Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-4738/2023 18.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlu, İddiaçı cavabdeh Bərdə rayon Güloğlular Bələdiyyəsinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işin materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Güloğlular Bələdiyyəsi tərəfindən hesablanmış 6132 manat borcun silinçəsi və dövlət rüsumu olaraq ödənilmiş 81 manat pulun cavabdehdən xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sahəseçmə aktlarına və ərizənin surətinə əsasən, Güloğlular Bələdiyyəsinin fondunda olan 3,0 ha əkin torpaq sahəsi İddiaçı rəhbəri olduğu “Nicat-M” kəndli /fermer/ təsərrüfatının istifadəsinə 30 il müddətinə kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə verilmişdir. Baxmayaraq ki, müqaviləni “Nicat-M” kəndli fermer təsərrüfatının başçısı İddiaçı imzalamışdır, lakin tələbdən də göründüyü kimi hazırki iddia tələbi üzrə münasibətlər əslində hüquqi şəxs olan fermer sahibi ilə Bərdə rayon Güloğlular Bələdiyyəsi arasında yaranmış icarə münasibətindən irəli gəldiyindən belə tələblərə məhkəmə aidiyyatı üzrə kommersiya məhkəmələrində baxılır. Belə ki, icarəçi olan kəndli fermer təsərrüfatı həmin müqavilə üzrə torpaq sahəsindən istifadə etməklə oradan məhsul (bəhər) götürür və gəlir əldə edir, İcarəyə verən bələdiyyə isə icarə haqqı formasında gəlir əldə edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı qərarının 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Həmin qərarın 23-cü bəndinə əsasən mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Beləliklə, MPM-nin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bərdə rayon Güloğlular Bələdiyyəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi məhkəmə aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə verilməli olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh Bərdə rayon Güloğlular Bələdiyyəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(021)-4738/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-4738/2023
18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver