Məhkəmə qərarları › İş №e-2(021)-872/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-872/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-872/2023 28.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 Bünyət oğlunun iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Hüsey oğluna, Cavabdeh3 və X2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 Hüsey oğlundan, Cavabdeh3 və X1 Ləğv prosesində olan İddiaçı Cəmiyyətinin xeyrinə 3691.49 AZN əsas, 4382.33 AZN faiz, 1513.52 AZN cərimə borcu, 935.34 AZN kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, ümumilikdə cəmi 10522.68 AZN məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 122 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, LPO ZAMİNBANK ASC ilə Cavabdeh2 arasında 04 dekabr 2014-cü il tarixli 2213 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 24 faiz ödənilmək şərtilə 4000 manat məbləğində kredit vəsaiti veirlmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndində əsasən, borcalan bankdan aldığı kredit və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1 ci bəndinə müvafiq olaraq zaminlər Cavabdeh3 və Cavabdeh1 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyır. Lakin buna baxmayaraq Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faiziləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 3691,49 manat əsas, 4382,33 manat faiz, 1513,52 manat cərimə, 953,34 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 10522,68 manat məbləğində borcu mövcuddur. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, iştirakı olmadan baxılmaqla iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 Bünyət oğlu iddianı qəbul etməyərək, izahaında göstərdi ki, keçən uzun müddət ərzində cavabdehlə kreditin ödənilməsi barədə heçnə bildirilməmişdir. Kreditin tələb edillməsi üçün iddia müddəti ötürülmüşdür, odur ki, iddia müddəti keçirildiyindən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 Bünyət oğlu bu barədə ərizəni məhkəməyə təqdim etdi. Cavabdehlər X4 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 Bünyət oğlunun izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 04 dekabr 2014-cü il tarixli 2213 saylı kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh2 Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 24 faizlə 36 ay müddətinə 4000 AZN məbləğində kredit götürmüşdür. İş materiallarında olan zaminlik müqavilələrindən müəyyən olunur ki, X4, X6 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırmaq üçün 122 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin bununla belə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki mübahisə üzrə iddia müddəti ötdüyündən iddia tələbi təmin edilməməlidir. Belə ki, 04 dekabr 2014-cü il tarixli 2213 saylı kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh2 Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 24 faizlə 36 ay müddətinə 4000 AZN məbləğində kredit götürmüşdür. Zaminlik müqavilələrindən müəyyən olunur ki, X4, X6 ilə zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir və tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin maddədə qeyd edilən hallardan biri də xüsusi iddia müddətidir ki, mülki qanunvericiliyə əsasən həmin Məcəllənin müvafiq fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 477-ci maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: - zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; - əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; - kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; - zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə məhkəmə qeyd edir ki, hazırki mülki mübahisə üzrə iddia müddəti müqavilənin icra müddəti başa çatdığı vaxtdan 3 il olduğu halda iddiaçı həmin hüququndan istifadə etməmişdir. Bundan başqa müqavilənin icra müddəti başa çatdığı andan etibarən 1 il ərzində iddiaçı təşkilat zaminlərə qarşı iddia tələbi irəli sürməli olduğu halda, bunu etməmiş və qanunla müəyyən edilmiş iddia müddətini həm əsas borcluya, həm də aksessior öhdəlik olan zaminlik müqavilələri üzrə zaminlərə qarşı da itirmişdir. Belə ki, iddiaçı təşkilatın təqdim etdiyi maliyyə arayışından da görünür ki, müqavilənin müddəti 04 dekabr 2017-ci ildə bitmişdir. Həmin vaxtdan iddia müddəti kəsilmiş və yenidən hesablanmağa başlamışdır. Həmin tarixdən hesablanan iddia müddətinin sonu 2020-ci il tarixdə başa çatmış və həmin müddətdə iddia tələbi iddiaçı təşkilat tərəfindən irəli sürülməmişdir. Bundan başqa məhkəmə xüsusi olaraq qeyd edir ki, Cavabdeh2 iddiaçı təşkilat tərəfindən tərtib edilmiş trafaret məzmunlu blanka bəzi sözləri əllə yazılaraq imza etmiş və tarix kimi 03 dekabr 2019-cu il tarixini qeyd etmiş və portala giriş kodu xüsusi olaraq gözstərilmişdir. Lakin iddiaçı təşkilat tərəfindən həmin müraciətin daxil olmasını nə səbəbə 29 dekabr 2019-cu il tarix olaraq göstərməsini, daxil olma nömrəsinin nə səbəbə qeyd edilməməsini əsaslandıra biləcək mötəbər arqumentlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, cavabdehlər Cavabdeh2 Hüsey oğluna, Cavabdeh3 və X2 qarşı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin qaldırdığı “borcun tutulmasına dair” iddiası iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 122 manat məbləğində dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nə aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Hüsey oğluna, Cavabdeh3 və X2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası iddia müddətinin ötməsi səbəbindən təmin edilməsin. Ödənilmiş 122 manat dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar