini də ötürmüşdür. Odur ki, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 13198226 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh2 xx.xx.1970-ci ildə Bərdə rayonu Leninabad kəndində anadan olmuşdur, Bərdə rayonu Samux kəndində qeydiyyatdadır. AZE seriyalı 06807647 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh3 xx.xx.1965-ci ildə Yevlax şəhərində anadan olmuşdur, Bərdə rayonu Samux kəndində qeydiyyatdadır. AZE seriyalı 09314972 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh1 xx.xx.1982-ci ildə Bərdə rayonu Samux kəndində anadan olmuşdur, Bərdə rayonu Samux kəndində qeydiyyatdadır. 15 dekabr 2014-cü il tarixli, 328/34-XB saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı Cavabdeh2 “Əsas vəsaitin artırılması” məqsədi ilə 24 ay müddətinə illik 33 faiz dərəcəsi ilə 4.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 15 dekabr 2014-cü il tarixli ZM-328/34-XB nömrəli zaminlik müqaviləsindən görünür ki, bu Müqavilənin predmeti xx.xx.2014-cü il tarixli 328/34-XB nömrəli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminlərin- Cavabdeh1 və Cavabdeh3 öz üzərlərinə götürməsidir. 328-34-XB saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə 13 aprel 2017-ci il tarixli 02 nömrəli Əlavə sazişdən görünür ki, Kredit aşağıdakı şərtlərlə restruktruzasiya edilir: Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit") 4423.83 (dörd min dörd yüz iyirmi üç ABŞ dolları 83 sent) USD təşkil edir. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. -Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə müvafiq xarici valyuta üzrə Mərkəzi Bankın mövcud məzənnəsi qeyd olunan məzənnədən aşağı düşərsə, Borcalan tərəfindən ödənişlər həmin tarixə Mərkəzi Bankın mövcud məzənnəsi əsas götürülməklə ödənilir. -Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2927.41 (iki min doqquz yüz iyirmi yeddi ABŞ dolları 41 sent) USD əsas borc, 1324.04 (bir min üç yüz iyirmi dörd ABŞ dolları 04 sent) USD faiz borcu və 172.38 (bir yüz yetmiş iki ABŞ dolları 38 sent) USD cərimə borcu təşkil edir. -Restrukturizasiya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və va lazımınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra növbəti hər 12(on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda Kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qraifiki üzrə növbəti hər 12(on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. -Restrukturizasiya edilmiş kredit 12 (on iki) aydan öncə tam bağlanarsa, ödənilmiş məbləğ 12 (on iki) ay yerdə qalan ayları üzrə bu Sazişə əlavə edilmiş ödəniş qrafikinə əsasən hesablanacaq faizlər həcmində dondurulmuş faizlərdən silinir və dondurulmuş faizlərin qalan hissəsi Kreditor tərəfindən güzəşt edilir. - Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. -Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 (səkkiz) faiz təşkil edir. -Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illtk 16 (on altı) faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. 328/34-XB saylı xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi üzrə 13 aprel 2017-ci il tarixli 02 nömrəli Əlavə sazişdən görünür ki, Borcalanın Kreditor qarşısındakı 4423.83 (dörd min dörd yüz iyirmi üç ABŞ dollari 83 sent) USD təşkil edən kredit öhdəliyinin qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit) təşkil edir. - Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2927.41 (iki min doqquz yüz iyirmi yeddi ABS dolları 41 sent) USD əsas borc, 1324.04 (bir min üç yüz iyirmi dörd ABŞ dolları 04 sent) USD ayrıca hesabda dondurulmuş faiz borcu və 172.38 (bir yüz yetmiş iki ABŞ dolları 38 sent) USD cərimə borcu təşkil edir. -Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədəkdir. -Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz cərəcəsı 8 (səkkiz) faiz təşkil edir. -Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 16 (on altı) faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. 24 fevral 2025-ci il tarixli, 12-5/2-V-23-3159/2025 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 20 fevral 2025-ci il tarixinə 877,52 ABŞ dolları əsas, 289,68 ABŞ dolları faiz, 1575,79 ABŞ dolları dəbbə pulu, 125,28 ABŞ dolları kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 2868,27 ABŞ dolları məbləğində kredit borcu vardır. 11 aprel 2025-ci il tarixli, **********31 saylı mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 68,77 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarından müəyyən edilir ki, iddia ərizəsi 18 aprel 2025-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə” dair 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki:

1. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir;

2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır;

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, Cavabdeh2 24 ay müddətinə, illik 33 faiz dərəcəsi ilə, 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə Bank arasında ZM-328/34-XB nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı, yəni restrukturizasiya edilmiş kredit 4.423,83 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Göründüyü kimi, müqavilənin icra müddəti 13 aprel 2022-ci ildə bitmişdir. Azərbaycan Respublikasının MM-nin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddətinin axımı həmin dövrdən başlandığından iddia müddəti də 13 aprel 2025-ci ildə bitmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə 18 aprel 2025-ci ildə müraciət etmişdir. Belə olan halda, iddiaçı məhkəmədə iddia qaldırdığı zaman MM-nin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddətini beş gün müddətə üzrsüz səbəbdən buraxmışdır. Məhkəmənin qənaətinə görə, iddia müddəti hər hansı üzrlü səbəb olmadan ötürülmüşdür. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh3 qarşı “Kredit borcunun qaytarılması” tələbinə dair iddiaçı LPO İddiaçı ASC tərəfindən Azərbaycan Respublikasının MM-nin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən iddia tələbi təmin edilməməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, 68,77 manat məbləğində dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-nə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

Qətetdi:

İddiaçı Ləğv proseində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “Kredit borcunun qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar