Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-943/2025 10.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" ASC X1 vərəsələri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə 1187.03 manat əsas borc, 0 manat faiz borcu olmaqla, cəmi 1187.03 manat kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 31.87 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı "xxxx" ASC ilə X3 (Borcalan) arasında bağlanmış BPM**********88 nömrəli Kredit Müqaviləsinə əsasən Borcalana 18 ay müddətinə illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 2000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən müqavilənin şərtlərinə əsasən Borcalan həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada kredit məbləğini qaytarmağı və ondan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borcalan xx.xx.2020-ci il tarixində vəfat etdiyindən müqavilə üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Bərdə rayon Notariat Ofisinin cavab məktubuna əsasən məlum olmuşdur ki, həmin Notariat Ofisi tərəfindən X1 miras əmlakına dair onun vərəsələri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Bərdə şəhəri M.Ə.Sabir küçəsi döngə 2 ev 2 ünvanında yerləşən 0.056 hektar torpaq sahəsini, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 97.7 kv/m olan fərdi yaşayış evini, buraxılış ili 2007-ci il olan Nissan Sunny minik markalı **-BL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini və "xxxx" QSC-dən son haqq-hesab kimi alınan 1031.90 manat pul vəsaitini əldə etmələri barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bank tərəfindən Borcalanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X1 Kredit müqaviləsi üzrə 1187.03 manat əsas borcu, 0 manat faiz borcu olmaqla, cəmi 1187.03 manat məbləğində kredit borcu qalmışdır. Cavabdehlər, qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. İddiaçı mübahisənin məhkəmədən kənar həlli üçün səy göstərsə də, cavabdehlər öz öhdəliklərini iddianın verildiyi günədək tam şəkildə yerinə yetirməyiblər. Cavabdehin etirazı: Cavabdehə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2020-ci il tarixli BPM**********88 nömrəli Kredit müqaviləsindən və müqaviləyə 1 saylı əlavə olan Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, X2 "xxxx" ASC tərəfindən 18 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə aylıq 129.6 manat ödəniş etmək şərtilə 2000 manat məbləğində kredit vəsaiti ayrılmışdır. xx.xx.2020-ci il tarixli Məxaric orderindən görünür ki, 1980 manat borcalan X1 hesabına köçürülmüşdür. AZ-İİ 120060 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X4 xx.xx.2020ci il tarixində miokard infarktı səbəbindən ölmüşdür. xx.xx.2021-ci il tarixli 2V-488, 2V-489 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli 2V-757 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamələrindən görünür ki, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 X1 vərəsələridirlər və onların hər biri miras əmlakı olan buraxılış ili 2007-ci il Nissan Sunny minik markalı **-BL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi, ünvan 2 ünvanında yerləşən 0.0560 ha torpaq sahəsi, həmin ünvanda yerləşən ümumi sahəsi 97.7 kv/m. olan fərdi yaşayış evi və "xxxx" QSC-dən son haqqhesab kimi alınan 1031.90 manat pul vəsaitindən 1/3 irs almalıdırlar. xx.xx.2024-cü il tarixli 6-2-22/2-34671/2024 qeydiyyat nömrəli Bildirişdən görünür ki, cavabdehlərdən X1 banka olan borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə bank tərəfindən məhkəməyə müraciət ediləcəyi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər hüquqi tədbirlərinin görülməsi barədə xəbərdar olunmuşlar. Maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixinədək X1 xx.xx.2020-ci il tarixli müqavilə üzrə “Azərbaycan Beynəlxalq Bankı " ASC-yə 1187.03 manat ödənilməmiş əsas borcu qalmışdır. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 31.87 manat dövlət rüsumu və həmin rüsumun ödənilməsinə görə 0.40 manat xidmət haqqı ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcələsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etmişdir ki, iddiaçı "xxxx" ASC ilə X3 arasında xx.xx.2020-ci il tarixli, BPM**********88 nömrəli kredit müqaviləsi bağlanmışdır, bank tərəfindən sonuncuya kredit vəsaiti verilmişdir. Hacıyev Babək xx.xx.2020-ci il tarixdə ölmüş, bu səbəbdən tərəfindən öhdəliyin tam icra edilməsi mümkün olmamışdır. Kredit müqaviləsi üzrə öhdəlik şəxsi deyil, əmlak xarakterli öhdəlik olduğuna görə borclunun ölməsi onun həmin müqavilə üzrə öhdəliyinə xitam vermir, öhdəliyin icrası vəzifəsi mirası qəbul etmiş şəxslərə keçir. X2 məxsus əmlak qanun üzrə vərəsəlik qaydasında iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 keçmişdir. Bunu nəzərə alaraq, məhkəmə elə nəticəyə gəlir ki, iddiaçı kredit müqaviləsi üzrə borcu müştərək qaydada iş üzrə cavabdeh olan şəxslərdən tələb etməyə haqlıdır. Cavabdehlər mirası qəbul etdikdən sonra müqavilədə nəzərdə tutulmuş müddətdə ödənişi həyata keçirməmişlər, yəni öhdəliyi lazımınca icra etməmişlər, nəticədə iddiaçının tam borc məbləğini tələb etmək hüququ yaranmışdır. İddiaçının göndərdiyi bildirişdən görünür ki, mübahisənin məhkəməyə qədər nizamlama (pretenziya) qaydasına riayət edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada xx.xx.2020-ci il tarixli, BPM**********88 nömrəli müqavilə üzrə 1187.03 manat borc məbləği iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbi təmin edildiyindən ödənilmiş 31.87 manat dövlət rüsumunun və bu rüsumun ödənilməsinə görə 0.40 manat xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada xx.xx.2020-ci il tarixli, BPM**********88 nömrəli müqavilə üzrə 1187.03 (min yüz səksən yeddi manat üç qəpik) manat borc məbləği və iş üzrə ödənilmiş 31.87 (otuz bir manat səksən yeddi qəpik) manat dövlət rüsumunun, 0.40 manat (qırx qəpik) xidmət haqqının əvəzi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Bayram Məhərrəmov