Məhkəmə qərarları › İş №e-2(021)-3004/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3004/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3004/2025 27.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məmmədova Gülnaz Cəlil qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Ləğv Prosesində Olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı LPO "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 8.969,89 ABŞ dolları - bundan 2.703,54 ABŞ dolları əsas, 1.731,77 ABŞ dolları faiz, 4.143,18 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 391,40 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 135,75 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 1050/14 saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 36 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 7.668 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ZM-1-1050/14 nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra həmin Kredit müqaviləsinə 12 iyul 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 9.558,78 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 (on) % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-Q-41-7610/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh2 xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 8.969,89 ABŞ dolları təşkil edir. Bundan 2.703,54 ABŞ dolları əsas, 1.731,77 ABŞ dolları faiz, 4.143,18 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 391,40 ABŞ dolları faiz borcu təşkil edir. Tərəflərin iştirakı və izahatları: İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndrərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ASC-dən 7668 ABŞ dolları kredit götürmüş, bir müddət ödəniş etdikdən sonradan maddi imkanı olmadığından ödəniş etməmişdir. İddiaçı ASC-nin nümayəndəsi ilə əlaqə saxlamış, nümayəndəyə müqavilənin yeniləmnərək ödəniş qrafiki tərtib olunmasını təklif etmiş, nümayəndə onunla razılaşdıqlarını, bu barədə məhkəməyə ərizə verəcəklərini bildirsə də, lakin cavabdeh razılaşma barədə heç bir rəsmi sənəd verilməmişdir. Hazırkı tələb üzrə hesab edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə faiz və cərimə borcu artıq hesablanmışdır. Məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş sənədlər: 1050/14 saylı, 08 may 2014-cü il tarixli Kredit müqaviləsindən və müqavilənin ayrılmaz hissəsi olan Ödəniş cədvəlindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 7668 ABŞ dolları kredit məbləği verilmişdir. 08 may 2014-cü il tarixli Kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 7668 ABŞ dolları verilmişdir. 1050/14 saylı, 08 may 2014-cü il tarixli Kredit müqaviləsinə əlavə olunan 12 iyul 2017-ci il tarixli 2 nömrəli Əlavə sazişdən və 70188941-18 nömrəli müqaviləyə Əlavə olan Ödəniş cədvəlindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 12 iyul 2022-ci il tarixədək, 60 ay müddətinə illik 10 faiz dərəcəsi ilə 5830.24 ABŞ dolları məbləğində vəsaiti restrukturizasiya edilmişdir. ZM-1-1050/14 saylı, 08 may 2014-cü il tarixli Zaminlik Müqaviləsindən görünür ki, zamin Cavabdeh1 bu Müqavilənin predmeti xx/xx/2014-ci il tarixli, 1050/14 saylı Kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Borcalan Cavabdeh2 tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. ZM-1-1050/14 saylı, 08 may 2014-cü il tarixli Zaminlik Müqaviləsi üzrə 12 iyul 2017-ci il tarixli 2 nömrəli Əlavə sazişdən görünür ki, zamin Cavabdeh1 bu Əlavə Sazişi imzalamaqla 1050/14 saylı, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, 02 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. 08 may 2025-ci il tarixli, 12-5/2-Q-41-7611/2025 nömrəli maliyyə arayışdan görünür ki, Cavabdeh2 08 may 2014-cü il tarixli, 69002372 nömrəli müqavilə üzrə 07 may 2025-ci il tarixə 2703.54 ABŞ dolları əsas, 1731.77 ABŞ dolları faiz borcu, 4143.18 ABŞ dolları cərimə borcu, 391.40 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış borc məbləği olmaqla, ümumilikdə 8969.89 ABŞ dolları borcu yaranmışdır. Gecikdirilmiş gün sayı 1030 gün təşkil edir. 08 may 2025-ci il tarixli, 12-5/2-Q-41-7610/2025 nömrəli bildirişdən görünür ki, cavabdehlərin 07 may 2025-ci il tarixə 2703.54 ABŞ dolları əsas, 1731.77 ABŞ dolları faiz borcu, 4143.18 ABŞ dolları cərimə borcu, AR MM –nin 445.7 maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan 391.40 ABŞ dolalrı faiz borcu olmaqla ümumilikdə 8969.89 ABŞ dolları borcu yaranmış, bank tərəfindən cavabdehlərə borcun ödənilməsini 3 gün ərzində təmin etmələri əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 09 iyul 2025-ci il tarixli **********47 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 135,75 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını Tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarıına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 1050/14 saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 7.668 ABŞ dolları məbləğində kredit verilmişdir, həmin kredit məbləği 12 iyul 2017-ci il tarixli 2 nömrəli Əlavə saziş ilə 12 iyul 2022-ci il tarixədək restruktusizasiya edilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ZM-1-1050/14 nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi, daha sonra isə 12 iyul 2017-ci il tarixli 2 nömrəli Əlavə saziş bağlanmışdır. İş materiallarından görünür ki, İddiaçı ASC krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh2 müqavilə üzrə öhdəliyin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdeh, onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankınının rəsmi internet səhifəsi üzrə problemli kredit məlumatlarının sorğulanması zamanı müəyyən edilmişdir ki, mövcud kredit müqaviləsi üzrə 4596.01 manat məbləğində əsas borc restrukturizasiya olunması təklif olunan kreditdir. Kredit müqaviləsi restrukturizasiya olunduqda, restrukturizasiya edilmiş məbləğə faizlərin hesablanması yalnız tərəflər arasında yeni razılaşma və ya müqavilədə bu barədə xüsusi şərt olduqda mümkündür. Belə bir şərtin rəsmiləşdiyi hər hansı sübut isə məhkəməyə təqdim edilməmişdir. Belə olan təqdirdə 1731.77 ABŞ dolları məbləğində faiz borcu və 4143.18 ABŞ dolları məbləğində cərimə hesablana bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, əgər kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Bu norma borcun gecikdirilməsi hallarında tətbiq edilir və kreditorun əlavə zərərini sübuta yetirə bilmədiyi hallarda, minimal kompensasiya kimi illik 5% tutulmasını təmin edir. Müqaviləyə xitam verildiyi tarixdən yəni xx.xx.2022-ci il tarixdən 2 il 11 ay 28 gün sonra yəni xx.xx.2025-ci il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən müddət ərzində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən 665.38 manat məbləğində gecikdirmə faizi cavabdehdən tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 4596.01 manat əsas və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən 665.38 manat məbləğində gecikdirmə faizi olmaqla, ümumilikdə 5201.39 manat borc məbləği iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Zamin Cavabdeh1 mülki-hüquqi məsuliyyətinə gəldikdə, qeyd olunmalıdır ki, restrukturizasiya edilmiş kredit müqaviləsinin müddəti 12 iyul 2022-ci il tarixdə bitmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı iş üzrə iddia tələbi 10 iyul 2025-ci il tarixdə verilib. Qeyd olunan normada 1 il kəsici müddət olaraq müəyyən olunub. Odur ki, irəli sürülmüş iddia tələbi zamin Cavabdeh1 münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 72.02 manat hissəsi Cavabdeh2 alınaraq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumunun qalan 63.73 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 4596.01 manat əsas və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən 665.38 manat məbləğində gecikdirmə faizi olmaqla, ümumilikdə 5201.39 (beş min iki yüz bir manat otuz doqquz qəpik) manat borc məbləği və iş üzrə ödənilmiş 72.02 (yetmiş iki manat iki qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 63.73 manat hissəsi iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar