Məhkəmə qərarları › İş №e-2(021)-2425/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2425/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2425/2025 25.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi ilə, İddiаçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə rayon məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 726,23 manat əsas, 5,35 manat faiz, 0 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10,40 manat faiz, cəmi 741,98 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 115.LN.1676.261119.00003 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 993,41 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh1 tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 741,98 manat təşkil edir. Bundan 726,23 manat əsas, 5,35 manat faiz borcu, 0 manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10,40 manat faiz borcu təşkil edir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinin, müqavilənin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə məlumatlandırılmışlar. Lakin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə etirazlarının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 115.LN.1676.261119.00003 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 993,41 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 115.LN.1676.261119.00003/a saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin qismində kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli, 12-5/2-R-41-4585/2025 nömrəli maliyyə arayışından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC-nin müştərisi olan Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 115.LN.1676.261119.00003 saylı kredit müqaviləsi üzrə 726,23 manat əsas, 5,35 manat faiz, 0 manat cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10,40 manat faiz, cəmi 741,98 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat banka xidmət haqqı ödəmişdir. xx.xx.2022-ci il tarixli Xəbərdarlıqdan görünür ki, cavabdehlər borcun məbləği barədə xəbərdar edilmiş, borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Həmin bildirişə əlavə edilmiş reyestrdən görünür ki, bildiriş borclunun ünvanına göndərilmişdir. AZE №0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1962-ci ildə Bərdə rayonu, Çələbilər kəndində doğulmuşdur, Bərdə rayonu, Çələbilər kəndində yaşayır və qeydiyyatdadır. AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1955-ci ildə Bərdə rayonu, Lənbəran kəndində doğulmuşdur, Bərdə rayonu, Lənbəran kəndində yaşayır və qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 115.LN.1676.261119.00003 saylı kredit müqaviləsinə əsasən, 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 993,41 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 zamin qismində kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Nəticədə cavabdehlərin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə İddiaçı ASC-yə 726,23 manat əsas, 5,35 manat faiz, 0 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10,40 manat faiz borcu, cəmi 741,98 manat borcu yaranmışdır. Həmçinin zamin Cavabdeh1 zaminlik müqaviləsinə əsasən borcalanın bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Beləliklə, Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 726,23 manat əsas, 5,35 manat faiz, 0 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10,40 manat faiz borcu, cəmi 741,98 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, borclular bank qarşısında götürdüləri öhdəlikləri yerinə yetirməmiş və Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Mülki Məcəllənin 741.2-ci maddəsinə əsasən borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və kredit müqaviləsi üzrə yaranmış borcu cavabdehlər iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 500 manat əsas, 78,96 manat faiz, 15 manat cərimə, 0 manat komisyon haqqı, cəmi 593,96 manat kredit borcu iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödəmişdir. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməli, dövlət rüsumunun ödənilməsi zamanı ödənilmiş 0,40 manat bank xidmət haqqı isə tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 726,23 manat əsas, 5,35 manat faiz, 0 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10,40 manat faiz, cəmi 741,98 (yeddi yüz qırx bir manat doxsan səkkiz qəpik) manat kredit borcu və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Dövlət rüsumu ödənilərkən ödənilmiş 0,40 (qırx qəpik) xidmət haqqı iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar