Məhkəmə qərarları › İş №e-2(021)-771/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-771/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-771/2025 21.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Məhərrəmov Bayram Yusif оğlunun sədrliyi, X2 kаtibliyi ilə, İddiаçı İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin (bundan sonra İddiaçı BOKT MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı BOKT MMC məhkəməyə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 382.15 manat əsas borc, 961.64 manat faiz borcu, 48.85 manat cərimə borcu olmaqla, cəmi 1392.64 manat məbləğdə kredit borcunun və ərizənin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 33.93 manat məbləğdə dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT MMC iddia tələbini belə əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 1023 nömrəli kredit müqaviləsi bağlanılıb. Həmin müqaviləyə əsasən, Cavabdeh1 çalğı alətlərinin alınması üçün 12 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə 550 manat məbləğdə kredit verilib. xx.xx.2019-cu il tarixli 1023 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 1023 nömrəli zaminlik müqaviləsi bağlanılıb. Həmin zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 1023 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürüb. Cavabdeh1 uzun müddət ərzində kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, kredit borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 1023 nömrəli kredit müqaviləsi üzrə kredit borcu – kredit üzrə əsas borcun məbləği 382.15 manat, kredit üzrə faiz borcunun məbləği 961.64 manat, kredit üzrə hesablanmış cərimə məbləği 48.85 manat olmaqla, cəmi 1392.64 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehlərə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubları ünvanlanıb. Buna baxmayaraq cavabdehlər hələ də öz öhdəliklərini icra etməyiblər. Beləliklə, müvafiq tələblər üzrə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bərdə Rayon Məhkəməsinin qərardadı ilə İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı BOKT MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndrərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdehlər üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına istinad: xx.xx.2024-cü il tarixli 3-21-2-2-1/2-7360/2024 nömrəli İqtisadiyyat Nazirliyi yanında Dövlət Verdi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin verdiyi çıxarışdan görünür ki, ********** dövlət qeydiyyat nömrəli qurumun əvvəlki adı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti, hazırkı adı İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətidir. xx.xx.2019-cu il tarixli 1023 nömrəli Kredit müqaviləsindən və müqaviləyə əlavə olunan Kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, "xxxx" BOKT MMC tərəfindən Cavabdeh1 xx.xx.2019-cu il tarixdə illik 26 faiz dərəcəsi ilə 12 ay müddətinə, hər ay 52.54 manat ödəniş etmək şərtilə 550 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə görə vaxtı keçmiş kredit faizi kimi, gecikdirilən borc məbləğinə cərimə faizi kimi illik 52 faiz dərəcəsi müəyyən olunub. xx.xx.2019-cu il tarixli 1023 nömrəli Zaminlik müqaviləsinin 2.2-ci bəndinə görə, zamin Cavabdeh2 özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə "xxxx" BOKT MMC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1023 saylı kredit müqaviləsi üzrə BOKT qarşısında öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müqavilənin 2.3-cü bəndinə görə, borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikldə, zamin və borcalan BOKT qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2024-cü il tarixli 1424/24 nömrəli Arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2019cu il tarixli 1023 saylı kredit müqaviləsi üzrə arayışın tərtib edildiyi tarixədək ödədiyi ümumi məbləğ 214 manat təşkil edir; müqavilə üzrə onun 382.15 manat əsas, 961.64 manat faiz, 48.85 manat cərimə borcu olmaqla, cəmi 1392.64 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli 1459/24 və 1460/24 nömrəli pretenziyalardan və pretenziyaların çatdırılmasını təsdiq edən 230389 və 230390 nömrəli qaimələrdən görünür ki, cavabdehlərdən banka olan borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim edilməsi üçün 33.93 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etmişdir ki, xx.xx.2019-cu il tarixli 1023 saylı kredit müqaviləsi əsasında "xxxx" BOKT MMC tərəfindən Cavabdeh1 12 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 550 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli 1023 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə verilmiş borcun ödənilməsinə görə birgə məsuliyyət daşımaq öhdəliyini üzərinə götürmüş, yəni borcalana zamin durmuşdur. "xxxx" BOKT MMC krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə üzrə öhdəliyin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. İş materiallarından görünür ki, "xxxx" BOKT MMC yenidən təşkil olunmuş, verilmiş kredit üzrə borc məbləğinin tələb edilməsi hüququ hüquq varisliyi qaydasında İddiaçı BOKT MMC-yə keçmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh2 zaminlik müqaviləsinin şərtlərini pozmuş, borclu tərəfindən borcun ödənilməsi gecikdirildiyi halda üzərinə düşən öhdəliyi icra etməmişdir. Buna görə də cavabdehlər, onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidirlər. Mülki Məcəllənin 467-cı maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, işin hallarını qiymətləndirərək, analojı işlər üzrə formalaşan vahid məhkəmə təcrübəsini də nəzərə alıb, cərimə borcun azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 382.15 manat əsas borc, 961.64 manat faiz borcu, 38 manat cərimə olmaqla cəmi 1381.79 manat borc məbləği İddiaçı BOKT MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 33.93 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı BOKT MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 382.15 manat əsas borc, 961.64 manat faiz borcu, 38 manat cərimə borcu olmaqla, cəmi 1381.79 manat (min üç yüz səksən bir manat yetmiş doqquz qəpik) borc məbləği tutulаrаq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 33.93 manat (otuz üç manat doxsan üç qəpik) dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulаrаq iddiaçı İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar