Məhkəmə qərarları › İş №e-2(021)-2448/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2448/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2448/2025 30.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi ilə, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı “X1” ASC Cavabdeh iddiaçının xeyrinə 1384.3 manat əsas, 271.95 manat faiz, 88.45 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1744.7 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 37.87 manat məbləğində vəsaitin tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı “X1” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən əsasən borcverən borcalana 36 ay müddətinə, illik 29.5 faiz ödəmək şərtilə 3000 manat məbləğində kredit xətti ayırır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən “Bu müqavilə üzrə borcalan ayrılan kredit məbləği oferta çərçivəsində borcalan verilən ödəniş kartına köçürülür”. Bu müqavilə “X1” ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş və borcalanın yazılı razılığı ilə bütün şərtləri onun tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli 01U/21 saylı ümumi oferta çərçivəsində bağlanır. Bu müqavilədə nəzərdə tutulmayan və tərəflər arasında münasibətləri tənzimləyən bütün digər şərtlər oferta ilə tənzimlənidr. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə “X1” ASC-yə 1384.3 manat əsas, 271.95 manat faiz, 88.45 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1744.7 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “X1” ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdehin etirazı: Cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2021-ci il tarixli Bank xidmətlərinə dair 01U/21 saylı Ümumi ofertadan görünür ki, bank xidmətlərini özündə cəmləşdirən ümumi ofertanı rezident və qeyri-rezident fiziki şəxslərə təqdim edir. xx.xx.2022-ci il tarixli Ərizədən və imza nümunəsindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 01U/21 saylı ümumi ofertanı qəbul etmişdir. Ərizənin 5-ci bəndində qeyd olunub ki, bankla Cavabdeh arasında bütün münasibətlər, yazışmalar, sənədlərin imzalanması əlyazma/fiziki imza ilə yanaşı, sonuncuya məxsus ********* mobil nömrəsinin bağlı olduğu mobil əlavə, SMS və ya bankın texniki imkanları nəzərə alınmaqla digər sənəd mübadiləsi yolu ilə elektron üsulla, həmçinin video zənglə imzalana bilər. xx.xx.2022-ci il tarixli 8809nkBRDb/22 saylı Kredit xətti müqaviləsindən görünür ki, iddiaçı “X1” ASC tərəfindən Cavabdeh 36 ay müddətinə, xx.xx.2025-ci il tarixinədək illik 29.5% ödəmək şərtilə 3000 manat məbləğində kredit xətti ayrılmış. xx.xx.2025-ci il tarixli Bildirişdən və bildirişin çatdırılmasına dair qaimədən görünür ki, cavabdehin həmin tarixə 1384.3 manat əsas borc, 183.03 manat faiz borcu və 36.27 manat cərimə borcu olmaqla, cəmi 1603.6 manat məbləğində borcu yaranmışdır. Cavabdehə banka olan borc məbləğinin 3 iş günü müddətində tam olaraq ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli Cavabdeh 8809nkBRDb/22 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə borcunu əks etdirən cədvəldən görünür ki, sonuncunun 1384.3 manat əsas borc, 271.95 manat faiz borcu və 88.45 manat cərimə borcu olmaqla, cəmi 1744.7 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, «X1» ASC məhkəmədə iddia qaldırmaq üçün 37.47 manat dövlət rüsumu və bu rüsumun ödənilməsinə görə 0.40 manat xidmət haqqı ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (Mülki Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə kredit müqaviləsini bağlamış, ona ayrılmış kredit vəsaitini almış, o, ayrılmış kredit məbləğinin qaytarılmasını təmin edilməsinə dair öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdeh nəzərdə tutulmuş müddətdə ödənişi həyata keçirməmiş, yəni öhdəliyi lazımınca icra etməmişdir, nəticədə iddiaçının tam borc məbləğini tələb etmək hüququ yaranmışdır. Bildirişdən görünür ki, mübahisənin məhkəməyə qədər nizamlama (pretenziya) qaydasına riayət edilmişdir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanır. Belə ki, cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli Bildirişdə cavabdehin həmin tarixə 1384.3 manat əsas borc, 183.03 manat faiz borcu və 36.27 manat cərimə borcu olmaqla, cəmi 1603.6 manat məbləğində borcunun yaranması qeyd edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1384.3 manat əsas borc, 183.03 manat faiz borcu və 36.27 manat cərimə borcu olmaqla, cəmi 1603.6 manat borc məbləği iddiaçı “X1” ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 36.03 manat dövlət rüsumunun, 0.40 manat xidmət haqqının əvəzi Cavabdeh tutularaq iddiaçı “X1” ASC-nin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 1.44 manat hissəsi iddiaçı “X1” ASC-nin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1384.3 manat əsas borc, 183.03 manat faiz borcu və 36.27 manat cərimə borcu olmaqla, cəmi 1603.6 (min altı yüz üç manat altmış qəpik) manat borc məbləği iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 36.03 (otuz altı manat üç qəpik) manat dövlət rüsumunun, 0.40 (qırx qəpik) manat xidmət haqqının əvəzi Cavabdeh tutularaq iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 1.44 (bir manat qırx dörd qəpik) manat hissəsi iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə aid edilsin.

Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar