Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-351/2025 13.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə cavabdeh Bərdə rayonu Qaradəmirçi kənd qeydiyyatlı Cavabdeh onun xeyrinə 10300 (on min üç yüz) manat məbləğində pulun, həmçinin Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq əldən çıxmış faydanın illlik 5% hesablanaraq həmin pulun və 121 manat dövlət rüsumu, həmçinin hüquqi xidmətə görə ödədiyi 320 manat pulun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi iddiaçı tərəfindən onunla əsaslandırmışdır ki, cavabdeh Bərdə rayonu Qaradəmirçi kənd qeydiyyatlı Cavabdeh 2023-cü ildə ondan 10300 (on min üç yüz) manat dəyərində 6 ay ərzində nisyə ət götürərək işlədiyi restoranda istifadə edəcəyini və qısa zamanda pulunu ödəyəciyini bildirmişdir. Lakin cavabdeh verdiyi sözə əməl etməmiş və onda 6 ay ərzində nisyə ətin pulunu ödəməmişdir. Dəfələrlə cavabdehə ondan nisyə aldığı ətin pulunu gətirib ödəməsini tələb etsə də, cavabdeh ödəyə bilmədiyini bəhanə gətirərək, ona olan 10300 manat borcunu verməkdən imtina etmişdir. Tərəfindən cavabdehin ona qarşı olan etibarından sui-istifadə etməklə pulunu dələduzluq yolu ilə mənimsəmək niyyətində olması ilə bağlı xx.xx.2024-cü il tarixdə AR DİN 102 qaynar xəttinə məlumat verilmişdir. Şikayətin əsasında Bərdə rayon Polis şöbəsində araşdırılma aparılmışdır. xx.xx.2024-cü il tarixdə Bərdə rayon polis şöbəsində izahatı alınmış Cavabdeh öz izahatında ona 10300 (on min üç yüz) manat pul borclu olmasını rəsmi olaraq etiraf edərək yazılı şəkildə göstərmişdir. Lakin hər dəfə telefon vasitəsi ilə ona borcun qaytarılması bildirilsə də, o borc pul məbləğini ödəməmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh X1 məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: mədaxil qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 121 AZN məbləğində dövlət rüsumu ödəmişdir. Mülki iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Bərdə rayonu H.Əliyev prospekti 114-də yaşayan İddiaçı DİN 102 zəng mərkəzinə ünvanladığı xx.xx.2024-cü il tarixli müraciəti icraata daxil olmuşdur. Vətəndaş İddiaçı müraciətində 6-7 ay bundan əvvəl obyekt işlədən Rafil adlı şəxsə 10300 manatlıq ət satdığını pulunu ala bilmədiyini bildirmişdir. Mülki iş materiallarına əlavə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. 7565255 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə anadan olmuşdur.xx.xx.2023-cü il tarixdən Bərdə şəhəri H.Əliyev prospekti ev 704-də qeydiyyatdadır. Mülki iş materiallarında olan mədaxil qəbzdən görünür ki, hüquqi xidmətə görə 320 manat ödənilmişdir. AR-İİİ 444042 nömrəli etibarnamədən görünür ki, İddiaçı öz nümayəndə səlahiyyətlərini Nümayəndə etibar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 739.4. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Cavabdeh Bərdə rayon Polis şöbəsində vermiş olduğu xx.xx.2024-cü il tarixli izahatla müəyyən olunur ki, o, iddiaçıya 10300 (on min üç yüz) manat məbləğində borcu olduğunu etiraf etmişdir. Məhkəmə göstərir ki, iddia ərizəsinə əsasən əldən çıxmış fayda sübut olunmadığından həmin hissədə iddia təmin olunmamalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən olunmalıdır. Cavabdeh 10300 (on min üç yüz) manat pul,121 (bir yüz iyirmi bir) manat dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş 320 (üç yüz iyirmi) manat tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh 10300 (on min üç yüz) manat məbləğində pul, 121 (bir yüz iyirmi bir) manat dövlət rüsumu və göstərilmiş hüquqi xidmətə görə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin.
3. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər.
4. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev