Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-295/2025 23.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “Pul tələbi” nə dair mülki işə 23 aprel 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3805 (üç min səkkiz yüz beş) manat 98 (doxsan səkkiz) qəpik və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2017-ci il tarixli 445-k saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “ X5” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli 166x saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin OBA-7 MKR 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir, xx.xx.2023-cü il tarixli “ İnvertarizasiya nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 8477 (səkkiz min dörd yüz yetmiş yeddi) manat 81 (səksən bir) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən invertarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir və iltizamnaməyə imza atmaqla kəsr gələn mallara heç bir etiraz bildirilməmişdir. Maliyyə arayışından məlum olmuşdur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 3805 (üç min səkkiz yüz beş) manat 98 qəpik borc qalmışdır. Borcun ödənilməsi cavabdehə dəfələrlə bildirilsə də, onun tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı MMC nümayəndəsi X2 iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh yaxın vaxtlarda Oba Market MMC-də olmuş, yenidən aparılan yoxlamaya dair bütün sənədlərlə tanış olaraq heç bir etirazı olmadığını qeyd etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh məhkəmə iclasında iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki,X7 MMC-nin direktoru X3 ilə işçi Cavabdeh Novruz oğlu arasında əmək müqaviləsi imzalanaraq bağlanmışdır. xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, Cəmiyyətin Satış Departamentinin satış Şöbəsinə xx.xx.2017-ci i tarixdən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, Cavabdeh Novruz oğlu xx.xx.2017-ci il tarixdən satış əməliyyatları şöbəsinə administrator vəzifəsinə keçirilməsinə etiraz etmədiyini imzası ilə təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli əmrin çıxarışından görünür ki, əmrdən çıxarışa əsasən Cavabdeh əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən 68.2 maddəsinə əsasən xitam verilməsi göstərilmişdir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Novruz oğlu ilə bağlı təftiş yoxlaması və təhvil- təslim işlərinin nəticəsi olaraq hesabına xx.xx.2023-cü il tarixində 8477.81 (səkkiz min dörd yüz yetmiş yeddi manat 81 qəpik) AZN çatışmazlığı müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşılaşdığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 3805.98 (üç min səkkiz yüz beş manat 98 qəpik) AZN borcu qalmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, vətəndaş Cavabdeh Novruz oğluna 3 gün müddətinə borcun ödənilməsi təmin etməsi bildirilmişdir. Mülki Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Əmək Məcəlləsinin 191-ci maddəsinə istinadən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 2.-ci bəndə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə hesab edir ki, iş materiallarında olan inventarizasiya, iltizamnamə və digər sənədlərlə əsasən iddia təmin edilməlidir. Cavabdeh iddia tələbinin təkzibinə əsaslanan bu və ya digər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “Pul tələbi” tələbinə dair iddiası təmin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdeh 3805 (üç min səkkiz yüz beş) manat 98 (doxsan səkkiz) qəpik pul və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin.
3. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər.
4. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev