Məhkəmə qərarları › İş №e-2(021)-3111/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3111/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3111/2024 01.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi ilə, İddiaçı Bank Respublika ASC–nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Respublika ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2367.47 manat əsas, 189.92 manat faiz, 23.48 manat cərimə, cəmi 2580.87 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Bank Respublika ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank Respublika ASC iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 46231***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən cavabdeh X2 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasına əsasən xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən cavabdeh X2 36 ay müddətinə illik 19 % dərəcəsi ilə (aylıq ödəniş 132 manat olmaqla hər ayın 23-dək ödənilmək şərti ilə) 3600 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 46 FİZAM188992801 saylı xx.xx.2022-cü il tarixli zaminlik müqaviləsinə əsasən O, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh X4 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Müvafiq dövlət orqanlarına sorğu nəticəsində mərhum X1 işi üzrə Bərdə şəhəri Regional“ ASAN XİDMƏT ” mərkəzində notariat ofisində vərəsəlik işi açılmış və iş üzrə Cavabdeh2 ( doğum tarixi xx.xx.1967 ) vərəsəliyi qəbul etmişdir. Cavabdeh2 və Cavabdeh1 Əsas kredit limit müqaviləsinin şərtlərinə əməl etmədiyindən ona dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinin, müqavilənin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə məlumatlandırılmışlar. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə etirazının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1959-cu ildə Bərdə şəhərində anadan olmuşdur. Bərdə rayonu Lənbəran kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AA1285043 nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından çıxarışdan görünür ki, X4 xx.xx.1970-cı ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli AZ-İİ 320187 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mülki işə əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.1967-ci ildə anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 46231***-*******02L saylı əsas kredit limiti razılaşmasından İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 46231***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən cavabdeh X2 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Mülki işə əlavə edilmiş elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 X1 qanun üzrə vərəsəsidir. Mülki işə əlavə edilmiş Bank Respublika ASC və Cavabdeh2 arasında bağlanmış 46FİZAM188992801 saylı xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, X4 Kredit Müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi halda zamin Cavabdeh1 bank qarşısında borclu ilə birgə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 46231***-*******02 saylı kredit müqaviləsi üzrə 3600 manat kredit götürmüş, krediti qaytarmalı olduğu tarix xx.xx.2025-ci il tarix olmaqla, cari tarixə olan borc əsas borcu 2367.47 manat əsas, 189.92 manat faiz, 23.48 manat cərimə, cəmi 2580.87 manat borc hesablanmışdır. Mülki işə əlavə edilmiş Cavabdeh2 göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunda X1 adına kredit müqaviləsi üzrə borcun 2367.47 manat əsas, 148.70 manat faiz borcu,10.84 manat cərimə olmaqla, cəmi 2527.01 manat təşkil etdiyi qeyd edilmişdir. Mülki işə əlavə edilmiş qəbzlərdən görünür ki, Bank Respublika ASC tərəfindən Cavabdeh1, Cavabdeh2 poçt göndərişi edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 45.81 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC tərəfindən cavabdeh X2 36 ay müddətinə illik 19 % dərəcəsi ilə 3600 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 iddiaçı ilə arasında bağlanmış zaminlik müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh X4 xx.xx.2023-cü il tarixində vəfat etmiş, Cavabdeh2 vərəsəlik işi açdıraraq vərəsəliyi qəbul etmişdir. Məhkəmə qeyd edirki, iş üzrə iddiaçı «Bank Respublika ASC krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər bu müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, cavabdehlər bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmiş və Bank Respublika ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər kredit müqaviləsi ilə müəyyən olunmuş öhdəliyi nəzərdə tutulan vaxtda və qaydada yerinə yetirməyərək, qanunvericiliyin tələlərini pozmuşlar. Buna görə də cavabdehlər mərhum X1 qanun üzrə vərəsəsi Cavabdeh2 və müqavilə üzrə zamin Cavabdeh1 öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada 2367.47 manat əsas, 189.92 manat faiz, 23.48 manat cərimə, cəmi 2580.87 manat borc alınaraq iddiaçı “Bank Respublika ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçı Bank Respublika ASC xeyrinə tutulmalıdır. MPM-in 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

1. İddia təmin edilsin.

2. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2367.47 manat əsas, 189.92 manat faiz, 23.48 manat cərimə, cəmi 2580.87 (iki min beş yüz səksən manat 87 qəpik) manat tutularaq iddiaçı Bank Respublika ASC-nin xeyrinə ödənilsin.

3. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət rüsumu kimi ödənilmiş 45.81 manat tutularaq iddiaçı Bank Respublika ASC-nin xeyrinə ödənilsin.

4. Qətnamədən tərəflərə rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (Elektron məhkəmə infrmasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər.

5. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar