Məhkəmə qərarları › İş №e-2(021)-810/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-810/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-810/2025 16.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı MMC Cavabdeh İddiaçı MMC-nin xeyrinə İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 4467 (dörd min dörd yüz altmış yeddi) manat 54 (əlli dörd) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğin və həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 15 (on beş) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı MMC (bundan sonra-Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi ilə o satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli 318 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il il tarixli 16-X saylıəmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtıərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin – OBA Füzuli 7 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2024-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4664 (dörd min altı yüz altmış dörd) manat 22 (iyirmi iki) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmiş, yoxlamanın nəticələrinə, üzləşməyə və iltizamnaməyə imza atmaqla kəsr gələn mallarıetiraf etmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 4467 (dörd min dörd yüz altmış yeddi) manat 54 (əlli dörd) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 4467 (dörd min dörd yüz altmış yeddi) manat 54 (əlli dörd) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin işin mediasiya mərhələsində həll edilməsi üçün Cavabdeh ünvanınaxx.xx.2024-cü il tarixində Mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Mediasiya mərhələsində tərəflər arasında barışıq olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdehlər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2023-cü il tarixli Əmək müqaviləsi, Əmək müqaviləsi bildirişi, Ərizə və 008/İQ saylı Əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı MMC ilə əmək müqaviləsi bağlamaqla, Satış departamentinin Satış şöbəsində satıcı-kassir vəzifəsinə işə qəbul edilib. xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə Əlavədən, Əmək müqaviləsi bildirişi, Ərizə və 192 saylı Əmrdən çıxarışdan görünür ki, Cavabdeh Satış Departamentinin Satış şöbəsində baş satıcı vəzifəsindən administrator vəzifəsinə keçirilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış X3 haqqında müqavilənin 1-ci bəndindən görünür ki, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. İddiaçı MMC-nin Administrator vəzifəsinin təlimatından görünür ki, Cavabdeh vəzifə funksiyalarını, səlahiyyətlərini, məsuliyyəti özündə əks etdirən təlimat ilə 18 oktyabr 2023cü il tarixdə tanış olub, qəbul etdiyini imzası ilə təsdiq etmişdir. “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” 31 yanvar 2024-cü il tarixli 202 saylı əmrdən görünür ki, Füzuli rayonu Böyük Bəhmənli kəndində yerləşən “Oba- Füzuli 7” (1447) mağazasında administrator işləyən, maddi məsul şəxs Cavabdeh öhdəsində olan maddi ehtiyatların xx.xx.2024-cü il tarixinə olan vəziyyətinin (qanun pozuntuları olması ehtimalı ilə əlaqədar) yoxlamasını aparmaq məqsədi ilə işçi qrupu yaradılıb. İşçi qrupuna təyin edilən filialı üzrə maddi məsul şəxsin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlanmasını həyata keçirmək, inventarizasiyanın nəticələrini maddi məsul şəxslərin iştirakı ilə aktlaşdırmaq tapşırılmışdır. xx.xx.2024-cü il tarixli Cavabdeh tərəfindən İddiaçı MMC-nin inventarizasiya komissiyasına verilmiş iltizamnamədən görünür ki, o, inventarizasiya tarixinə kimi öhdəsində olan maddi qiymətlilərə dair mədaxil və məxaric sənədlərinin hamısını mühasibatlığa təqdim etmişdir. Cavabdeh iltizamnaməyə imza çəkib, sayımda iştirak etdiyini, etirazının olmadığını qeyd etmişdir. xx.xx.2024-cü il tarixli Cavabdeh tərəfindən İddiaçı MMC-nin inventarizasiya şöbəsinin Araşdırma bölməsinə verilmiş iltizamnamədən görünür ki, o, inventarizasiya tarixinə kimi öhdəsində olan maddi qiymətlilərə dair mədaxil və məxaric sənədlərinin hamısını mühasibatlığa təqdim etmişdir. Kənarlaşması olan mallara dair məlumatlar və sənədlər sistem üzərindən Araşdırma bölməsinin mütəxəssisi tərəfindən Cavabdeh iştirakı ilə yoxlanılmış və 2796 say çeşid 4664.2 manat məbləğində kənarlaşma aşkar olunmuşdur. Araşdırma mütəxəssisinin apardığı araşdırma yoxlamasına dair heç bir narazılığı və iradı olmamışdır. xx.xx.2024-cü il tarixli 549 saylı “Təbii itki normalarının tətbiqi haqqında” əmrdən görünür ki, təbii itki norması satış dövriyyəsinin 0.15 faizi kimi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə (Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndi) xitam verilmişdir. xx.xx.2024-cü il tarixli DN2289 nömrəli Xəbərdarlıqdan və xəbərdarlığın göndərilməsini təsdiq edən qaimədən görünür ki, Cavabdeh 4467.54 manat əksikgəlmənin aşkar olunması bildirilmiş, yaranmış borcun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə barəsində müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. 09 sentyabr 2024-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış təftiş nəticəsində 31 yanvar 2024-cü il tarixdə 4664.22 manat çatışmazlıq müəyyən edilmişdir, güzəşt tətbiq ediləndən sonra onun ümumi borcu 4467,54 manat təşkil edir. xx.xx.2024-ci il tarixli MŞB/20/2024-00464 nömrəli İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışa əsasən İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi mediasiya prosesində iştirak etmiş, lakin Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İddiaçı MMC 50 manat mediasiya xərci və 10 manat poçt göndərişi və kargüzarlıq xərci olmaqla, cəmi 60 manat məbləğində ödəniş edib. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Həmin Məcəllənin 192.2-ci maddəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və cavabdehin etirafı barədə müqaviləni nəzərə alınmaqla iddia tələbi təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC -nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4467,54 (dörd min dörd yüz altmış yeddi manat əlli dörd qəpik ) tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilsin. Cavabdeh 15 (on beş) manat dövlət rüsumu və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat rüsum tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar