Məhkəmə qərarları › İş №e-2(022)-1013/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1013/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1013/2024 09.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2419 (iki min dörd yüz on doqquz) manat 67 (altməş yeddi) qəpik əsas borcun, 252 (iki yüz əli iki) manat 06 (sıfır altı) qəpik faiz borcunun və 0.04 (sıfır dörd) qəpik cərimə borcunun, cəmi 2671 (iki min altı yüz yetmiş bir) manat 77 (yetmiş yeddi) qəpik məbləğində kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 46 (qırx altı) manat 72 (yetmiş iki) qəpik məbləğində dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidməti haqqının iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış BPM**********77 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə (bundan sonra “Kredit müqaviləsi” adlandırılacaq) əsasən sonuncuya 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 20 faiz ödənilməsi şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında BPM**********77 nömrəli xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi (bundan sonra “Zaminlik müqaviləsi” adlandırılacaq) bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2.1-ci yarımbəndinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmin öhdəliklərin tam şəkildə icrasını, o cümlədən belə icra edilməmə nəticəsində banka dəymiş zərərin əvəzinin və hesablanmış penyanın ödənilməsini bankın zamindən tələb etmək hüququ vardır. Bank tərəfindən cavabdehlərə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən onların üzərinə düşən öhdəliklər icra edilməmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən həmin tarixə borc alan Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə 2419.67 manat əsas borcu, 252.06 manat faiz borcu və 0.04 manat cərimə borcu olmaqla, cəmi 2671.77 (iki min altı yüz yetmiş bir manat 77 qəpik) manat məbləğində kredit borcu mövcuddur. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan «Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********77saylı kredit müqaviləsinə əsasən onun kartına 48 ay müddətinə illik 20 faiz dərəcəsi tətbiq edilməklə 5000 manat məbləğdə pul mədaxil edilmişdir. İşdə olan «Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin xx.xx.2024cü il tarixli maliyyə arayışından görünür ki, «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti Yevlax filialı ilə Cavabdeh1 oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********77 saylı kredit müqaviləsinə əsasən əsas borcu 2419 (iki min dörd yüz on doqquz) manat 67 (altməş yeddi) qəpik, faiz borcu 252 (iki yüz əli iki) manat 06 (sıfır altı) qəpik və cərimə borcu 0.04 (sıfır dörd) qəpik, cəmi borcu 2671 (iki min altı yüz yetmiş bir) manat 77 (yetmiş yeddi) qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 oğlu ilə «Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin “Yevlax” filialı arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********77saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə 2419 (iki min dörd yüz on doqquz) manat 67 (altməş yeddi) qəpik əsas borcun, 252 (iki yüz əli iki) manat 06 (sıfır altı) qəpik faiz borcunun və 0.04 (sıfır dörd) qəpik cərimə borcunun, cəmi 2671 (iki min altı yüz yetmiş bir) manat 77 (yetmiş yeddi) qəpik məbləğdə borcun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli BPM**********77saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixli BPM**********77 saylı zaminlik müqaviləsi bağlanmışdır. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli BPM**********77 saylı kredit müqaviləsinə əsasən 2419 (iki min dörd yüz on doqquz) manat 67 (altməş yeddi) qəpik əsas borc, 252 (iki yüz əli iki) manat 06 (sıfır altı) qəpik faiz borcu və 0.04 (sıfır dörd) qəpik cərimə borcu, cəmi 2671 (iki min altı yüz yetmiş bir) manat 77 (yetmiş yeddi) qəpik məbləğdə pul vəsaiti «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştİrak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 46 (qırx altı) manat 72 (yetmiş iki) qəpik məbləğdə pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2419 (iki min dörd yüz on doqquz) manat 67 (altməş yeddi) qəpik əsas borc, 252 (iki yüz əli iki) manat 06 (sıfır altı) qəpik faiz borcu və 0.04 ( dörd) qəpik cərimə borcu, cəmi 2671 (iki min altı yüz yetmiş bir) manat 77 (yetmiş yeddi) qəpik kredit borcu, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 46 (qırx altı) manat 72 (yetmiş iki) qəpik dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar