Məhkəmə qərarları › İş №e-2(022)-101/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-101/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-101/2025 06.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 500 manat əsas borc, gecikdirməyə görə 50 manat dəbbə, nəticə etibarı ilə ümumilikdə 550 (beş yüz əlli) manat pulun və iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, "Telefon Mağazasının" satıcısı, olaraq Cavabdeh ilə 08 sentyabr 2022-ci il tarixində 119 nömrəli nisiyə mal satılmasına dair müqavilə bağlamışdır. 08 sentyabr 2022-ci il tarixində 119 nömrəli nisiyə mal satılması müqaviləsinə əsasən Cavabdeh markalı telefonu 10 aylıq kreditlə 1100 manat dəyərində almış və hazırkı vaxtadək cavabdeh tərəfindən, ilkin ödəniş də daxil olmaqla 600 ödənilmiş, lakin hazırda qalan 500 manat borcunu ödməkdən imtina edir. Eyni zamanda bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 2% peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin o, telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yəni vaxtında ödənilməyən ödənişlər onun üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmasına səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydı o, maddi itkilərlə qarşılaşmayacaqdır. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o, borcun ödənilməsindən imtina etmişdir. O, buna görə ciddi maddi itkilərlə qarşılaşmışdır. Həmçinin o, Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınır. Onun geniş müştəri dairəsi vardır. O, müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikdir. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır.Əgər cavabdeh borcu vaxtında ödəsəydi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi.Cavabdehin yuxarıda qeyd olunan 08 sentyabr 2022-ci il tarixində 119 nömrəli müqavilədən yaranan 500 manat əsas borcu vardır. Bundan əlavə müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə üzrə aylıq ödənişin 2%-i hər gecikdirilmiş gün üçün ödənilməli olan cərimə, yəni ümumilikdə olan dəbbə pulu olaraq 50 manat və 30 manat dövlət rüsumunun da cavabdehdan alınıb ona qaytarılmasını istəyir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, onun iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyət vəsiqəsinin surətindən görünür ki, Əliyev X1 MR Babək rayonu Aşağı Buzqov kəndində qeydiyyatdadır. İş materiallarında olan malın nisyə satılmasına dair 08 sentyabr 2022-ci il tarixli 119 saylı müqavilədən görünür ki, Cavabdeh İddiaçı 1100 manat dəyərində Samsung A71 (İMEİ**********52772) markalı mobil telefonunu 10 ay müddətinə, hər ay 110 manat ödəmək şərti ilə nisyə almişdir. Həmçinin malın nisyə satılmasına dair 08 sentyabr 2022-ci il tarixli 119 saylı müqaviləsinə 1№ li əlavədən görünür ki, cavabdeh dörd ay 100 (yəni hər ay 100 manat) manat, dörd ay isə hər ay 50 manat ödəmək şərti ilə iddiaçıya olan borcundan 600 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə edilmiş nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 1100 manat dəyərində Samsung A71 (İMEİ**********52772) markalı mobil telefonu nisyə olaraq almış və hər ay 110 manat ödəməklə nisyə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə işin müəyyən edilmiş hallarına qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, Cavabdeh 500 manat əsas borc, ödənişlərin gecikdirilməsinə görə 50 manat, ümumilikdə 550 (beş yüz əlli) manat pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat əsas borc, ödənişlərin gecikdirilməsinə görə 50 (əlli) manat dəbbə, ümumilikdə 550 (beş yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti alınıb İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar