Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-408/2022 12.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 1040 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23 aprel 2015-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bərdə rayonu Cəyirli kəndində 55 kv.m sahəni mobil baza stansiyasının quraşdırılması üçün İddiaçı MMC-nin istifadəsinə verməyi, İddiaçı MMC isə bunun əvəzində razılaşdırılmış 1200 manat icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin qarşılıqlı razılığına əsasən 19 iyun 2017-ci il tarixdə mobil baza stansiyası icarə obyektindən götürülmüş və icarə obyekti təhvil-təslim aktı ilə cavabdehə verilmişdir. Lakin cavabdeh buna baxmayaraq 325 gün üçün icarə haqqının qalan məbləği olan 1040 manat pulu geri qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdeh iddia ərizəsinin, müqavilənin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə məlumatlandırılmışlar. Lakin Cavabdeh iddia tələbinə etirazının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş 23 aprel 2015-ci il tarixli “qeyri yaşayış sahəsinin icarəyə verilməsinə dair müqaviləsin”-dən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Mülki işə əlavə edilmiş 23 aprel 2015-ci il tarixli “qeyri yaşayış sahəsinin icarəyə verilməsinə dair müqaviləsin”-dən görünür ki, Cavabdeh mülkiyyətində olan Bərdə rayonu Cəyirli kəndində 55 kv.m sahəni mobil baza stansiyasının quraşdırılması üçün İddiaçı MMC-nin istifadəsinə verməyi, İddiaçı MMC isə bunun əvəzində razılaşdırılmış 1200 manat icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Mülki işə əlavə olunmuş sahənin təhvil-təslim aktından görünür ki, 19.06.2017-ci ildə obyekt sahibinə geri qaytarılmışdır. İş materialına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, cavabdehə 1200 manat pul ödənişi edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş 02.06.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1977-ci il tarixdə Bərdə rayonun Cəyirli kəndində anadan olmuş, elə həmn kəndə də qeydiyyatdadır. Mülki işə əlavə edilmiş xəbərdarlıqdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh borcunun ödənilməsi üçün xəbərdarlıq olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında 23 aprel 2015-ci il tarixli “qeyri yaşayış sahəsinin icarəyə verilməsinə” dair müqavilə bağlanmış, Cavabdeh mülkiyyətində olan Bərdə rayonu Cəyirli kəndində 55 kv.m sahəni mobil baza stansiyasının quraşdırılması üçün İddiaçı MMC-nin istifadəsinə verməyi, İddiaçı MMC isə bunun əvəzində razılaşdırılmış 1200 manat icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin qarşılıqlı razılığına əsasən 19 iyun 2017-ci il tarixdə mobil baza stansiyası icarə obyektindən götürülmüş və icarə obyekti təhvil-təslim aktı ilə cavabdehə verilmişdir. Lakin cavabdeh buna baxmayaraq 325 gün üçün icarə haqqının qalan məbləği olan 1040 manat pulu geri qaytarmamışdır Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 697.3-cü maddəsinə əsasən, kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tam təmin edildiyindən iddia verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh cəmi 1040 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(021)-408/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-408/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver