Məhkəmə qərarları › İş №e-2(021)-591/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-591/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-591/2025 13.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC–nin cavabdehlər Cavabdeh və Zamin qarşı “borc” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və Zamin Bank Olmayan Kredit Təşkilatı İddiaçın xeyrinə xx.xx.2024-cü il tarixinə kredit üzrə ümumi 4727.81 (dörd min yeddi yüz iyirmi yeddi manat, 81 qəpik) məbləğində manat məbləğində pulun və 67.28 manat dövlət rüsumunun dövlət Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC iddia tələbini belə əsaslandırmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli EFİ-55538 saylı Kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, Cavabdeh qıza illik 36 faiz olmaqla 6 ay müddətinə 3242 manat məbləğində kredit verilmişdir. Kreditə zamin qismində Zamin xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi imzalamışdır. Cavabdeh tərəfindən göstərilən kredit məbləği və ona hesablanmış faizlərin ödənişi pozulmuşdur və xx.xx.2024-cü il tarixinə kredit üzrə ümumi 4727.81 manat məbləğində borc yaranmışdır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilmiş, lakin borclular tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdehlər Cavabdeh və Zamin iddia ərizəsinin, müqavilənin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə məlumatlandırılmışlar. Lakin cavabdehlər Cavabdeh və Zamin iddia tələbinə etirazının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1956-cı ildə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayon Qarağacı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zamin xx.xx.1989-cu ildə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayon Qarağacı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş EFİ-55538 saylı xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024cü il tarixli EFİ-55538 saylı Kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, Cavabdeh illik 36 faiz olmaqla 6 ay müddətinə 3242 manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC və Zamin arasında bağlanmış xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə kredit üzrə 3239.10 manat əsas borc, 468.39 manat faiz borcu , 1020.32 manat dəbbə pulu , cəmi 4727.81 manat məbləğində borc yaranmışdır. Mülki işə əlavə edilmiş xəbərdarlıqdan görünür ki, cavabdehlərə borcunun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 67.28 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli EFİ-55538 saylı Kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, Cavabdeh qıza illik 36 faiz olmaqla 6 ay müddətinə 3242 manat məbləğində kredit verilmişdir.Kreditə zamin qismində Zamin xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi imzalanmış, lakin borclular kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir Məhkəmə qeyd edir ki, iş üzrə iddiaçı «Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC krediti cavabdehlərə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər bu müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, cavabdehlər bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmiş və “Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Mülki Məcəllənin 741.2-ci maddəsinə əsasən borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və kredit müqaviləsi üzrə yaranmış borcu cavabdehlər iddiaçıya ödəməlidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, alqı-satqı müqaviləsinin tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək nəzərə alır və iddiaçı “Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin iddiasının 1020.32 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamışdır.Buna görə də məhkəmə hesab edir ki, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq, 320 manat məbləğində cərimənin tutulması ədalətlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh, Zamin müştərək qaydada 3239.10 manat əsas borc, 468.39 manat faiz borcu, 320 manat dəbbə pulu, cəmi 4027.49 manat alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı “Effektinvest MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 60.27 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçı “Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. MPM-in 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada əsas borc üzrə 3239.10 manat əsas borc, 468.39 manat faiz borcu, 320 manat dəbbə pulu , cəmi 4027.49 (dörd min iyirmi yeddi manat 49 qəpik) manat tutularaq iddiaçı “Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilsin.

3. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada dövlət rüsumu kimi ödənilmiş 60.27 manat tutularaq iddiaçı «Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilsin.

4. Qətnamədən tərəflərə rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (Elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər.

5. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar