Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-265/2024 03.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X2 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı “X3 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra iddiaçı və ya "xxxx" ASC) cavabdehlər Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh2) və Cavabdeh1 (bundan sonra cavabdeh və ya Cavabdeh1) qarşı “Kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək borclular ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli MR0016555-2022 nömrəli Kredit və ZM1- MR0016555-2022 saylı Zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh1 ödənilməmiş 4351,95 (dörd min üç yüz əlli bir manat 95 qəpik) manat məbləğində əsas borcu, 682,05 (altı yüz səksən iki manat 05 qəpik) manat faiz borcu olmaqla, cəmi 5034 (beş min otuz dörd) manat məbləğində pulun və ödənilmiş 70,34 (yetmiş manat 34 qəpik) manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin iddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh2 bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" ASC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla "xxxx" ASC (bundan sonra təşkilat) arasında xx.xx.2022-ci il tarixli MR0016555-2022 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, borcluya 24 ay müddətinə, illik 29 % olmaqla 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh1 ilə ZM1-MR0016555-2022 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Kredit öhdəliyinin aylıq ödənişləri zamanı gecikmələr yaranmış və kredit öhdəliyi artıq 4 aydır gecikmədədir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2022-ci il tarixindən bu günə qədər cavabdeh götürdüyü 5000 manat məbləğində əsas borcdan 648,05 (altı yüz qırx səkkiz manat 05 qəpik) ödəniş etmiş, müqavilənin 2.1-ci bəndinə əsasən hesablanmış borcundan 463,42 (dörd yüz altmış üç manat 42 qəpik) manat və müqavilənin 7.2-ci bəndinə əsasən hesablanmış cərimə borcundan 9,53 (doqquz manat 53 qəpik) ödəniş etmişdir. Beləliklə, hazırda borclunun ödənilməmiş 4351,95 (dörd min üç yüz əlli bir manat 95 qəpik) məbləğində əsas borcu, 682,05 (altı yüz səksən iki manat 05 qəpik) faiz borcu olmaqla, cəmi 5034 (beş min otuz dörd) manat məbləğində borcu qalmışdır. Təşkilatla borclu arasında bağlanmış xx.xx.2022-ci il tarixli MR0016555-2022 nömrəli çərçivə kredit müqaviləsinin 5.7.3 bəndinə əsasən ödəniş xətti üzrə əsas borcun qaytarılması və ya faizlərin ödənilməsi 30 gündən artıq müddətə gecikdirildikdə “Kreditor”un vaxtından əvvəl tələb etmə hüququ yaranır. Təşkilatla cavabdehin zamini arasında bağlanmış xx.xx.2022ci il tarixli ZM1 -MR0016555-2022 saylı Zaminlik müqaviləsinin 2.2 bəndinə əsasən borclu (cavabdeh) müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürüblər. Həmin müqavilənin 2.3 bəndinə müvafiq olaraq Zamin, borclu (cavabdeh) tərəfindən müvafiq kredit müqaviləsinə əsasən məbləğ və faiz məbləğinin qaytarılmasına, habelə bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürüb. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə vəsatət göndərərək iddianı müdafiə etdiyini, məhkəmə proseslərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə baxışı iclasında iştirak edə bilməməsini nəzərə alaraq məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək göstərdi ki, 2022-ci ilin noyabr ayında "xxxx" ASC-dən 5000 manat məbləğində kredit götürmüş, anası Cavabdeh1 ona zamin olmuşdur. Maddi vəziyyəti ilə əlaqədar olaraq kredit borcunu ödəyə bilməmişdir. İddianın ekspert rəyinə uyğun qaydada təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında Cavabdeh1 göstərdi ki, oğlu Cavabdeh2 "xxxx" ASC-dən 5000 manat məbləğində kredit götürmüş, özü də oğluna zamin olmuşdur. Aylıq ödənişi 280 manat olmuş, kredit borcundan bir hissəsini ödəmiş, lakin son vaxtlar maddi vəziyyətləri ilə əlaqədar olaraq ödəniş edə bilməmişlər. İddianın ekspert rəyinə uyğun qaydada təmin olunmasına etiraz etmir. Məhkəmə cavabdehlərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1988-ci ildə Bərdə rayonu Dəymədağıldı kəndində anadan olmuşdur, Bərdə rayonu Dəymədağıldı kəndində qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1964-cü ildə Bərdə rayonu Təzəkənd kəndində anadan olmuşdur, Bərdə rayonu Təzəkənd kəndində qeydiyyatdadır. 16 noyabr 2022-ci il tarixli MR0016555-2022 saylı kredit müqaviləsindən görünür ki, Kreditor-"xxxx" QSC “Kredit alan”-Cavabdeh2 5000 (beş min) manat məbləğində kredit verməyi, “Kredit alan” isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə “Kreditor”a illik 29% ödəməyi öhdəsinə götürür. -Kredit 24 ay müddətinə verilir. 16 noyabr 2022-ci il tarixli ZM1-MR0016555-2022 saylı zaminlik müqaviləsindən görünür ki, “Zamin”-Cavabdeh1 bu müqaviləyə əsasən Cavabdeh2 “Kreditor” qarşısında öhdəliklərinin tamamilə icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürür. -Bu müqaviləyə əsasən “Zamin” “Borclu”nun “Kreditor”la bağladığı xx.xx.2022-ci il tarixli MR0016555-2022 saylı kredit müqaviləsinə əsas götürdüyü 5000 manat məbləğində kredit borcunun və ona hesablanmış faizlərin vaxında qaytarılmasına təminat verir. 28 avqust 2023-cü il tarixli BŞ-1225/2023 saylı arayışdan görünür ki, Cavabdeh2 təşkilata 4351,95 manat məbləğində əsas borcu, 682,05 manat faiz borcu, cəmi 5034 manat məbləğində borcu qalmışdır. xx.xx.2023-cü il tarixli BŞ-1169/2023 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh2 öhdəliklərini 16 avqust 2023-cü il tarixinə qədər yerinə yetirməyi və gələcək ödənişlərdə bir daha gecikmə və ya müqaviləni poza biləcək hansısa problem yaratmaması təklif edilmiş, əks halda, təşkilat olaraq cəmi kredit vəsaitini vaxtından əvvəl tələb etməklə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində olacaqları barədə xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 70,34 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qərardadına əsasən iddiaçı «X3 Kredit Təşkilatı» ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “Kredit borcu” tələbinə dair mülki iş üzrə Məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2024-cü il tarixli 9/1595 saylı Məhkəmə-mühasibatlıq ekspertizası Rəyindən görünür ki, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və 16 noyabr 2022-ci il tarixli MR0016555-2022 nömrəli kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh2 “X3 Kredit Təşkilatı” ASC-yə xx.xx.2023cü il tarixə 4348,50 manat əsas borc, 560,47 manat faiz borcu vardır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cavabdeh2 16 noyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC-dən 5000 manat məbləğində kredit götürmüşdür. İddiaçı iddia ərizəsində cavabdehlərdən 4351,95 manat məbləğində əsas kredit borcu, 682,05 manat məbləğində faiz borcu olmaqla, cəmi 5034 manat məbləğində pul tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 aprel 2024-cü il tarixli 9/1595 saylı Rəyindən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixə 4348,50 manat əsas, 560,47 manat faiz borcu vardır. Ona görə də iddia tələbi əsas və faiz borcuna münasibətdə ekspert rəyinə uyğun qaydada təmin edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh2 4348,50 manat əsas, 560,47 manat faiz borcu olmaqla, cəmi 4908,97 manat məbləğində kredit borcunun yaranması sübuta yetirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 16 noyabr 2022-ci il tarixli MR0016555-2022 saylı kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə kreditin borcluya verilməsi öhdəliyini, borclu isə bu kredit borcunu hissə-hissə qaytarılması öhdəliyini öz üzərinə götürür. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Azərbaycan Respublikasının MM-nin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zamin Cavabdeh1 kreditor "xxxx" ASC qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcuna münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2024-cü il tarixli 9/1595 saylı rəyinə uyğun qaydada təmin edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçı "xxxx" ASC öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 70,34 (yetmiş manat 34 qəpik) manat dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 69,09 (altmış doqquz manat 09 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 16 aprel 2024-cü il tarixli 9/1595 nömrəli bildirişindən müəyyən edilir ki, məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005, VÖEN **********, m\h AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Yuxarıda göstərilənərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 214, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı “X3 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “Kredit borcunun qaytarılması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4348,50 (dörd min üç yüz qırx səkkiz manat 50 qəpik) manat əsas borc, 560,47 (beş yüz altmış manat 47 qəpik) manat faiz borcu və 69,09 (altmış doqquz manat 09 qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 4978,06 (dörd min doqquz yüz yetmiş səkkiz manat 06 qəpik) manat kredit borcu tutularaq iddiaçı “X3 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005, VÖEN **********, m\h AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №e-2(021)-265/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-265/2024
03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver