Məhkəmə qərarları › İş №e-2(022)-1016/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1016/2023

23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1016/2023 23.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, cəmi 6.310,73 (altı min üç yüz on manat, 73 qəpik) manat - bundan 4.362,10 (dörd min üç yüz altmış iki manat, 10 qəpik) manat məbləğində əsas borc, 641,10 (altı yüz qırx bir manat, 10 qəpik) manat məbləğində faiz borcu, 277,24 (iki yüz yetmiş yeddi manat, 24qəpik) manat məbləğində cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə görə geciktirilmiş vaxt üçün hesablanan 1.030,73 (bir min otuzmanat, 73 qəpik) manat faiz borcu, iş üzrə ödənilmiş 84 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyətdə olan mirası faktiki qəbul edən və hüquqi varisi kimi qıymətləndirilən Cavabdeh1 sərancamında və istifadəsində olan Biləsuvar şəhəri, Səməd Vurğun küçəsində yerləşən 52A saylı fərdi yaşayış evinə və torpaq sahəsi olan ipoteka əmlakına yönəldilməsi, ipoteka əmlakının ilkin likvid satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar filialı ilə cavabdeh Nağıyev Mehriban İman oğlu arasında bağlanmış xx.xx.2015ci il tarixli 4828 saylı kredit müqaviləsinə əsasən Nağıyev Mehriban İman oğluna 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 14.500 (on dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Nağıyev Mehriban İman oğluna məxsus Biləsuvar şəhəri, Səməd Vurğun küçəsində yerləşən 52A saylı fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuşdur. Fərdi yaşayış evinin və torpaq sahəsinin ipoteka qoyulması barədə Bank ilə Nağıyev Mehriban İman oğlu arasında 08 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Nağıyev Mehriban İman oğlu kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Borclunun kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etmədiyini nəzərə alaraq bank məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, e-2-2(121)- 1398/2022 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddia ərizəsinin qaytarılmasına səbəb, o olmuşdur ki, cavabdeh Nağıyev Mehriban İman oğlu xx.xx.2022-ci ildə vəfat etmişdir. Bank tərəfindən vəfat etmiş Nağıyev Mehriban İman oğlunun hüquqi varislərinin müəyən edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müfaviq addımlar atmışdır. Müəyyən edilmişdir ki, vəfat etmiş Nağıyev Mehriban İman oğlunun mümkün hüquqi varisləri qanuna müfaviq rəsmi şəkildə Bank qarşısında ipoteka ilə yüklü edilmiş miras əmlakını qəbul etməsələr də faktiki olaraq həmin miras əmlakını qəbul etmişlər və hal-hazırdada həmin əmlak onların sərancaminda və istifadəsindədir. Bu faktı Aəzrbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinina və Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinə ünvanlanmış sorğular üzrə Banka daxil olmuş xx.xx.2022 tarixli, **********91 saylı və xx.xx.2023-cü il tarixli, 5-391/2-2126/2023 saylı cavab məktubları ilə təsdiq edilir. Belə olan halda kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə Nağıyev Mehriban İman oğlunun Bank qarşısında olan öhdəliklərini mirası faktiki qəbul edən və hüquqi varisi kimi qıymətləndirilən Cavabdeh1 (həyat yoldaşı) və Cavabdeh2 (oğlu) tərəfindən icra olunmalı və Bank qarşısında birlikdə cavabdehlik daşımalıdırlar. Nağıyev Mehriban İman oğlu ilə imzalanmış xx.xx.2015-ci il tarixli 4828 (BLS**********5550003) saylı kredit müqaviləsi üzrə 4.362,10 (dörd min üç yüz altmış iki manat, 10 qəpik) manat məbləğində əsas borc, 641,10 (altı yüz qırx bir manat, 10 qəpik) manat məbləğində faiz borcu, 277,24 (iki yüz yetmiş yeddi manat, 24 qəpik) manat məbləğində cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə görə geciktirilmiş vaxt üçün hesablanan 1.030,73 (bir min otuz manat, 73 qəpik) manat faiz məbləği, ümumilikdə isə 6.310,73 (altı min üç yüz on manat, 73 qəpik) manat məbləğində borc ödənilməmiş qalmışdır. Ona görə də hesab edirlər ki, kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə Nağıyev Mehriban İman oğlunun Bank qarşısında olan öhdəliklərini mirası faktiki qəbul edən və hüquqi varisi kimi qıymətləndirilən Cavabdeh1 və Cavabdeh2 tərəfindən icra olunmalıdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********353 saylı, xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdehə kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 4828 saylı kredit müqaviləsindən görünür ki, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Nağıyev Mehriban İman oğluna kreditdən istifadəyə görə illik 6% borc faizləri ödəməsi şərtilə 36 ay müddətinə 14.500 manat məbləğdə kredit vermişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Nağıyev Mehriban İman oğluna məxsus Biləsuvar şəhəri, Səməd Vurğun küçəsində yerləşən 52A saylı fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuşdur. İş materiallarında olan Biləsuvar rayon notariat ofisinin 02 noyabr 2023-cü il tarixli № 1056 saylı sorğuya cavab məktubundan görünür ki, mərhum Nağıyev Mehriban İman oğlunun ölümündən sonra vərəsələri tərəfindən notariat ofisinə müraciət olunmadığından vərəsəlik işi açılmamış və müvafiq olaraq vərəsəlik şıhadətnaməsi verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən İddiaçı Açıq Səhmdar Cəmiyyəti, digər tərəfdən Nağıyev Mehriban İman oğlu olmaqla xx.xx.2015-ci il tarixli 4828 saylı kredit müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları ilə müəyyən olunur ki, borclu Nağıyev Mehriban İman oğlu qanunun yuxarıda göstərilən tələblərini pozaraq müqavilə şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2015-ci il tarixli 4828 saylı kredit müqaviləsi üzrə borclu Nağıyev Mehriban İman oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərinin alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İş üzrə Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli 4828 saylı kredit müqaviləsi üzrə iddia müddətinin keçməsinə görə bankın ona qarşı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. MM-in 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. MM-in 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı həmin müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən qərarda eyni zamanda qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. İş materiallarından isə görünür ki, xx.xx.2015-ci il tarixli 4828 saylı kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Nağıyev Mehriban İman oğluna 36 ay müddətinə 14.500 manat məbləğdə kredit verilmişdir. Müqavilə müddətinin xx.xx.2018-ci il tarixdə bitməsinə baxmayaraq İddiaçı Açıq Səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən hazırkı iddia məhkəmədə 01 avqust 2023-cü il tarixdə qaldırılmış və Cavabdeh1 iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında müəyyən etmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Beləliklə, iddiaçının məhkəməyə təqdim etdiyi sübutların məhkəmədə araşdırılması zamanı müəyyən edildi ki, Nağıyev Mehriban İman oğlu xx.xx.2015- ci il tarixli 4828 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-dən 36 ay müddətinə qaytarmaq şərti ilə 14500 manat məbləğdə kredit götürmüş və İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mərhum Nağıyev Mehriban İman oğlunun vərəsələri iş üzrə Cavabdeh1 qarşı iddia müddəti bitdikdən sonra, yəni 01 avqiust 2023-cü il tarixdə məhkəmədə müvafiq iddia irəli sürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2015- ci il tarixli 4828 saylı kredit müqaviləsindən irəli gələn iddia tələblərinə iddia müddəti tətbiq edilməli, iddiaçı ləğv prosesində olan «Zaminbank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbi barədə iddiası rədd edilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cəmi 6.310,73 (altı min üç yüz on manat, 73 qəpik) manat - bundan 4.362,10 (dörd min üç yüz altmış iki manat, 10 qəpik) manat məbləğində əsas borc, 641,10 (altı yüz qırx bir manat, 10 qəpik) manat məbləğində faiz borcu, 277,24 (iki yüz yetmiş yeddi manat, 24 qəpik) manat məbləğində cərimə borcu, AR MM-nin 445.7ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 1.030,73 (bir min otuz manat, 73 qəpik) manat faiz borcu, iş üzrə ödənilmiş 84 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyətdə olan mirası faktiki qəbul edən və hüquqi varisi kimi qıymətləndirilən Cavabdeh1 sərancamında və istifadısində olan Biləsuvar şəhəri, Səməd Vurğun küçəsində yerləşən 52A saylı fərdi yaşayış evinə və torpaq sahəsi olan ipoteka əmlakına yönəldilməsi, ipoteka əmlakının likvid qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq alıcıya təhvil verilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar