Məhkəmə qərarları › İş №e-2(022)-1132/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1132/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1132/2023 06.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakı ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı 26 iyul 2021-ci il tarixli, 33260***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borc qismində 6.201 manat 67 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 71 manat 97 qəpik, cərimə qismində 08 qəpik, cəmi 6.273 manat 72 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 91 manat 98 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı 26 iyul 2021-ci il tarixli, 33260***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borc qismində 7.077 manat 41 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 119 manat 09 qəpik, cərimə qismində 01 manat 04 qəpik, cəmi 7.197 manat 54 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 91 manat 98 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin məhkəmənin icraatında olduğu dövrdə cavabdehlərin qismən ödəniş etdiklərini bildirmiş və buna görə də iddia tələbinin həcminin azaldaraq, 26 iyul 2021-ci il tarixli, 33260***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borc qismində 6.201 manat 67 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 71 manat 97 qəpik, cərimə qismində 08 qəpik, cəmi 6.273 manat 72 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 91 manat 98 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə2məhkəmədə azaldılmış iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 26 iyul 2021-ci il tarixli, 33260***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən cavabdehə 48 ay müddətinə, illik 20% kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 10.000 manat məbləğində kredit verilmişdir. 26 iyul 2021-ci il tarixdə bağlanmış 33FİZAM180847802 saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 26 iyul 2021-ci il tarixli, 33260***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə Cavabdeh2 öhdəliklərinin icrasının təminatı olaraq zamin kimi çıxış etmişdir. Cavabdeh2 həmin kredit limiti razılaşması çərçivəsində iddiaçı bankdan aldığı krediti və ondan istifadəyə görə faizləri hissə-hissə iddiaçıya ödəməli olduğu halda öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehlərin 23 avqust 2023-cü il tarixə İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməmiş əsas borc qismində 7.077 manat 41 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 119 manat 09 qəpik, cərimə qismində 01 manat 04 qəpik, cəmi 7.197 manat 54 qəpik məbləğində borcları yaranmışdır. İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma), borcun qaytarılması təmin olunmamışdır. Mülki işin məhkəmədə baxılması dövründə cavabdehlər iddiaçıya yaranmış borclarından müəyyən miqdarda ödənişlər etmişlər və buna görə də sonuncuların hazırda iddiaçı banka 26 iyul 2021-ci il tarixli, 33260***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borc qismində 6.201 manat 67 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 71 manat 97 qəpik, cərimə qismində 08 qəpik, cəmi 6.273 manat 72 qəpik məbləğində borcları qalmışdır. Bununla əlaqədar iddiaçının səlahiyyətili nümayəndəsi kimi o, 02 noyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə müraciət etmişdir. 02 noyabr 2023-cü il tarixdən sonra məhkəmə qətnaməsi icraya yönəldilənədək cavabdehlər tərəfindən hər hansı ödənişlər həyata keçirilərsə, həmin məbləğlər qətnamənin icrası mərhələsində nəzərə alınacaqdır. Sonda, Nümayəndə2 26 iyul 2021-ci il tarixli, 33260***- *******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borc qismində 6.201 manat 67 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 71 manat 97 qəpik, cərimə qismində 08 qəpik, cəmi 6.273 manat 72 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 91 manat 98 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, Cavabdeh2 onun anasıdır. 26 iyul 2021-ci il tarixdə Cavabdeh2 İddiaçı açıq səhmdar cəmiyyətindən 10.000 manat məbləğində kredit götürmüş və o, həmin kredit müqaviləsi üzrə sonuncunun üzərinə düşən öhdəliklərini icra etməməsinə görə məsuliyyəti zamin qismində öz üzərinə götürmüşdür. O və Cavabdeh2 həmin kredit razılaşması üzrə ödənişləri vaxtında və tam qaydada icra edə bilməmişlər və buna görə də iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. O, hazırki mülki iş məhkəmənin icraatında olduğu müddətində iddiaçıya olan borcundan az miqdarda ödəniş etmişdir. Ona vaxt veriləcəyi təqdirdə o, iddiaçıya olan bütün borcunu bağlayacaqdır. Hazırda onun və anasının kredit müqaviləsi üzrə ödənişlərinin ödəniş qrafikinə uyğunlaşması üçün əlavə olaraq təxminən 500 manat çatışmır. Buna görə də onlar iş üzrə qətnamə çıxarılmasını istəmirlər və iddiaçı bankın onlara güzəştə getməsini xahiş edirlər. Çünki, qətnamə icraya yönəldilərsə, bu onun üçün və anası üçün əlavə maddi xərclərə səbəb olacaqdır. Sonda, Cavabdeh1 iddianın hazırda təmin edilməməsini və borcun ödəniş qrafikinə uyğunlaşması üçün onlara əlavə vaxt verilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və Cavabdeh1 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 iyul 2021-ci il tarixli, 33260***-*******02L saylı əsas kredit limiti razılaşmasının surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh2 istehlak tələbatlarının ödənilməsi məqsədi ilə 50.000 manat məbləğində 120 ay müddətinə, 26 iyul 2031-ci il tarixədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində Cavabdeh2 kredit verməyi öhdəsinə götürür. Kredit razılaşmasının 3.2-ci bəndinə əsasən İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən borcalana - Cavabdeh2 sonuncunun banka təqdim etdiyi ÖMTA-da (Öz müştəri tanı anketi) qeyd olunan mobil nömrəsinə özündə veriləcək kreditin məbləğini, illik faiz dərəcəsini, müvafiq xidmət haqqını və s. məlumatları əks etdirən SMS göndərir və borcalan SMS-də qeyd edilən məbləğdə və şərtlə kreditin verilməsinə razılığını ifadə etdikdən sonra (kredit verənin 9144 qısa nömrəsinə və ya +**********44 GSM nömrəsinə təsdiq SMS-nin göndərilməsi və s.) kredit vəsaiti verilir. Kredit razılaşmasının 3.1-ci bəndinə əsasən kredit kreditverən tərəfindən 424451**6942 nömrəli kart vasitəsi ilə borcalanın cari hesabına köçürülməklə verilir. Mülki işdə olan 26 iyul 2021-ci il tarixli, 33FİZAM180847802 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 26 iyul 2021-ci il tarixli, 33260***- *******02L saylı əsas kredit limiti razılaşması üzrə Cavabdeh2 öhdəliklərini icra etməməsinə görə məsuliyyəti zamin qismində öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş https://www.bankrespublika.az/ru saytından və 26 iyul 2021-ci il tarixli, 33260***-*******02L saylı əsas kredit limiti razılaşmasına Əlavənin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən 26 iyul 2021-ci il tarixdə, saat 17:42:32-də Cavabdeh2 istifadəsində olan GSM nömrəsinə “Hörmətli Cavabdeh2, İddiaçı açıq səhmdar cəmiyyəti Sizə 48 ay müddəətinə, illik 20 faiz dərəcəsi, 100 AZN komissiya ilə 10.000 AZN kredit təklif edir. Aylıq ödəniş 306 manat 39 qəpik olmaqla, hər ayın 8-dək ödənilməlidir. Kreditə razılıq vermək üçün 1, kreditdən imtina üçün 2 yazıb, 9144 qısa nömrəsinə və ya +**********44 nömrəsinə göndərin...” məzmununda SMS göndərmiş və Cavabdeh2 26 iyul 2021-ci il tarixdə, saat 17:44:57-də “1” yazaraq, İddiaçı açıq səhmdar cəmiyyətinə göndərməklə, həmin məbləğdə və şərtlərlə kredit verilməsinə razılığını bildirmişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin 26 iyul 2021-ci il tarixli, 33260***- *******02L saylı əsas kredit limiti razılaşması üzrə maliyyə arayışından görünür ki, Cavabdeh2 ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 26 iyul 2021-ci il tarixli, 33260***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh2 iddiaçı banka borcu 23 avqust 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 7.077 manat 41 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 119 manat 09 qəpik, cərimə qismində 01 manat 04 qəpik, cəmi 7.197 manat 54 qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh2 və A.S.Məmmədovun İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı 26 iyul 2021-ci il tarixli, 33260***-*******02L saylı əsas kredit limiti razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmələri və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehlərin iddiaçıya ödənilməmiş əsas borc qismində 7.077 manat 41 qəpik, 23 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 119 manat 09 qəpik, cərimə qismində 01 manat 04 qəpik, cəmi 7.197 manat 54 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər həmin Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müvafiq olaraq 26 iyul 2021-ci il tarixli, 33260***-*******02L saylı əsas kredit limiti razılaşması və eyni tarixli zaminlik mümqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə və kreditor müqavilə ilə nəzərdə tutulmuş hüququndan istifadə edərək, kredit vəsaitinin vaxtından əvvəl qaytarılmasını tələb etdiyinə görə 26 iyul 2021-ci il tarixli, 33260***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borc qismində 6.201 manat 67 qəpik, 02 noyabr 2023cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 71 manat 97 qəpik, cərimə qismində 08 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 91 manat 98 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 26 iyul 2021ci il tarixli, 33260***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 6.201 (altı min iki yüz bir) manat 67 (altmış yeddi) qəpik, 02 noyabr 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 71 (yetmiş bir) manat 97 (doxsan yeddi) qəpik, cərimə qismində 08 (səkkiz) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 91 (doxsan bir) manat 98 (doxsan səkkiz) qəpik, cəmi 6.365 (altı min üç yüz altmış beş) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti müştərək qaydada tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar