Məhkəmə qərarları › İş №e-2(021)-4230/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-4230/2025

17.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-4230/2025 17.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X8 qarşı “Pul” tələbinə dair mülki işə 17 fevral 2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddia tələbi İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 795,00 (yeddi yüz doxsan beş) manat sığorta ödənişi məbləğinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 825,00 (səkkiz yüz iyirmi beş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı "xxxx" ASC iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2020-ci il il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes 411 Yük” markalı, 90SN181 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixində “Mercedes 411 Yük” markalı, 90SN181 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhərində yolnəqliyyat hadisəsi törətmiş, “Hyundai Sonata” markalı, 90GE083 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 795,00 (yeddi yüz doxsan beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər BPİ DYP tərəfindən inzibati xəta haqqında qərar daxil olmuş, həmin Qərara əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. Həmçinin qeyd olunan Qərarda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Mercedes 411 Yük” markalı, 90SN181 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Bakı şəhər BPİ DYP-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2025-ci il tarixli, AS-25/650saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək "xxxx" ASC-ə ödənilməmişdir. Tərəflərin izahatı İddiaçı "xxxx" ASC məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının səlahiyyətli nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclası barəsində cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəf gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə olunmuş məlumatdan görünür ki, iddiaçı Atasığorta ASC-nin Vöeni ********** saylıdır. xx.xx.2025-ci il tarixli eitbarnamədən görünür ki, X2, Nümayəndə, X5 və X6 etibarnamə üzrə səlahiyyətlər verilmişdir. xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, X10 795 manat məbləğin ödəniş edilmişdir. xx.xx.2021-ci il tarixli hesablama aktından görünür ki, X14 na məxsus Hyundai Sonata markalı avtomobilə dəyən ziyan hesablanmışdır. xx.xx.2025-ci il tarixli tNpcF4 saylı mədaxil qəbzindən görünür ki , "xxxx" ASC məhkəməyə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2021-ci il tarixli ödənişdən görünür ki, "xxxx" ASC 795 manat köçürmə etmişdir. xx.xx.2020-ci il tarixli icbari sığorta müqaviləsindən görünür ki, sığortaçı "xxxx" ASC sığortalı X4 ilə siğorta müqaviləsi bağlamışdır. xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, Cavabdeh hadisə bağlı izahat vermiş və öz imzası ilə təsdiq etmişdir. xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, X4 hadisə ilə bağlı izahat vermiş və öz imzası ilə təsdiq etmişdir. xx.xx.2021-ci il tarixli 2/6867 saylı aktdan görünür ki, X19 tibbi müayinədən keçmişdir AC seriyalı 144446 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. AB seriyalı 327083 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 90GE083 dövlət qeydiyyat nişanlı Hyundai Sonata markalı avtomaşına məxsusdur. 228250 saylı etibarnamədən görünür ki, X1 Yusif Sahib oğluna etibarnamə üzrə səlahiyyətlər vermişdir. İş materiallarına fotoşəkillər əlavə olunmuşdur. AC seriyalı 471654 saylı nəqliyyat vasitəsinin qedyiyyat şəhadətnaməsinin fotoşəkilindən görünür ki, 90SN181 dövlət qeydiyyat nişanlı Mercedes 411 yük markalı avtomaşının sahibi X3r. xx.xx.2025-ci il tarixli AS-25/650 saylı geriyə tələb məktubundan görünür ki, 5 iş günü ərzində 795 manat məbləğində pul vəsaitini ödəməyi tələb olunmuşdur. Əks halda məhkəməyə müraciət olunacağı izah olunmuşdur. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1954-cü il tarixdə Bərdə rayon Qayalı kəndində anadan olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, yuxarıda istinad edilən normanın dispozisiyasında nəzərdə tutulan hüququ olmayan şəxs dedikdə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə, sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qətetdi:

İddiası təmin edilməsin. İddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu həmin quruma aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar