Məhkəmə qərarları › İş №e-2(021)-329/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-329/2022

03.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-329/2022 03.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, iddiaçı "xxxx" X1 nümayəndəsi X6, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" X1 Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X4 məhkəmədə iddia qaldıraraq "xxxx" X2 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 2377,66 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" X4 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 19.03.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində “Toyota Prius minik” markalı, **- OB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" X2 məxsus olan 1 ədəd T 13 9,5 m-lik 2 çıraqlı işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisəyə 4517 (dörd min beş yüz on yeddi) manat dəyərində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Bakı şəhər Səbail RPİ-nin 07 aprel 2021-ci il tarixdə “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərara, Səbail rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı inzibati xəta haqqında protokola və Səbail Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli, 3(009)-942/2021 saylı qərarına əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs 99 OB-564 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “Toyota Prius minik” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 bank hesabına mütənasib qaydada 2139,34 (iki min yüz otuz doqquz manat 34 qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddianın qanuni və əsaslı sayaraq hesab edirlər ki, 19.03.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 4517 (dörd min beş yüz on yeddi) manat məbləğində maddi ziyandan qalıq olaraq qalan 2377,66 (iki min üç yüz yetmiş yeddi manat 66 qəpik) manat hissəsi cavabdehdən tutularaq "xxxx" X5 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisələrinə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə "xxxx" X1 balansına verilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" X1 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək göstərmişdir ki, törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı "xxxx" X2 2377,66 manat məbləğində ziyan vurmuşdur. İddiaçı "xxxx" X2 2377,66 manat borcunun olduğunu etiraf edir. Borcunu hissə-hissə ödəyə bilər. İddianın təmin olunmasına etirazı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb, Cavabdeh ərizəsini nəzərdən keçirib hesab edir ki, iş üzrə Cavabdeh iddianı etiraf etməsinin qəbul olunması mümkündür. Ona görə də Azərbaycan Respublikasının MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdehin iddianı etiraf etməsi təsdiq edilməli, iddaçının irəli sürdüyü 2377,66 manat pul tələbinin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər Səbail rayon Polis İdarəsinin Tədqiqat şöbəsinin 07 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə verilməsi haqqında qərardan müəyyən olunur ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış material Səbail rayon Polis İdarəsinin DYPŞ-si vasitəsilə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə əlaqədar aidiyyati qurumlar Bakı Nəqliyyat Agentliyinə və Bakı şəhər İcra Hakimiyyətinin "xxxx" EŞM-yə mülki qaydada məhkəməyə müraciət etmək hüququ olmaları izah edilmişdir. Bakı şəhər Səbail rayon Polis İdarəsinin Tədqiqat şöbəsinin qeyd olunan qərarından görünür ki, sürücü Cavabdeh 19.03.2021-ci il tarixdə saat təxminən 16 radələrində etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Toyota Prius markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu Neftçilər prospekti ilə Niyazi küçəsinin kəsişməsində Azneft dairəsində yolayrıcında sol tərəfdən hərəkət edən avtomobillərə yol verməli olduğu halda buna riayət etməyib ehtiyatsızlıq edərək hərəkətini davam etdirdikdə bu anda soldan gələn sürücü X3 etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Toyota Prius markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşma nəticəsində sonuncu avtomobil zərbənin təsirindən yolun kənarında quraşdırılmış dəmir mühəccirə, daha sonra avtomobil səkiyə çıxaraq elektrik dirəyinə dəyərək maddi ziyan vurmuş və Toyota Prius markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini olan Babaşova Xəyalə Rövşən qızına yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da sürücü Cavabdeh «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin (eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat tələblərini pozmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-942/2021 saylı 07 may 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" X1 smetasından müəyyən olunur ki, Səbail rayonu, Neftçilər prospektində naməlum sürücünün idarə etdiyi “Toyota” markalı 99 OB-564 dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş işıq dirəyinin bərpasına cəmi 4517,00 manat sərf edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək belə hesab edir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya 2377,6 manat dəyməsi sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bu Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göstərilən Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarrnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 43,77 (qırx üç manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 191.3, 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı "xxxx" X1 Cavabdeh qarşı ziyan tələbinə dair mülki iş üzrə Cavabdeh iddianı etiraf etməsi təsdiq edilsin. Cavabdeh 2377,66 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" X2 ödənilsin. Cavabdeh 43,77 (qırx üç manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar