Məhkəmə qərarları › İş №e-2(021)-2303/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2303/2023

16.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2303/2023 16.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs qarşı “ pul və əldən çıxmış ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13700 manat pulun, 3500 manat əldən çıxmış faydanın, ödənilmiş 143.40 manat dövlət rüsumunun və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən 500 manat xərcin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində Bərdə rayon sakini Cavabdeh **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı Kia Ceed markalı avtomobili 13700 manata satın almışdır. Avtomobili alarkən hər hansı bir problem olması barədə ona məlumat verilməmişdir. Sonradan cavabdeh ona zəng edərək avtomobili dərhal adına rəsmiləşdirməyi tələb etmişdir. O da rəsmiləşdirmə üçün DYP-nin X8 imtahan və X9 müraciət etmişdir. Sənədləri hazır olana yaxın məlumat vermişdilər ki, onun adına verilən etibarnamə mülkiyyətçi Maraqlı şəxs tərəfindən ləğv edilib. O, avtomobili adına rəsmiləşdirə bilməyib Cavabdeh ilə əlaqə saxlamışdır. O, Maraqlı şəxslə kiminsə pul haqq hesabları olduğunu və onların mübahisəsi düşdüyü üçün Aslanın etibarnaməni ləğv etdirdiyini bildirmişdir. O, məsələ ilə bağlı 102 qaynar xətt xidmətinə və Daxili İşlər Nazirliyinə müraciətlər ünvanlamışdır. Polis idarəsində cavabdeh və üçüncü şəxslər ondan 137000 manat almasını, etibarnaməni ləğv etdirmələrini etiraf etmişlər. O da düşünür ki, faktla bağlı araşdırmanın nəticəsində cinayət işi başlanıb-başlanmayacağı qeyrimüəyyəndir, başlasa belə uzun müddət çəkəcəkdir. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, bu danışıqlar heç bir fayda verməmişdir və ona görə də tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, o avtomobili etibarnamə əsasında X2 almışdır. Həmin avtomobili 13700 manata İddiaçı etibarnamə əsasında satmışdı. Avtomobili satdıqdan bir neçə gün sonra Səbuhi ona zəng edib avtomobili adına sənədləşdirib ya yox deyə soruşmuşdu. O da bildirmişdir ki, avtomobili başqa adama satıb. Söhbəti uzatmadı, ondan şübhələndiyi üçün dərhal İlqara zəng edib avtomobili öz adına sənədləşdirilməsini bildirib. Səhəri gün Səbuhi ona zəng edərək etibarnamənin ləğv olunduğunu bildirdi. Sonradan avtomobili birinci sahibi olan Aslana zəng edib o da bildirib ki, Emin adlı şəxsin ona borclu olduğundan etibarnamənin ləğv etdirib. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs bildirdi ki, X6 avtomobili Gürcüstan Respublikasından gətirərək 12600 manat müqabilində adına sənədləşdirib.Bir həftə sonra Emin ona dedi ki, Səbuhi adlı dostu avtomobili satmaq istəyir. O da Eminə güvənərək etibarnamə əsasında Səbuhiyə avtomobili verib, Səbuhi isə pulunu vermədi ki, arada Emin var narahat olma. Bir müddət sonra pulu qayıtmadığına görə etibarnaməni ləğv etdirmişdir. Hazırda avtomobil İddiaçı faktiki sahibliyindədir. İlqarın aldandığına inanır, lakin hələ ki, avtomobili ondan tələb etmir. Məhkəmənin işə hansı qiymət verəcəyni gözlədiyini bildirdi. Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AA №0292232 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş X1 Şəhadətnaməsinin surətindən görünür ki, “KİA” markalı “CEED” model, “universal” tipli, açıq qəhvəyi metallik rəngli, 57CB698 dövlət qeydiyyat nömrə nişanlı avtomobil Maraqlı şəxs mülkiiyətindədir. Mülki işə əlavə edilmiş ƏN-Vİ №415122 nömrəli Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında Etibarnamənin surətindən görünür ki, Maraqlı şəxs, “KİA CEED” minik markalı 57CB698 dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə dair İddiaçı 9 il 2 ay müddətinə (xx.xx.2023-dən- xx.xx.2032-ci il tarixədək ) nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir. Mülki işə əlavə edilmiş “Nəqliyyat vasitəsinə sərəncam verilməsinə” dair xx.xx.2022ci il tarixli Etibarnamənin surətindən görünür ki, “KİA CEED” minik markalı 57CB698 dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin mülkiyyətçisi Maraqlı şəxs tərəfindən həmin avtomobilə dair Cavabdeh, Cavabdeh tərəfindən isə İddiaçı “sürücülük hüququ olduqda idarə etmək, ipotaka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər etmək və qeydiyyatdan çıxarmaq” səlahiyyətləri verilmişdir. Mülki işə əlavə edilmiş Binəqədi RPİ-nin materialların cinayət işinə birləşdirilməsi haqqnda qərardan müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi fərdi tikilidə yaşayan X5 xx.xx.2023-cü il tarixdə ərizə ilə Binəqədi RPİ-nin 40-cı PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, avtomaşın alqı satqısı ilə məşğul olan tanışı X7 ondan hissə hissə olmaqla ümumilikdə 26000 manat pul alaraq dələduzluq etmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yaşayan İddiaçı 30 yanvar 2023-cü il tarixdə Şəki ŞRPŞ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, 06 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu X13 ünvanında yerləşən Avtomobil satışı Mərkəzində Cavabdeh 13.700 manata "KİA Ceed" markalı 57 CB-698 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamı ilə almış, 12 yanvar 2023-cü il tarixdə həmin avtomobili Şəki rayonunda öz adına rəsmiləşdirmək istəyən zaman Cavabdeh tərəfindən verilmiş etibarnamənin ləğv edildiyini aşkar etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, "KİA Ceed" markalı 57 CB-698 dövlət qeydiyyat nişanlı avtomobili əsas sahibi Maraqlı şəxsdur və o, avtomobili satması üçün X3 baş etibarnamə vermişdir. S.Şükürov avtomobili Emin Cavadovdan aldığını bildirib, Cavabdeh baş etibarnamə ilə satdqdan sonra Cavabdeh da baş etibarnamə ilə İddiaçı satmışdır. Lakin Maraqlı şəxs avtomobilin pulu verilmədiyindən avtomobillə bağlı olan baş etibarnamələri ləğv etdirmişdir. İddiaçı qarşı dədləduzluq etmiş şəxsin X6 olduğu qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2023-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 143 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, KİA Ceed" markalı 57 CB-698 dövlət qeydiyyat nişanlı avtomobili əsas sahibi Maraqlı şəxsdur və o, avtomobili satması üçün X3 baş etibarnamə vermişdir. S.Şükürov avtomobili Emin Cavadovdan aldığını bildirib, Cavabdeh baş etibarnamə ilə satdıqdan sonra Cavabdeh da baş etibarnamə ilə İddiaçı satmışdır. Lakin Maraqlı şəxs avtomobilin pulu verilmədiyindən avtomobillə bağlı olan baş etibarnaməni ləğv etdirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-cı maddəsinə əsasən, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin məcəllənin 573.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsin əəsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində əldə çıxmış faydanın ödənilməsini tələb etsə də, bu hal sübutlar vasitəsi ilə əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı, cavabdehin göstərilən hərəkəti nəticəsində əldən çıxmış faydanın məbləğini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, əldən çıxmış faydanın sübut olunması üçün iddiaçının hər hansı bir sübut təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1 ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İşdən müəyyən olunur ki, iddiaçı vəkil xidmətinə görə 500 manat ödəniş etmişdir. Belə olan halda 500 manat Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 143 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh, Maraqlı şəxs qarşı “ pul və əldən çıxmış ziyan” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh oğundan 13700 (on üç min yeddi yüz) manat və vəkil xidmətinə görə 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 143 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar