Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3394/2025 21.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi ilə, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Siğortalanması fondunun Cavabdeh1 qarşı “borcun qaytarılması” tələbinə dair mülki işə 21 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddia tələbi Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Siğortalanması fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cəmi 4.222,44 (dörd min iki yüz iyirmi iki ABŞ dolları 44 sent) ABŞ dolları borcun - bundan 1.522,49 (bir min beş yüz iyirmi iki ABŞ dolları 49 sent) ABŞ dolları əsas, 570,01 (beş yüz yetmiş ABŞ dolları 01 sent) ABŞ dolları faiz, 1.910,70 (bir min doqquz yüz on ABŞ dolları 70 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 219,24 (iki yüz on doqquz ABŞ dolları 24 sent) ABŞ dollarıfaiz borcu və iş üzrə ödənilmiş 91,79 (doxsan bir Manat 79 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi həcminin azaldılması Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Siğortalanması fondu məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməsini xahiş etmişdir. Həmin ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinin əsası İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 01/01-AA nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə 24 ay müddətinə illik 21.5 % dərəcəsi ilə 4.740 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit Borcalana “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh2” vergi ödəyicisi kimi axtarılmış, lakin sorğu olunan vergi ödəyicisinin ləğv edildiyi müəyyən edilmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Cavabdeh2 kredit verilərkən Cavabdeh1ilə Bank arasında ZM-01/01-AA nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 5.336 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 4.222,44 (dörd min iki yüz iyirmi iki ABŞ dolları 44 sent) ABŞ dolları təşkil edir. Bundan 1.522,49 (bir min beş yüz iyirmi iki ABŞ dolları 49 sent) ABŞ dolları əsas, 570,01 (beş yüz yetmiş ABŞ dolları 01 sent) ABŞ dolları faiz, 1.910,70 (bir min doqquz yüz on ABŞ dolları 70 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 219,24 (iki yüz on doqquz ABŞ dolları 24 sent) ABŞ dolları faiz borcu təşkil edir. Tərəflərin izahatı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Siğortalanması fondunun nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək iş üzrə baxış iclasını iştirakları olmadan keçirilib və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, Cavabdeh1 məhkəmə iclasında iştirakını heç bir üzrlü səbəb olmadan iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: xx.xx.2015-ci il tarixli MBNP 01/01-AA saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə Cavabdeh2 arasında “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə 24 ay müddətinə illik 21.5 % dərəcəsi ilə 4.740 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixdə Cavabdeh1 ilə Dəmirbank ASC arasında zaminlik müqavilələri bağlanmışdır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1967-ci ildə Əli-Bayramlı rayonu Nəzirli kəndində anadan olmuşdur və Bərdə rayonu Nəzirli kəndində qeydiyyatdadır. Elektron məhkəmə informasiya sisteminə əsasən Cavabdeh2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. AZE seriyalı 08469843 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1960-cı ildə Bərdə rayonu Nazırlı kəndində anadan olmuşdur və Bərdə rayonu Yerli Ağalı kəndində qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli onlayn ödəniş sistemindən çıxarılmış qəbzdən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 91.79 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli 12-5/2-Ə-23-10142/2025 saylı maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixə İddiaçı ASC-nə 1522.49 ABŞ dolları əsas borc, 570.01 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış faiz borcu və 1910.70 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış 219.24 ABŞ dolları faiz borcu olmaqla cəmi 4222.44 ABŞ dolları təşkil edir. xx.xx.2025-ci il tarixli bidirişdən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Dəmirbank ASC-yə borcu 1522.49 ABŞ dolları əsas borc, 570.01 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış faiz borcu və 1910.70 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış 219.24 ABŞ dolları faiz borcu olmaqla cəmi 4222.44 ABŞ dolları təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 462.1-ci mаddəsinə görə, dəbbə pulu (cərimə, penyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi və yа lаzımıncа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrclunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. 463.2-ci mаddəsinə görə, dəbbə pulu hаqqındа rаzılаşmа əsаs öhdəliyin fоrmаsındаn аsılı оlmаyаrаq yаzılı fоrmаdа bаğlаnmаlıdır. 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1 1522.49 ABŞ dolları əsas borc, 570.01 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış faiz borcu və 40 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış 219.24 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2351,74 (iki min üç yüz əlli bir ABŞ dolları 74 sent) ABŞ dolları məbləğində pul (ödənilən günə Azərbaycan Respublikası manatın məzənnəsinə uyğun olaraq) və iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 214, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 1522.49 ABŞ dolları əsas borc, 570.01 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış faiz borcu və 40 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış 219.24 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2351,74 (iki min üç yüz əlli bir ABŞ dolları 74 sent) ABŞ dolları məbləğində pul (ödənilən günə Azərbaycan Respublikası manatın məzənnəsinə uyğun olaraq) və iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev