Məhkəmə qərarları › İş №e-2(021)-3602/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3602/2023

04.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3602/2023 04.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 820 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 850 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətində bağlanmış 07 iyun 2021-ci il tarixli PAA********** saylı sığorta müqaviləsinə əsasən “Toyota Pirus” markalı, ** HS *** dövlət qeydiyyat mişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 07 yanvar 2022-ci il tarixdə “Toyota Pirus” markalı, ** HS *** dövlət qeydiyyat mişanlı avtomobil idarə edərkən Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Audi Q5” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Bakı şəhəri BPİ BDYPİ-nin qərarına əsasən Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Həmçinin qeyd olunan qərarda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək, işə nümayəndənin iştirakı olmadan baxılmaqla, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 07 iyun 2021-ci il tarixli PAA********** nömrəli sığorta müqaviləsi haqqında məlumatın surətindən müəyyən olunur ki, icbari sığorta müqaviləsi “Toyota Pirus” markalı, ** HS *** markalı avtomobilə görə bağlanmışdır. İş materiallarında olan sığorta ödənişi ilə ödəniş tapşırıqlarının surətindən müəyyən olunur ki, 820 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan inzibati xəta haqqında İXP ******* nömrəli qərarın surətindən müəyyən olunur ki, Cavabdeh yol nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan hesablama aktının surətindən müəyyən olunur ki, “Audi Q5” markalı, ** SS *** dövlət qeydiyyat mişanlı avtomobilə 820 manat ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından müəyyən olunur ki, Cavabdeh xx xxxxxx 1994-cü ildə Bərdə rayonu, Yenidaşkənd kəndində doğulmuşdur, Bərdə rayonu, Yenidaşkənd kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 05 may 1996-cı ildə doğulmuşdur. İş materiallarında olan AD 868649 nömrəli nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, “Audi Q5” markalı, ** SS *** markalı avtomobil X1 mülkiyyətinə qeydiyyata alınmışdır. İş materiallarında olan i sürücülük vəsiqəsinin surətindən müəyyən olunur ki, həmin sürücülük vəsiqəsi Cavabdeh məxsusdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, “Toyota Pirus” markalı, ** HS *** markalı avtomobil X3 mülkiyyətinə qeydiyyata alınmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilib. Həmin qanunun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəyə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə məhkəmədə müəyyən edildi ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 820 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 850 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçının iddia tələbində qeyd etdiyi dəlillər iş materiallarında olan sübutlarla təsdiq edildiyindən və iddiaçı təşkilatın subroqasiya hüququ mövcud olduğundan iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin maddi imkanının olmaması iddia tələbinin təmin edilməməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 820 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 850 (səkkiz yüz əlli) manat tutularaq iddiaçı "xxxx"Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar