Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2416/2024 08.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X2 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bank olmayan kredit təşkilatı İddiaçı (bundan sonra iddiaçı və ya BOKT "xxxx" MMC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli BRD/2024/02-001/ÇXR saylı Kredit müqaviləsinə əsasən Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-in xeyrinə xx.xx.2024-ci il tarixə olan əsas borc 3649 manat, faiz borcu 593.35 manat və dəbbə pulu 1477.30 manat olmaqla, ümumilikdə 5719.65 (beş min yeddi yüz on doqquz manat 65 qəpik) manat pulun və 77.20 (yetmiş yeddi manat 20 qəpik) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Bank olmayan kredit təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-ci il tarixli BRD/2024/02- 001/ÇXR saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh illik 32 (otuz iki) faiz olmaqla 1 (bir) ay müddətinə 3649 (üç min altı yüz qırx doqquz) manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən göstərilən kredit məbləği və ona hesablanmış faizlərin ödənişi pozulmuşdur və xx.xx.2024-cü il tarixinə kredit üzrə ümumi 5719.65 (beş min yeddi yüz on doqquz manat 65 qəpik) məbləğində (əsas borc 3649 manat, faiz borcu 593.35 manat və dəbbə pulu 1477.30 manat) borc yaranmışdır. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək məhkəmə baxış iclasında iştirak edə bilməyəcəklərini, məhkəmə iclasında iştirak edə bilməmələrinin üzürlü hesab edilməsini, iddia tələblərini müdafiə etdiklərini qeyd edərək məhkəmə baxışı iclasının onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərdi ki, kredit müqaviləsinə əsasən iddiaçı BOKT"xxxx" MMC tərəfindən ona illik 32 % olmaqla 1 ay müddətinə 3649 manat məbləğində kredit verilmişdir. Onun başqa Lombard təşkilatında qızılları olmuş, qızılları girovdan azad etmək üçün iddiaçı BOKT "xxxx" MMC-yə müraciət edərək bir aylıq kredit götürmüş, lakin nə qızılları girovdan azad edə bilmiş, nə də kredit üzrə borcunu ödəyə bilmişdir. Hazırda işsizdir. İddiaçıya müraciət edərək kredit borcunu hər ay 50 manat ödəməklə bağlamağı təklif etmiş, lakin iddiaçı onunla razılaşmamışdır. İddianı qəbul edir və təmin edilməsinə etiraz etmir. Məhkəmə cavabdehi dindirib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Cavabdeh xx.xx.1979-cu ildə Bərdə rayonu Şatırlı kəndində anadan olmuşdur, Bərdə rayonu Şatırlı kəndində qeydiyyatdadır. 23 fevral 2024-cü il tarixli BRD/2024/02-001/ÇXR nömrəli istehlak kredit müqaviləsindən görünür ki, Borcverən-"xxxx" MMC şəxsi məqsədlər üçün Borcalan- Cavabdeh 3649 (üç min altı yüz qırx doqquz) manat məbləğində kredit verir. -Kredit 1 (bir) ay müddətinə verilir. -Kreditdən istifadəyə görə faiz dərəcəsi, verilmiş məbləğin illik 32% təşkil edir. -Borcalan borcverənə müqavilə məbləğinin 0,5%-i həcmdə birdəfəlik komissiya haqqı ödəyir və alınacaq komissiya haqqı kredit məbləğindən tutulur. -Komisyon və xidmət haqqın gələcəkdə mübahisə predmeti olmaması barədə tərəflər razılığa gəlirlər. -Müqavilə üzrə FİFD (faktiki illik faiz dərəcəsi) 38,18 təşkil edir. 21 iyun 2024-cü il tarixli 115 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 21 iyun 2024-cü il tarixə "xxxx" MMC-nə 3649 manat əsas, 593,35 manat faiz, 1477,30 manat cərimə olmaqla, cəmi 5719,65 manat borcu vardır. 23 may 2024-cü il tarixli BRD-xx-xx/2024 nömrəli xəbərdarlıqdan görünür ki, Cavabdeh banka olan bütün borcunu 10 gün müddətində ödəməsi tələb edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 77,20 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Bank olmayan kredit təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-ci il tarixli BRD/2024/02- 001/ÇXR saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, cavabdehə illik 32 (otuz iki) faiz olmaqla 1 (bir) ay müddətinə 3649 (üç min altı yüz qırx doqquz) manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən göstərilən kredit məbləği və ona hesablanmış faizlərin ödənişi pozulmuşdur və xx.xx.2024-cü il tarixinə kredit üzrə ümumi 5719.65 (beş min yeddi yüz on doqquz manat 65 qəpik) məbləğində (əsas borc 3649 manat, faiz borcu 593.35 manat və dəbbə pulu 1477.30 manat) borc yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Beləliklə, "xxxx" MMC kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas məbləğ üzrə 3649 manat, faiz borcu üzrə 593,35 manat, cərimə borcu üzrə 1477,30 manat olmaqla, cəmi 5719,65 manat məbləğində kredit borcunun, dövlət büdcəsinə köçürülmüş 77,20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 23 fevral 2024-cü il tarixli BRD/2024/02-001/ÇXR nömrəli kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə kreditin borcluya verilməsi öhdəliyini, borclu isə bu kredit borcunu hissə-hissə qaytarılması öhdəliyini öz üzərinə götürür. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Azərbaycan Respublikasının MM-nin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 462.1-ci mаddəsinə görə, dəbbə pulu (cərimə, penyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi və yа lаzımıncа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrclunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. 463.2-ci mаddəsinə görə, dəbbə pulu hаqqındа rаzılаşmа əsаs öhdəliyin fоrmаsındаn аsılı оlmаyаrаq yаzılı fоrmаdа bаğlаnmаlıdır. 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə belə hesab edir ki, iddiaçı "xxxx" MMC tərəfindən müəyyən edilmiş 1477,30 manat məbləğdə cərimə (dəbbə pulu) tənasübsüz surətdə yüksək məbləğdir. Ona görə də cərimənin (dəbbə pulu) azaldılaraq 30 (beş) manat məbləğində saxlanılması daha məqsədəuyğun olmaqla, bunun kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqları da qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi əsas, faiz və cərimə borcuna münasibətdə qanuni və əsaslı olduğundan həmin hissələrdə iddia təmin edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçı "xxxx" MMC öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 77,20 (yetmiş yeddi manat 20 qəpik) manat dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 62,72 (altmış iki manat 72 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Bank olmayan kredit təşkilatı İddiaçı Cavabdeh qarşı “Kredit borcunun qaytarılması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 23 fevral 2024-cü il tarixli BRD/2024/02-001/ÇXR nömrəli kredit müqaviləsi üzrə 3649 (üç min altı yüz qırx doqquz) manat əsas borc, 593,35 (beş yüz doxsan üç manat 35 qəpik) manat faiz borcu, 30 (otuz) manat cərimə borcu və 62,72 (altmış iki manat 72 qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4335,07 (dörd min üç yüz otuz beş manat 07 qəpik) manat məbləğində pul tutularaq Bank olmayan kredit təşkilatı İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №e-2(021)-2416/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2416/2024
08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver