Məhkəmə qərarları › İş №e-2(021)-4619/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-4619/2025

03.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-4619/2025 03.03.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə 03 mart 2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddia tələbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatda baxılmasını, İddiaçı mülki iddiaçı, Cavabdehın mülki cavabdeh qismində tanınmasını və cаvabdeh Cavabdeh 4.200 (dörd min iki yüz) manat əsas pulun, 300 manat mənəvi zərərin və 65 (altmış beş) manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 1(101)-490/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş dələduzluq əməllərini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hadisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı 05 oktyabr 2020-ci il tarixində tanışı olan Səlbinaz adlı şəxsin evinə qonaq getmişdir. Söhbət zamanı Səlbinaz Cavabdeh ilə aralarında olan vəziyyətdən danışaraq bildirib ki, Tünzalə tanışı olan bir müəllimənin adına bankdan kredit götürərək, üzərində olan qızılları qaytarmaq istəyir. Lakin həmin müəllimənin bank qarşısında borcu olduğundan bu mümkün olmur. Səlbinaz ona müraciət edərək, onlara kömək məqsədilə müəyyən məbləğdə pul verib bankdan 30.000 manat kredit götürmələrinə yardım etməyini xahiş etmişdir. İddiaçı onun dediklərinə inanaraq 4.200 (dörd min iki yüz) manat məbləğində pul verə biləcəyini bildirmişdir. Daha sonra iddiaçı Səlbinazla birlikdə Cavabdeh yaşadığı ünvana getmişlər. Cavabdeh onları həyətdə qarşılamış, birlikdə söhbət etmişdirlər. Söhbət zamanı cavabdeh də təsdiqləyib ki, tanışı olan bir müəllimənin banka olan borcunun bağlanmasına kömək lazım olduğunu, bu məqsədlə müvəqqəti olaraq ondan pul almaq istədiyini, daha sonra isə borcunu tam şəkildə qaytaracağını bildirmişdir. İddiaçı cavabdehin verdiyi izahat və vədlərə inanaraq, 4.200 manat məbləğində pulu şəxsən ona təhvil vermişdir. Lakin sonradan cavabdeh borcu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmış, iddiaçı ilə əlaqə saxlamaqdan imtina etmişdir. Bununla cavabdeh iddiaçının etibarından və yardım etmək niyyətindən suiistifadə edərək, aldadıcı hərəkətlərlə pulunu ələ keçirmişdir. Qeyd olunan faktlar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində verdiyi ifadə zamanı da təsdiq edilmiş, məhkəmənin xx.xx.2023 tarixli hökmündə Cavabdeh dələduzluq yolu ilə iddiaçıya məxsus pul vəsaitini ələ keçirməsi tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən, cavabdehdən iddiaçıya vurulmuş maddi zərərin – 4.200 (dörd min iki yüz) manat məbləğində vəsaiti geri qaytarmalıdır. Hazırda ümumi iddia tələbi 4500 (dörd min beş yüz) manat olduğundan iddia əriəsinə sadələşdirilmiş qaydada baxılması daha məqsədəuyğundur. Bərdə rayon məhkəməsinin 2(021)-4619/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsinə dair sadələşdirilmiş icraat” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. Tərəflərin mövqeyi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, o, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli Vəkil Orderindən görünür ki, Nümayəndə İddiaçı hüquqi yardım göstərmişdir. xx.xx.2023-cü il tarixli 1(001)-490/2023 saylı Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması,Cavabdeh 01 dekabr 2022-ci il saat 17.35 tarixdən 03 dekabr 2022-ci il 16.50 tarixədək tutulduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi.Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı - Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən evdə çəkməsi,Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması,Cəza çəkdiyi bütün dövr ərzində Cavabdeh elektron nəzarət vasitəsi tətbiq edilməsi,Cavabdeh təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılması,Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi,Cavabdeh barəsində seçilmiş «polisin nəzarəti altına vermə qətimkan tədbiri» hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması hökm edilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 65 manat məbləğində dövlət rüsumu ödəmişdir. AZE seriyalı 14258960 saylı şəxsiyyət vəsiqəsinin fotoşəkilindən görünür ki, Cavabdeh xx.xx.1963-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Ermənistan dövləti Amasiya rayonunda anadan olmuşdur. ünvan 3 ünvanında qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Nümayəndə etibarnamə üzrə səlahiyyətlər vermişdir. xx.xx.2024-cü il tarixli 1(103)-593/2024 saylı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından görünür ki, Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Cavabdeh CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair 21 dekabr 2023-cü il tarixli, 1(001)-490/2023 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. 180.3. Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, cavabdehə məhkəmə iclasında iddiaya münasibətinin müəyyənləşdirilməsi məqsədilə kifayət qədər vaxt və imkan yaradılmışdır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-490/2023 saylı hökmünün “müəyyən etdi” hissəsinin İV abzasına əsasən 4200 manat pul borcunun yaranması sübut olunur. Həmin hökm dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin olunmalıdır. İddia qismən təmin olunduğundan ödənilmiş 62 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4200 (dörd min iki yüz) manat məbləğində pul və ödənilmiş 62 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar