Məhkəmə qərarları › İş №e-2(021)-5091/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-5091/2025

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-5091/2025 12.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X3 Qasım oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra iddiaçı və ya "xxxx" MMC) cavabdehlər Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh), Zamin1 (bundan sonra cavabdeh və ya Zamin1) və Zamin2 (bundan sonra cavabdeh və ya Zamin2) qarşı “Kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq Müəyyən etdi : İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada 1664 (bir min altı yüz altmış dörd) manat əsas kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 36,64 (otuz altı manat 64 qəpik) manat dövlət rüsmunun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin iddia tələbi onunla əsaslandırılmışdır ki, 04 fevral 2022-ci il tarixdə Cavabdeh ərizə ilə İttifaqa müraciət edərək kredit verilməsini xahiş etmişdir. Aralarında bağlanmış 04 fevral 2022-ci il tarixli, 2022-000120-065 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən cavabdehə 24 ay müddətinə illik 32% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 4000 (dörd min) manat məbləğində istehlak üçün kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini kreditora hissə-hissə ödəməli, həm kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Eyni zamanda həmin tarixdə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Zamin1 və Zamin2 ilə aralarında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Zamin1 və Zamin2 Mövsün qızı zamin qismində kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyət daşıyır. Borclu Cavabdeh 29 dekabr 2025-ci il tarixə "xxxx" MMC-yə 4000 (dörd min) manat əsas kredit borcu, 2552 (iki min beş yüz əlli iki) manat əsas məbləğə hesablanmış faiz borclu, 990 (doqquz yüz doxsan) manat hər gecikdirilmiş günə görə hesablanmış cərimə borcu yaranmışdır. Cavabdeh tərəfində ittifaqa ödənilmiş 5878 (beş min səkkiz yüz yetmiş səkkiz) manat məbləğində ödəniş ilk olaraq cərimə məbləğindən, daha sonra faiz və əsas məbləğindən çıxılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini ittifaq qarşısında tam icra etməyən Cavabdeh 29 dekabr 2025-ci il tarixə iddiaçıya 1664 (bir min altı yüz altmış dörd) manat əsas kredit borcu mövcuddur. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən iləri gələn öhdəliklərini icra etməmişdir. Aralarında yaranmış mübahisənin məhkəməmədər kənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 iddia ərizəsinin, müqavilənin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, o cümlədən, onlara bildirişi rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərə biləcəkləri bildirilmiş və MPM-in 284-5.3cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə xəbərdar edilmişlər. Cavabdehlər iddia tələbinə etirazlarının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1996-ci ildə Bərdə rayonu Körpüqıran kəndində anadan olmuşdur, Bərdə rayonu Körpüsındıran kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zamin1 xx.xx.1966-cı ildə Bərdə rayonunda Körpüqıran kəndində anadan olmuşdur, Bərdə rayonu Körpüsındıran kəndində qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zamin2 xx.xx.1963-cü ildə Bərdə rayonunda Körpüqıran kəndində anadan olmuşdur, Bərdə rayonu Körpüqıran kəndində qeydiyyatdadır. 04 fevral 2022-ci il tarixli 2022-00120-065 nömrəli kredit müqaviləsindən görünür ki, «Kreditor»-"xxxx" MMC «Borc alan»-Cavabdeh 4000 (dörd min) manat məbləğində kredit verir. -“Borc alan” bu müqavilə ilə müəyyən edilmiş məbləğdə verilən krediti qəbul edir və həmin kreditə görə hesablanan faizləri ödəyir. -Kredit 24 ay müddətinə verilir. Kreditin ödənilməli olduğu son tarix 04 fevral 2023-cü il. “Tərəflər” kreditin ödənilməsi müddətinin uzadılması razılığına gəldikdə, bu müqavilə ilə müəyyən edilmiş qaydada bağlanan əlavə müqaviləyə əsasən müqavilənin müddəti uzadıla bilər. Müddət uzadıldıqda yeni müddət bitmiş müddətin sonundan hesablanır. -Kredit istehlak məqsədləri üçün verilir. -Faktiki faiz dərəcəsi 32 faizdir. 04 fevral 2022-cı il tarixli 2021-01120-065 saylı zaminlik müqaviləsindən görünür ki, «Kreditor»la Cavabdeh arasında bağlanmış 04 fevral 2022-ci il tarixli, 2022-00120-065 nömrəli Kredit müqaviləsinə əsasən 4000 (dörd min) manat məbləğində 24 (iyirmi dörd) ay müddətinə, illik 32 (otuz iki) faiz hesabı ilə verilən kreditin ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təmintı kimi «Zamin»- Zamin1 və Zamin2 «Borc alan»ın öhdəliklərinin yerinə yetirilməsinə görə «Kreditor» qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. -«Borc alan» kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə «Zamin» «Borc alan» ilə birlikdə Kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Maliyyə arayışından görünür ki, Cavabdeh 29 dekabr 2025-ci il tarixə "xxxx" MMCnə 1664 (bir min altı yüz altmış dörd) manat əsas borcu vardır. 02 dekabr 2025-ci il tarixli, 215 saylı bildirişdən görünür ki, Cavabdeh, Zamin1 və Zamin2 10 gün müddətində borcu ödəmələri təklif olunmuş, əks halda tərəflər arasında bağlanmış 2022-00120-065 saylı kredit müqaviləsinin ödəniş cədvəli üzrə ödənilməməsini nəzərə alaraq sənədlərin kredit müqaviləsinin 7.2-ci bəndinə əsasən Bərdə Rayon Məhkəməsinə təqdim olunacağı ilə bağlı xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 36,64 (otuz altı manat 64 qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, 04 fevral 2022-ci il tarixdə Cavabdeh ərizə ilə İttifaqa müraciət edərək kredit verilməsini xahiş etmişdir. Tərəflər arasında bağlanmış 04 fevral 2022-ci il tarixli, 2022-000120-065 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən cavabdehə 24 ay müddətinə illik 32% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 4000 (dörd min) manat məbləğində istehlak üçün kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini kreditora hissə-hissə ödəməli, həm kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Eyni zamanda həmin tarixdə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Zamin1 və Zamin2 ilə aralarında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Zamin1 və Zamin2 Mövsün qızı zamin qismində kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyət daşıyırlar. Borclu Cavabdeh 29 dekabr 2025-ci il tarixə "xxxx" MMC-yə 4000 (dörd min) manat əsas kredit borcu, 2552 (iki min beş yüz əlli iki) manat əsas məbləğə hesablanmış faiz borclu, 990 (doqquz yüz doxsan) manat hər gecikdirilmiş günə görə hesablanmış cərimə borcu yaranmışdır. Cavabdeh tərəfində ittifaqa ödənilmiş 5878 (beş min səkkiz yüz yetmiş səkkiz) manat məbləğində ödəniş ilk olaraq cərimə məbləğindən, daha sonra faiz və əsas məbləğindən çıxılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklini ittifaq qarşısında tam icra etməyən Cavabdeh 29 dekabr 2025ci il tarixə iddiaçıya 1664 (bir min altı yüz altmış dörd) manat əsas kredit borcu mövcuddur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı müraicət edilməsinə baxmayaraq müqavilədən iləri gələn öhdəliklərini icra etməmişlər. Tərəflər arasında yaranmış mübahisənin məhkəməmədər kənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Beləliklə, "xxxx" MMC kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada 1664 (bir min altı yüz altmış dörd) manat əsas kredit borcunun və dövlət büdcəsinə köçürülmüş 36,64 (otuz altı manat 64 qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 04 fevral 2022-ci il tarixli 2022-00120-065 saylı kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə kreditin borcluya verilməsi öhdəliyini, borclu isə bu kredit borcunu hissə-hissə qaytarılması öhdəliyini öz üzərinə götürür. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Azərbaycan Respublikasının MM-nin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə görə, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İstinad edilən qanunvericilik normalarının tələbinə uyğun olaraq zaminlər Zamin1 və Zamin2 kreditor “Prins Kredit İttifaqı “ MMC-nin qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi qanuni və əsaslı olduğundan iddia təmin edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçı "xxxx" MMC öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 36,64 (otuz altı manat 64 qəpik) manat dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tam təmin edildiyindən iddia verilməsi üçün ödənilmiş 36,64 (otuz altı manat 64 qəpik) mаnаt məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “Kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh, Zamin1 və X1 1664 (bir min altı yüz altmış dörd) manat əsas kredit borcu və 36,64 (otuz altı manat 64 qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 1700,64 (bir min yeddi yüz manat 64 qəpik) manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar