Məhkəmə qərarları › İş №e-2(022)-11/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-11/2025

12.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-11/2025 12.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Biləsuvar Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh istifadəsində olan “Changan UNİ-V” markalı, **-AM-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozmaqla mülkiyyətində olan “Mersedes Benz” markalı **-ZZ-*** dövlət nömrə nişanlı avtomobilinə vurduğu zərərin əvəzi olaraq 38188.66 manat, avtomobilə dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə “X3”nə ödənilmiş 700 manat, keyfiyyətli hüquqi xidmət alınması ilə əlaqədar olaraq vəkillə bağlanmış müqavilə əsasında 300 manat, ümumilikdə 39188.66 manat ziyanın və 214 manat məbləğində iddia ərizəsinin verilməsi məqsədi ilə dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 01:27 radələrində mülkiyyətində olan “Mersedes Benz” markalı **-ZZ-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Vaqif Prospekti ilə üzü S.Vurğun küçəsi istiqamətində hərəkət edən zaman orta zolaqla düzünə hərəkətini davam edib Xan Şuşunski küçəsinin kəsişməsində yol ayrıcını keçdikdə sol tərəfdən Xan Şuşunski küçəsi ilə düzünə hərəkət edən “Azərbaycan Avtomobil Evi”nin mülkiyyətində olan xx.xx.2023-cü il tarixli etibarnamə ilə Cavabdeh istifadəsində olan “Changan UNİ-V” markalı, **-AM-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi yol ayrıcında quraşdırılan stop nişanının tələbini pozaraq, dayanmadan hərəkətini davam edib yolun orta hissəsində onun avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində ona məxsus “Mersedes Benz” markalı **-ZZ-*** dövlət nömrə nişanlı avtomobilin sol hissəsi tam yararsız vəziyyətə düşdüyündən ona xeyli miqdarda maddi ziyan dəymişdir. Tərəfindən dərhal hadisə ilə əlaqədar “102 qaynar xətt” mərkəzinə məlumat verilmişdir. Hadisə yerinə gələn X7 əməkdaşları ilkin olaraq zəruri və qanuni tədbirlərini görmüş və bundan sonra izahatların alınması məqsədi ilə hər iki tərəf Nəsimi Rayon Polis İdarəsinə dəvət olunmuşdur. Nəticədə aparılmış olan araşdırmalardan sonra xx.xx.2024-cü il tarixli qərarla Cavabdeh yol nəqliyyat hadisənin törədilməsində təqsirli bilinərək, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş inzibatı protokolun icra olunması üçün Nəsimi rayon Polis İdarəsi Dövlət X8 göndərilməsi qərara alınmışdır. Bundan sonra mülkiyyətində olan avtonəqliyyat vasitəsinə dəymiş ziyanı müəyyən etmək üçün mütəxəssis dəvət edərək, maşına dəymiş ziyanın təqribən 35-45 min manat civarında olacağını demişlər. O, bu barədə Cavabdeh bildirəndə o, heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Məhz bundan sonra məhkəməyə müraciət etmək qərarına gəlmiş və avtomobilinə dəymiş ziyanı tam dəqiq müəyyən etmək məqsədi ilə Mersedes Benz-in Azərbaycandakı rəsmi dileri olan “X3”nə müraciət etmişdir. Mərkəz tərəfindən aparılan incələmədən sonra baş verən hadisə zamanı mülkiyyətində olan “Mersedes Benz” markalı **-ZZ-*** dövlət nömrə nişanlı avtomobilə 43188.66 AZN manat ziyan dəydiyi müəyyən edilmişdir. Buna görə tərəfindən “X3”nə 700 manat məbləğində xidmət haqqı ödənilmişdir. Bu ziyanla əlaqədar olaraq, Cavabdeh istifadəsində olan “Azərbaycan Avtomobil Evi”nə məxsus “Changan UNİ-V” markalı, 77- AM-822 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi “Azəri Sığorta” sığorta şırkətində icbari sığorta olunduğundan qeyd olunan ziyandan 5000 manat ona ödənilmişdir. Yəni hal-hazırda mülkiyyətində olan avtonəqliyyat vasitəsinə dəymiş 43.188.66 manat maddi zərərdən 38.188.66 manat cavabdeh tərəfindən ona ödənilmədiyinə görə o, avtonəqliyyat vasitəsini təmir edə bilmir. Ona görə də Cavabdeh istifadəsində olan “Changan UNİ-V” markalı, **-AM-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozmaqla mülkiyyətində olan “Mersedes Benz” markalı **-ZZ-*** dövlət nömrə nişanlı avtomobilinə vurduğu zərərin əvəzi olaraq 38188.66 manat, avtomobilə dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə “X3”nə ödənilmiş 700 manat, keyfiyyətli hüquqi xidmət alınması ilə əlaqədar olaraq vəkillə bağlanmış müqavilə əsasında 300 manat, ümumilikdə 39188.66 manat ziyanın və 214 manat məbləğində iddia ərizəsinin verilməsi məqsədi ilə dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil izahatında iddia tələbini müdafiə etdiyini, tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, ona görə də iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Nəsimi RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X2 12 fevral 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Nəsimi RPİ DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan “X3” MMC-nin ilkin təmir sifarişinə dair xx.xx.2024-cü il tarixli aktından görünür ki, sifariş olunmuş işlər üçün, yəni X1 məxsus “Mersedes Benz” markalı **-ZZ-*** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə ƏDV daxil olmaqla 43.188.66 manat ziyan dəymişdir. İş materiallarında olan № 77725 saylı ödəniş tapşırığından görünür ki, X1 “Azəri Sığorta” sığorta şırkəti tərəfindən 5000 manat ödəniş edilmişdir. İş materiallarında olan “X3” MMC-nin icra edilmiş xidmətlərə dair aktından görünür ki, avtomobilin diaqnostikası nəticəsində müştərinin TK-nin işi və sifarişi ilə göstərilən işlə bağlı göstərilən xidmət haqqı 700.05 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə ,huququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər ,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2024-cü il tarixli № 8/1710 saylı ekspert rəyində aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq göstərilmişdir ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkər onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayar zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdilmış servis şəraitində mütəxəsislər tərəfindər sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2025-ci il tarixli № 3-16-16/2-9/9112/2024 saylı məlumatdan görünür ki, iş materiallarına əlavə edilmiş qüsur aktında göstərilən ehtiyat hissələrinin qiyməti və satışı barədə məlumat olmadığından məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçının avtomobilinə vurulmuş zərərin tələb olunan həddə olmadığını göstərsə də, etirazını əsaslandıran məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələbindən görünür ki, iddiaçı vəkillə müqavilə bağlamaqla göstərilən hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 (üç yüz) manat pul vəsatinin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarnı araşdıraraq belə belə hesab edir ki, iddiaçının vəkilin hüquqi xidmətinə görə 300 manat pul tələbi göstərilən xidmətin həcmi nəzərə alınmaqla ədalətli və ağlabatan hesab edilə bilməz. Məhkəmə qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq belə hesab edir ki, işdə olan sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh təqsirli hrəkətləri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə iddiaçıya 38.188.66 manat həddində maddi ziyan dəymişdir. Ona görə də iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 38.188.66 (otuz səkkiz min yüz səksən səkkiz manat, altımış altı qəpik) manat, “X3”nə ödənilmiş 700 (yeddi yüz) manat, vəkilin hüquqi xidmətinə görə 150 (yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 214 (iki yüz on dörd) manat pul alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 38.188.66 (otuz səkkiz min yüz səksən səkkiz manat, altmış altı qəpik) manat, “X3”nə ödənilmiş 700 (yeddi yüz) manat, vəkilin hüquqi xidmətinə görə 150 (yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 214 (iki yüz on dörd) manat pul alınaraq İddiaçı verilsin. Aparılmış ekspertiza tədqiqatına görə Cavabdeh 50 (əlli) manat pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəməə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar