Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2490/2025 04.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi ilə, İddiaçı Atasığorta ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Atasığorta ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 706 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 736 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində PAA**********8 saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 2101” markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2021-cü il tarixdə “VAZ 2101” markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bərdə rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində “VAZ 21063” markalı, 02BO619 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 706,00 (yeddi yüz altı) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Bərdə Rayon Məhkəməsinin Qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin qeyd olunan Qərarda Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 2101” markalı, 10HA825 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1ci və 284-5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş AC N 430921 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ 21063” markalı, 02BO619 dövlət qeydiyyat nişanlı avtomobil X1 adına qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, X2 mülkiyyətində olan VAZ 21063” markalı, 02BO619 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətlərini X3 etibar etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli AD N 816287 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ““VAZ 2101” markalı, 10HA825 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “VAZ 2101” markalı, 10HA825 dövlət qeydiyyat nişanlı avtomobili idarə Cavabdeh Azərbaycan Respublikasının İXM 327.2-ci, 332.2-ci, 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Mülki işə əlavə edilmiş hesablama aktından görünür ki, VAZ 21063” markalı, 02BO619 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə baş vermiş qəza nəticəsində zərər dəymiş, ehtiyat hissələri 353 manat dəyərində olmaqla, hissələrin təmirinə 212 manat, cəmi 565 manat xərc hesablanmışdır. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən müəyyən olunur ki, X3 706 manat məbləğində siğorta ödənişi həyata keçirilmişdir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, AtaSığorta” ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində sığorta müqaviləsi bağlanmış və “VAZ 2101” markalı, 10HA825 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2021-cü il tarixdə “VAZ 2101” markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bərdə rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində “VAZ 21063” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinə əsasən, sığortalının, təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 20.6-cı maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Məhkəmə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur və iddiaçı həmin pulu subroqasiya qaydasında cavabdehdən tələb etməkdə haqlıdır və həmin pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməldir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı Atasığorta ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır . Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh oğlundan 706 (yeddi yüz altı) manat məbləğində pul tutularaq iddiaçı Atasığorta ASC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulаrаq iddiaçı Atasığorta ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №e-2(021)-2490/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2490/2025
04.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver