Məhkəmə qərarları › İş №e-2(021)-3805/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-3805/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-3805/2022 01.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Expressbank ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Expressbank ASC Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina olunmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, kredit öhdəliyi pozulduğu halda , ipoteka saxlayan ipoteka predmetinə tutmanı məhkəməyə müraciət etmədən, notariusun icra qeydi əsasında yönəldə bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsinin hazırkı halda məhkəmə qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı Expressbank ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 151-153-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Expressbank ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı Expressbank ASC tərəfindən dövlət büdcəsinə ödənilmiş 55.26 (əlli beş) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim : Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar