Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-4089/2025 13.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Fərman Firidun оğlunun sədrliyi ilə, İddiаçı İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcu” tələbinə dаir iddia ərizəsi üzrə mülki işə yazılı icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti (bundan sonra İddiaçı BOKT MMC) Cavabdeh qarşı “kredit borcu” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 300 manat əsas, 39,60 manat faiz, 60 manat komissiya haqqı, 54 manat penya (dəbbə pulu), 60 manat cərimə, cəmi 513,60 manat kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli 1220/042025-220070 saylı Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh Müşfiq oğluna 45 gün müddətinə illik 108% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 300 (üç yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh Müşfiq oğlunun xx.xx.2025-ci il tarixə olan hesablamalara görə iddiaçıya 300 (üç yüz) manat əsas kredit borcu, Kredit müqaviləsinin 2.5 bəndinə əsasən 60 (altmış) manat komissiya borcu, Kredit müqaviləsinin 2.1.5 bəndinə əsasən 39,60 (otuz doqquz manat 60 qəpik) manat faiz borcu, Kredit müqaviləsinin 7.1 bəndinə əsasən 54 (əlli dörd) manat penya (dəbbə) borcu, Kredit müqaviləsinin 7.2 bəndinə əsasən 60 (altmış) manat cərimə borcu, cəmi 513,60 (beş yüz on üç manat 60 qəpik) manat borcu təşkil edir. 15 noyabr 2024-cü il tarixli “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X2 № 46/2 saylı Qərarı ilə: 2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. kredit riski – borcalanın və ya emitentin öz öhdəliyini müqavilə şərtlərinə uyğun olaraq icra edə bilməməsi nəticəsində itkinin yaranması riski; 2.1.2. risk iştahası – BOKT-nin kommersiya strategiyasında müəyyən etdiyi hədəflərə çatması üçün riskgötürmə qabiliyyəti çərçivəsində qəbul etmək istədiyi riskin həcmi; 2.1.3. faktiki illik faiz dərəcəsi – kredit üzrə bu Qaydaya 2 nömrəli Əlavədə müəyyən edilən qaydada hesablanan illik faiz dərəcəsi; 2.1.4. istehlak krediti – sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kredit; 2.1.5. gündəlik (qısamüddətli) kredit (bundan sonra – gündəlik kredit) – faiz və (və ya) müqavilədə göstərilən digər ödənişlərin əsas borcun verildiyi gün ödənilməsini və ya əsas borcun qaytarılması ilə bir vaxtda ödənilməsini (əsas borcun hissə-hissə qaytarıldığı hal istisna olmaqla) və ya günlərlə hesablanan dövrilikdə (30 gündən çox olmamaqla) ödənilməsini nəzərdə tutan istehlak krediti. Gündəlik kredit aşağıdakı tələblərə cavab verməlidir: 2.1.5.1. milli valyutada verilir; 2.1.5.2. borcalana birdəfəlik verilmiş kreditin maksimum məbləği 500 (beş yüz) manatdır; 2.1.5.3. gündəlik faiz dərəcəsi maksimum 0.3%-dir; 2.1.5.4. qaytarılma müddəti maksimum 45 (qırx beş) gündür; 2.1.5.5. gecikdirilmiş ödənişlərlə bağlı tətbiq edildikdə, gecikdirilmə faizləri və ya dəbbə pulu (gecikdirilmə faizlərinin tətbiq edildiyi hallar istisna olmaqla) əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 (iki) mislindən çox olmamalıdır; 2.1.5.6. kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100%-dən çox olmamalıdır; 2.1.5.7. gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 (otuz) gündən artıq hesablanmamalıdır; Cavabdeh Müşfiq oğluna dəfələrlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, BOKT-na olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. Cavabdeh Müşfiq oğlu xx.xx.2025-ci il tarixli 1220/042025-220070 saylı Kredit müqaviləsi ödəniş etməmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC 2011-ci il tarixdən fəaliyyət göstərir. Azərbaycan Respublikasında yarandıqdan bu günə qədər özünə məxsus işguzar nüfüz və təsərrüfat imici əldə etmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, Cavabdeh Müşfiq oğlu İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nə xx.xx.2025-ci il tarixdən maddi ziyan vuraraq, onun yarandığı vaxtdan bu günə qədər şəffaf sahibkarlıq fəaliyyəti nəticəsində qazanmış olduğu təsərrüfat imicinə, işgüzar nüfuzuna xələl gətirən, nəticə etibarı ilə iddiaçını birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan çəkməyə məruz qoymuşdur. Bundan əlavə iddiaçı öz fəaliyyəti nəticəsində Azərbaycan Respublikasının büdcəsinə gəlirindən 20% mənfəət vergisi ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdeh iddia ərizəsinin, müqavilənin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə xəbərdar edilmişdir. Cavabdeh iddia tələbinə etirazının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş: İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 1220/042025-220070 saylı “kredit” müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən Cavabdeh 45 gün müddətinə, illik 108.00% ödəmək şərtilə 300 (üç yüz) manat məbləğində kredit verilmişdir. xx.xx.2025-ci il tarixli 1220/042025-220070 saylı kredit müqaviləsinə əlavə olan Ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı BOKT MMC-dən 60 manat komissiya haqqı tutulmaqla, 300 manat kredit almış, 300 manat əsas, 40,50 manat faiz, cəmi, 340,50 manat borcu 45 gün müddətinə xx.xx.2025-ci il tarixdə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı BOKT MMC-yə ərizə verərək 300 manat vəsaiti 409858******3990 nömrəli kart hesabına ödənilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya müqavilə üzrə 300 manat əsas, 39,60 manat faiz, 60 manat komissiya haqqı, 54 manat penya (dəbbə pulu), 60 manat cərimə, cəmi 513,60 manat məbləğində borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli Bildiriş (Xəbərdarlıq məktubundan) və poçt reyestrinin surətindən görünür ki, Cavabdeh müqavilə üzrə yaranmış borc barədə xəbərdar olunmuş, borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat banka xidmət haqqı ödəmişdir. AA******* seriya seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2003-cü ildə Bərdə rayonu, Mirəsəbli kəndində doğulmuşdur, Bərdə rayonu, Həsənqaya Ərazi Dairəsinin Mirasəfli kəndində qeydiyyatdadır və yaşayır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 1220/042025-220070 saylı “kredit” müqaviləsinə əsasən İddiaçı BOKT MMC tərəfindən Cavabdeh 45 gün müddətinə, illik 108% faiz ödəmək şərtilə 300 manat məbləğində krediti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cаvаbdeh iddiaçıya bоrclu оlduğu kredit bоrcunu ödəmədiyi üçün iddiаçının məhkəmə müdаfiəsindən istifаdə hüququ yаrаnmışdır. Beləliklə, İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 300 manat əsas, 39,60 manat faiz, 60 manat komissiya haqqı, 54 manat penya (dəbbə pulu), 60 manat cərimə, cəmi 513,60 manat kredit borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Mülki Məcəllənin 741.2-ci maddəsinə əsasən borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normalarına əsasən Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Bundan başqa məhkəmə hesab edir ki, cərimənin tutulması hissəsində cərimənin (dəbbə pulunun) məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçının iddiasının cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq müqavilə üzrə 15 manat məbləğində pulun tutulması ədalətlidir. Bundan baqşa İddiaçı BOKT MMC Cavabdeh aralarında bağlanmış xx.xx.2025-ci il tarixli 1220/042025-220070 saylı kredit müqaviləsinin 7.1-ci bəndinə əsaslanaraq 54 manat peniya (dəbbə pulu) tutulmasını tələb etmişdir. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Tərəflər arasında bağlanmış müqavilə də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf – borcverən verdiyi kredit məbləği qarşılığında (müqavilədə nəzərdə tutulmuş məbləğ və müddət) aldığı vəsaitdən, digər tərəf – alcı (borc alan) isə kreditdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslı hesab edilə bilməz və əssız olduğundan rədd edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 300 manat əsas, 39,60 manat faiz, 60 manat komissiya haqqı, 15 manat cərimə, cəmi 414,60 manat pul İddiaçı BOKT MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu və dövlət rüsumu ödənilərkən 0,40 manat banka xidmət haqqı ödəmişdir. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməli, ödənilmiş 0,40 manat bank ximdət haqqı tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏTETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 300 manat əsas kredit borcu, 39,60 manat faiz borcu, 60 manat komissiya haqqı, 15 manat cərimə, cəmi 414,60 (dörd yüz on dörd manat altmış qəpik) manat kredit müqaviləsi üzrə yaranmış borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilsin. Dövlət rüsumu ödənilərkən ödənilmiş 0,40 manat bank xidmət haqqı iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi qаydаdа verildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №e-2(021)-4089/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-4089/2025
13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver