Məhkəmə qərarları › İş №e-2(021)-2264/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2264/2024

17.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2264/2024 17.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" QSC-nin cavabdeh Məlikov Seymur Hüseyn oğluna qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məlikov Seymur Hüseyn oğlundan 256.25 manat məbləğində zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" QSC iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh Məlikov Seymur Hüseyn oğlu ilə "xxxx" QSC arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli, 2(021)-2494/2021 saylı Məhkəmə qətnaməsi qəbul olunmuşdur. İddiaçı "xxxx" QSC “X1” MMC ilə bağlanmış xx.xx.2016 -ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini “X1” MMC-yə sifariş etmişdir. “X1 MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək Məhkəmə qətnaməsi üzrə ödənilməmiş pul borcu, o cümlədən ödənilən xx.xx.2022-ci il tarixindəki 300 manat, xx.xx.2022-ci il tarixindəki 150 manat, xx.xx.2022-ci il tarixindəki 250 manat, xx.xx.2022-ci il tarixindəki 250 manat, xx.xx.2022-ci il tarixindəki 150 manat, xx.xx.2022-ci il tarixindəki 500 manat, xx.xx.2022-ci il tarixindəki 105.03 manat manatın geri ödənilməsini təmin etmişdir. Məlikov Seymur Hüseyn oğlu tərəfindən ödənilən vəsait “X1” MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən “X1”MMC -yə 256.25 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2016 -ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirrmiş olduğu xidmətlərə görə “X1” MMC-yə cavabdeh(lər) tərəfindən"xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 256.25 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdeh Məlikov Seymur Hüseyn oğlu iddia ərizəsinin, müqavilənin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə məlumatlandırılmışdır. Lakin cavabdeh Məlikov Seymur Hüseyn oğlu iddia tələbinə etirazının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məlikov Seymur Hüseyn oğlu xx.xx.1980-ci ildə ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-ci il tarixli güzəştli kredit və zaminlik müqaviləsindən görünür ki,"xxxx" QSC tərəfindən cavabdeh Məlikov Seymur Hüseyn oğluna 1678 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-2494/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh Məlikov Seymur Hüseyn oğlundan 1684.95 manat əsas borc , 8.67 manat faiz borcu, 0.45 manat cərimə, 4.80 manat müqavilə üzrə öhdəlikləri pozduqlarına görə cavabdehlərə bildiriş göndərilməsi üçün poçt xərcləri, cəmi 1689.75 manat və 20 manat ödənilmiş dövlət rüsumu İddiaçı"xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, İddiaçı "xxxx" QSC “X1” MMC ilə bağlanmış xx.xx.2016 -ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin şərtlərinə uyğun olaraq Məlikov Seymur Hüseyn oğlu tərəfindən ödənilən son tarix xx.xx.2022-ci il tarixinə 1705.03 manat “X1” MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə "xxxx" QSC tərəfindən “X1” MMC–yə 256.25 manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsindən görünür ki, İddiaçı "xxxx" QSC “X1” MMC ilə bağlanmış xx.xx.2016 -ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini “X1” MMC -yə sifariş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-ci il tarixli bildirişdən görünür ki, cavabdeh Məlikov Seymur Hüseyn oğluna kredit müqaviləsi üzrə borcun qaytarılması barədə bildiriş göndərilmiş, bildirişdə göstərilən cəmi 256.25 manat məbləğ olması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh Məlikov Seymur Hüseyn oğlu ilə "xxxx" QSC arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməməlidir, ona görə ki, məhkəmə qərarlarının icrası məcburi xarakter daşıyır, icra sənədinin icrası borclunun qeydiyyatda olduğu yer üzrə icra idarələri (şöbələri) tərəfindən həyata keçirilir. İddiaçı (tələbkar) qurumun “X1” MMC ilə bağladığı müqavilə könüllü əsaslarla, iddiaçının öz seçimi ilə bağlanmışdır. Bu səbəbdən cavabdehdən ödənilmiş xidmət haqqına dair maddi ziyanın tələb edilməsi qanuni və əsaslı deyildir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" QSC –yə aid edilməlidir. MPM-in 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və MPM-in 214, 2560.81-220, 233, 284-1-284-6, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

1. İddiaçı "xxxx" QSC-nin cavabdeh Məlikov Seymur Hüseyn oğluna qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin.

2. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər.

3. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar