Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-999/2025 24.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki iş Açar sözlər: kredit borcunun ödənilməsi, borcun vərəsələrdən tutulması Hаkim Abdullayev Fərman Firidun оğlunun sədrliyi, X1 iclas kаtibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun vərəəslərdən tutulması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İ. Mülki işin mahiyyəti
1. "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 vərəsəsi Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********95nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 442.76 AZN olmaqla, cəmi 442.76 AZN borcun, o cümlədən iddia ərizəsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı "xxxx" ASC iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC iləX9 arasında bağlanmış BPM**********95 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən X6 illik 24 faizlə 24 ay müddətinə 1000 (bir min manat) AZN kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. AZ-İİ № 048535 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2019-cu il tarixində vəfat etdiyi müəyyən edilmişdir. 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 1728 reyestr nömrəli məktuba əsasən Cavabdeh1 X4 vərəsəsi olduğu müəyyən edilmişdir. Məktubda qeyd edilir ki, Cavabdeh1 “mirasın qəbul edilməsi” barədə ərizə ilə müraciət etmişdir, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Yuxarıda adı çəkilən BPM**********95 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehin əsas borca görə 442.76 AZN olmaqla, cəmi 442.76 AZN borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh1 xx.xx.2024-cü il tarixində 6-2-22/2-41701/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.
3. Daha sonra iddiaçı "xxxx" ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, X4 vərəsələri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********95nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 442.76 AZN olmaqla, cəmi 442.76 AZN borcun, o cümlədən iddia ərizəsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İİ. Tərəflərin mövqeləri:
4. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etdiyini bildirdi.
6. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etdiyini bildirdi. Həmçinin bildirdi ki, Sumqayıt şəhəri Corat qəsəbəsində atasının torpaq sahəsi var. Həmin torpaq sahəsinin 10 sotu atasının adınadır. Həmin torpaq sahəsinə vərəsəlik hququnun tanınması üçün notariusa müraciət etmişdirlər. Lakin sənədləşmə işləri yarımçıq qaldığından vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdırlar. Həmin torpaq sahəsində ev tikilib nənəsi orada tək yaşayır. Onlar Sumqayıt şəhərində yaşayıblar. Həmin ev nənəsinin adınadır, orada əmisigil və anası yaşayır.
İİİ. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. "xxxx" ASC ilə X9 arasında bağlanmış BPM**********95 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, X6 illik 24 faizlə 24 ay müddətinə 1000 (bir min) manat kredit verilmişdir.
9. xx.xx.2024-cü il tarixli Maliyyə arayışdan müəyyən olunur ki, mərhum X4 xx.xx.2019-cu il tarixli Kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 442,76 manat əsas borcu vardır.
10. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
11. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30,00 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
12. AZ-İİ №048535 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.
13. Nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 ilə Cavabdeh2 arasında xx.xx.1991-ci il tarixdə nikah bağlanmışdır.
14. Xİ-ЖГ seriyalı Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.1990-cı ildə anadan olmuşdur. X2, anası Cavabdeh2dır.
15. Cavabdeh1 Notariat Ofisinə ünvanlanmış ərizəsindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə vəfat edən X3 qalmış mirası əmlakı qəbul etmişdir. Miras əmlak Sumqayıt şəhəri Corat bağları massivində yerləşən torpaq sahəsindən ibarətdir. Ondan başqa vəsrəsə Cavabdeh2dır.
16. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2019-cu il tarixdə vəfat edən X3 miras qalmış əmlaka dair açılmış vərəsəlik işinin materiallarından müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə vəfat edən X3 qalmış mirası əmlakı qəbul etmişdir. Miras əmlak Sumqayıt şəhəri Corat bağları massivində yerləşən torpaq sahəsindən ibarətdir.
17. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
18. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
22. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
24. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
25. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
26. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.
27. Həmin Məcəllənin 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir.
28. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (Mülki Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.
29. Həmin Məcəllənin 742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər:
30. Həmin Məcəllənin 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla);
31. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
32. Həmin Məcəllənin 745.5-ci maddəsinə əsasən Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.
33. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
34. Beləliklə, işin müəyyən edilmiş halları odur ki, "xxxx" ASC ilə mərhum X9 arasında bağlanmış BPM**********95 nömrəli xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsi əsasında X6 illik 24 faizlə 24 ay müddətinə 1000 (bir min) manat kredit verilmişdir. İş üzrə iddiaçı "xxxx" ASC krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. X9 xx.xx.2019cu il tarixdə vəfat etmişdir. Mərhumun arvadı Cavabdeh2 və qızı Cavabdeh1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinə müracit edərək vərəsəliyi qəbul etmişdirlər. Lakin mərhum X4 vərəsələri Cavabdeh2 və Cavabdeh1 miras qoyanın bank qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməmiş və "xxxx" ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
36. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
37. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
38. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. 39.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Rerspublikası Konstitusiya Məhkəməsinin 4 iyun 2018-ci il tarixli qərarına əsasən Borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar.
40. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.
41. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir.
42. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.
43. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.
44. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduöundan təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 442.76 manat əsas borc alınaraq iddiaçı "xxxx" ASC -nin xeyrinə tutulmalıdır.
45. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
46. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30,00 manat məbləğində dövlət rüsumu cavabdeh X5 iddiaçı "xxxx" ASC -nin xeyrinə tutulmalıdır.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 442.76 (dörd yüz qırx iki manat, yetmiş altı qəpik) manat tutulаrаq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulаrаq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Fərman Abdullayev