Məhkəmə qərarları › İş №e-2(021)-84/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-84/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-84/2025 06.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbi”nə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 23 iyun 2020-ci il tarixli 115/20-ky nömrəli güzəştli kredit müqaviləsi üzrə əsas borcu 5392,67 manat, faiz borcu 6,61 manat olmaqla cəmi borcu 5399,28 ( beş min üç yüz doxsan doqquz manat iyirmi səkkiz qəpik) manat borc məblə\inin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına, borc tələbinin Cavabdeh məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 127.7 kv. metr, yaşayış sahəsi 73.5 kv. metr, yardımçı sahəsi 54.2 kv.metr olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsinə, ipoteka premdetinin dəyəri ipoteka qoyanın ipoteka saxlayanla razılığına əsasən 16708(on altı min yeddi yüz səkkiz) manat məbləğində müəyyən edilməsinə, ipoteka predmetinin satılması hesabına X1 İddiaçı QSCyə olan 5399,28 manat kredit borcunun və 74 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (bundan sonra – İddiaçı QSC) ilə Bərdə rayon sakini Cavabdeh arasında 23 iyun 2020-ci il tarixli 115/20-ky nömrəli Güzəştli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 8354,0 manat (səkkiz min üç yüzəlli dörd) məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) ilmüddətində bu müqaviləyə 1 nömrəliəlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh ilə bağlanmış Güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC ilə Cavabdeh arasında 23 iyun 2020-ci il tarixli 115/20-ky nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh ilə bağlanmış 23 iyun 2020-ci il tarixli 115/20-ky nömrəli Güzəştli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 127.7 kv/m , yaşayış sahəsi 73.5 kv/m, yardımçısahəsi 54.2 kv/m, olan 3 otaqlı fərdi yaşayış evinin İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlə bağlanmış 23 iyun 2020-ci il tarixli ipoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 16708 manat məbləğində müəyyən edilmişdir. Cavabdehlə bağlanmış Güzəştli kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən, borclu bu Müqavilə üzrə kreditora çatmalı olan krediti və ona hesablanmış faizləri və digər ödənişləri bu müqavilənin 5-ci bəndində nəzərdə tutulan müddətdə və qaydada ödəməyi öz öhdəsinə götürür. Güzəştli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə cavabdeh xx.xx.2020-ci il tarixli 115/20-ky saylı Güzəştli kredit müqaviləsinə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh Güzəştli kredit müqaviləsinin şərtləriniəhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqıçatanlardan məhrum etmişdir. Cavabdehin İddiaçı QSC-yə əsas borcu 5392.67 manat, faiz borcu 6,61 manat olmaqla, cəmi borcu 5399.28 manat(beş min üç yüz doxsan doqquz manat, iyirmisəkkiz qəpik) təşkiledir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehə göndərilmiş xəbərdarlıq məktubu və ipoteka bildirişi nəticəsiz qalmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdurlr. Məhkəmə iclasında İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini göstərərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron Məhkəmə İnformasiya Sisteminə keçirilən baxış zamanı müəyyən olunur ki, tərəflərin hər ikisi vergi ödəyicisidir. Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs qismində vergi orqanında qeydiyyata alınmışdır. Bundan başqa iş materiallarında olan 27 iyun 2014-cü il tarixli 161/14-ky nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh 30 ay müddətində illik 20 faiz dərəcəsi ilə iri buynuzlu mal qara almaqla ətlik maldarlığın inkişafı məqsədilə 10.000 manat məbləğində kredit verilmişdir. Göründüyü kimi proses iştirakçılarının subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri mülki işin sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisə olduğu qənaətinə gəlməyə imkan verir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26-cı maddəyə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 nömrəli Qərarının: 11-ci hissəsində göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci hissəsində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü hissəsində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 15-ci hissəsinə görə, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 20-ci hissəsinə əsasən, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən, məhkəmənin qənaətinə görə həmin məsələyə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-32.4, 32.7-ci maddələrinin tələblərinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan mülki işin aidiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən mülki iş aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 97-98, 255-256, 258 və 263-264-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbi”nə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar