Məhkəmə qərarları › İş №e-2(021)-791/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-791/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-791/2023 26.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Əbilov Qamət Mehman оğlunun sədrliyi ilə, İddiаçı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dаir yazılı icraat qaydasında məhkəmə bаxаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 584.61 ABŞ dolları əsas, 215.57 ABŞ dolları faiz, 1037.05 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 78.40 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1915.63 ABŞ dolları və iş üzrə ödənilmiş 52.57 ( otuz ) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 313/34BF saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 22 % dərəcəsi ilə 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit ve Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə Sazişlərə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kredit restrukturizasiya edilmiş, restrukturizasiya edilmiş kreditin qalıq məbləği 2839.56 (iki min sakkiz yüz otuz doqquz dollar, 56 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək təyin olunmuşdur. Lakin cavabdehlər öhdəliklərini yerinə yetirməmişdirlər. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinin, müqavilənin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə məlumatlandırılmışlar. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə etirazının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidi. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 313/34-FB saylı Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 22/% dərəcəsi ilə 2500 ABŞ dolları kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ZM313/34-FB saylı Zaminlik Müqaviləsindən görünür ki, 313/34-FB saylı Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 zamin durmuşdur. İş materiallarına əlavə edilmiş 313/34-FB saylı Kredit Müqaviləsi üzrə 1 saylı xx.xx.2017-ci il tarixli Əlvə Sazişdən göünür ki, Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kredit restrukturizasiya edilmiş, restrukturizasiya edilmiş kreditin qalıq məbləği 2839.56 (iki min sakkiz yüz otuz doqquz dollar, 56 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş 313/34-FB saylı xx.xx.2015-ci il tarixli Zaminlik Müqaviləsi üzrə 1 saylı xx.xx.2017-ci il tarixli Əlavə Sazişdən göünür ki, Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kredit restrukturizasiya edilmiş, restrukturizasiya edilmiş kreditin qalıq məbləği 2839.56 (iki min sakkiz yüz otuz doqquz dollar, 56 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 313/34-FB saylı Kredit Müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə yaranmış tələb: müqavilə üzrə 584.61 ABŞ dolları əsas, 215.57 ABŞ dolları faiz, 1037.05 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 78.40 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1915.63 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli № **********602 saylı bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 52.57 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Dəmirbank» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 313/34BF saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 22 % dərəcəsi ilə 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit ve Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə Sazişlərə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kredit restrukturizasiya edilmiş, restrukturizasiya edilmiş kreditin qalıq məbləği 2839.56 (iki min sakkiz yüz otuz doqquz dollar, 56 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək təyin olunmuşdur. Göründüyü kimi, borclu Cavabdeh1 bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmiş və İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 24 ay müddətinə kredit verilmişdir. xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 noyabr 2015-ci il tarixli Kredit Müqaviləsinin təminatı olaraq Cavabdeh2 zaminlik müqaviləsi bağlanmışdır. Daha onra Kredit ve Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə Sazişlərə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kredit restrukturizasiya edilmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixədək təyin olunmuşdur. Mülki Məcəllənin 477.0.4-ci madəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı qanunvericiliklə müəyyən olunmuş tələbetmə müddətini itirmişdir. Odur ki, iddia tələbi Cavabdeh2 münasibətdə tələb təmin oluna bilməz. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Bundan başqa məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı LPO İddiaçı ASC -nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun iddiasının 1037.05 ABŞ dolları cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 30 ABŞ dolları məbləğində pulun tutulması ədalətlidir. Məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin bitdiyi tarixdən Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 78.40 ABŞ dolları faiz borcun tutulması hissəsində də təmin olunmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 584.61 ABŞ dolları əsas, 215.57 ABŞ dolları faiz, 30 ABŞ dolları manat cərimə borcu, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 78.40 ABŞ dolları faiz borc olmaqla, cəmi 908.58 ABŞ qətnamə icra olunan vaxt Mərkəzi Bankın müəyyən etdiyi Azərbaycan manat məzənnəsinə uyğun olaraq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 52.57 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 584.61 ABŞ dolları əsas, 215.57 ABŞ dolları faiz, 30 ABŞ dolları manat cərimə borcu, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 78.40 ABŞ dolları faiz borc olmaqla, cəmi 908.58 ABŞ qətnamə icra olunan vaxt Mərkəzi Bankın müəyyən etdiyi Azərbaycan manat məzənnəsinə uyğun olaraq İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 52.57 (otuz üç) manat məbləğində dövlət rüsumu Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar